İran Azərbaycan ilə əlaqələrə xüsusi önəm verir

 

İranın rabitə və kommunikasiya texnologiyaları naziri Mahmud Vaezi noyabrın 7-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdə rəsmi Tehranın Azərbaycan ilə əlaqələrə xüsusi önəm verdiyini söyləyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana səfərinin əlaqələrimizin inkişafına təkan verdiyini bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Mahmud Vaezi İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləyib, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalarının zəruriliyini vurğulayıb.

Söhbət zamanı hər iki ölkənin prezidentlərinin görüşlərinin ikitərəfli əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malik olduğu bildirilib, Azərbaycan ilə İran arasındakı əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub.

Elmar Məmmədyarov ölkələrimiz arasındakı qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əlaqələrin inkişafının vacibliyini diqqətə çatdırıb, dostluğun və tərəfdaşlığın regional sülhə və tərəqqiyə xidmət etdiyini deyib.

Regional məsələlərlə bağlı fikir mübadiləsi zamanı Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzünün bölgənin inkişafı üçün əsas təhdid mənbəyi olduğunu bildirib. Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin zor tətbiq edərək dəyişdirilməsinin BMT Nizamnaməsi və beynəlxalq hüquqa görə qəbuledilməz olduğunu deyən xarici siyasət idarəsinin rəhbəri münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Görüşdə hökumətlərarası müştərək komissiya çərçivəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan. - 2014.- 8 noyabr.- S.2.