Avropa İnvestisiya Bankı Azərbaycanın özəl banklarına kredit ayrılmasını davam etdirəcək

 

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev noyabrın 7-də Avropa İnvestisiya Bankının vitse-prezidenti Vilhelm Molterer ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Şahin Mustafayev Azərbaycanın beynəlxalq maliyyə və iqtisadi qurumlarla uğurla əməkdaşlıq etdiyini, Avropa İnvestisiya Bankı ilə əlaqələrinin da səmərəli olacağına əminliyini qeyd edib. Məlumat verilib ki, ötən il Brüsseldə Azərbaycan ilə Avropa İnvestisiya Bankı arasında Çərçivə Sazişi imzalanıb. Nazir Azərbaycanda qeyri-neft sektorunun inkişafının prioritet olduğunu, hazırda bir sıra infrastruktur layihələrinin həyata keçirildiyini və sənaye parklarının yaradıldığını, bu istiqamətlər, eləcə də digər sahələr üzrə bankla əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Avropa İnvestisiya Bankının vitse-prezidenti Vilhelm Molterer Bank ilə Azərbaycan arasında əməkdaşlığın qurulması baxımından Çərçivə Sazişinin imzalanmasının əhəmiyyətini vurğulayıb. V.Molterer deyib ki, bank kiçikorta sahibkarlığın inkişafı məqsədilə Azərbaycanın özəl banklarına kredit ayrılmasını davam etdirəcək və bununla bağlı müvafiq təkliflər təqdim olunacaq.

 

Azərbaycan. - 2014.- 8 noyabr.- S.2.