Gələn il İranda Azərbaycan mədəniyyəti
günlərinin keçirilməsi nəzərdə tutulur
Noyabrın
7-də mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev ölkəmizdə səfərdə olan İran
İslam Respublikasının rabitə və informasiya
texnologiyaları naziri, Azərbaycan ilə İran arasında
hökumətlərarası komissiyanın həmsədri Mahmud
Vaezi ilə görüşüb.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Ə.Qarayev Azərbaycanın qonşu və dost İranla əlaqələrinin tarixindən danışıb, bu əlaqələrin davamlı inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, dini, mədəni bağlılığımız digər istiqamətlərdə də əlaqələrin əsasını təşkil edir. Nazir gələn il İran İslam Respublikasında Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Səmimi qəbula görə minnətdarlığını bildirən iranlı qonaq Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizə dəfələrlə səfər etdiyini, xalqımızın ümummilli lideri, görkəmli siyasətçi Heydər Əliyevlə görüşdüyünü, burada xeyli dostluq əlaqələri qurduğunu bildirib. Mədəni münasibətlərin vacibliyinə diqqət çəkən Mahmud Vaezi qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb, xalqlarımızın bir-birini daha yaxından tanıması üçün mədəniyyətin mühüm vasitə olduğunu bildirib. O, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin bu günlərdə Azərbaycana səfər edəcəyini və əlaqələrin inkişafına töhfə verəcək bir sıra sənədlərin imzalanacağını qeyd edib.
İki ölkə arasında gediş-gəlişin daha rahat həyata keçirilməsi üçün viza rejiminin sadələşdirilməsinin faydalarından danışan iranlı nazir bunun qarşılıqlı turist səfərlərinin artmasına da təkan verəcəyini diqqətə çatdırıb. Eyni zamanda Azərbaycandan İranın bir sıra şəhərlərinə birbaşa hava uçuşlarının artırılmasının da əlaqələrin inkişafında rol oynayacağını bildirib.
Görüşdə Azərbaycan
və İranın bir sıra beynəlxalq
təşkilatlarda uğurla əməkdaşlıq
etdiyi, bir sıra layihələrdə
bir-birini dəstəklədiyi, ölkələrimizin
mədəni irs nümunələrinin UNESCO-nun irs
siyahılarında müştərək təmsil olunduğu qeyd olunub. Vurğulanıb ki,
iki ölkə arasındakı əlaqələr
bundan sonra da inkişaf etdirilməli,
qarşılıqlı səfərlər intensivləşməlidir.
Azərbaycan. - 2014.- 8 noyabr.- S.2.