Azərbaycan-İran əməkdaşlığı bütün sahələrdə yüksələn xətlə inkişaf edir

 

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə noyabrın 6-da keçirilmiş görüşündə ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, Hökumətlərarası Komissiyanın sonuncu iclasında əldə olunmuş razılaşmalar üzrə görülən işlər, eləcə də əməkdaşlığın perspektivləri müzakirə edilib.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, nazir Şahin Mustafayev 2014-cü ildə Azərbaycan və İranın dövlət başçıları arasında keçirilmiş görüşlərin, aparılan danışıqların ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm əhəmiyyətini, hazırda iki ölkə arasında siyasi, iqtisadihumanitar sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

İranlı nazir Mahmud Vaezi ölkəsinin qonşu Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb, Azərbaycan-İran əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu ilin avqustunda keçirilmiş 9-cu iclasında əldə edilmiş razılığa uyğun olaraq, görülən işlərin gedişi barədə fikir mübadiləsi aparılıb, bir sıra sahələrdə ciddi irəliləyişlərə nail olunduğu vurğulanıb. Müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafı perspektivləri barədə hər iki tərəfin əlaqədar qurumlarının mütəmadi müzakirələr aparması məqsədəuyğun hesab edilib.

 

Azərbaycan. - 2014.- 8 noyabr.- S.2.