Naxçıvan Muxtar Respublikası Ali Məclisində orden, medal və fəxri adların təqdimatı mərasimi keçirilib

 

Noyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün, “Şöhrət” ordeninin, “Tərəqqi”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimatı mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları təbrik edərək deyib: “Hər bir ölkənin inkişafında onun insanlarının rolu əvəzsizdir. Əgər bir ölkədə sabitliyin təminatçısı dövlətdirsə, inkişafın da hərəkətverici qüvvəsi onun insanlarıdır. O ölkə inkişaf edir ki, orada sabitlik, inkişafbu inkişafın qarantı olan vətənpərvər insanlar vardır. Bu gün Azərbaycandakı sabitlik, sosial-iqtisadi inkişaf, həyata keçirilən tədbirlər ölkəmizin etibarlı gələcəyindən xəbər verir”.

Ali Məclisin Sədri deyib: “Azərbaycanda müxtəlif sahələri əhatə edən dövlət mükafatları təsis olunmuşdur. Fəaliyyətləri ilə seçilən, ölkəmizə və xalqımıza ləyaqətlə xidmət edən şəxslər bu mükafatlara layiq görülürlər. Bu gün təltif olunanlar da müxtəlif sahələrdə öz əməkləri ilə nümunə göstərən, fərqlənən insanlardır”.

Vasif Talıbov nümunəvi fəaliyyət göstərdiklərinə görə təltif olunanlara təşəkkürünü bildirib.

Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü, medalların, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.

Təltif olunanlardan İbad Əliyev, Qəmər Əliyeva, Xalidə Sadiqova, Valeh Seyidov, Kamil Abbasov, Yarməmməd Qafarov, Gülarə Abbasova, Rzaqulu Həsənov, Valeh Vəliyev, Almas Abbasova, Dezdemona Abdullayeva, Aidə Allahverdiyeva, Fatma Allahverdiyeva, Zemfira Babayeva, Sürəyya Ələkbərova, Nəzirə Əliyeva, Mehriban Həsənova və Kamaləddin İsmayılov minnətdarlıq edərək deyiblər ki, bu gün ölkəmizdə bütün sahələrin inkişafına qayğı göstərilir. Yaradılan müasir infrastruktur, əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlər sakinlər tərəfindən qürur hissi ilə qarşılanır. Bu inkişaf və tərəqqi insanların qurub-yaratmaq əzmini artırır, onların daha səylə çalışmasına stimul verir. Çəkilən zəhmətin dövlətimiz tərəfindən qiymətləndirilməsi isə qarşıya daha mühüm vəzifələr qoyur.

Təltif olunanlar bundan sonrakı fəaliyyətlərində də ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə sadiq qalacaqlarını, vətənpərvər ardıcıllar yetişdirəcəklərini, ölkəmizin, eləcə də muxtar respublikanın inkişafında yaxından iştirak edəcəklərini bildiriblər.

Sonda Ali Məclisin Sədri təltif olunanları qarşıdan gələn Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.

 

Azərbaycan. - 2014.- 8 noyabr.- S.3.