Azərbaycan Prezidenti İlham Əliyev
Avropa Olimpiya Komitəsinin Bakıda keçirilən 43-cü
Baş Assambleyasının rəsmi
açılışında iştirak edib
Noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işə başlayıb.
İki gün davam edəcək tədbirin rəsmi açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.
Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası qarşıdakı dövrdə həllini gözləyən bir çox məsələlərin müzakirə olunması və həyata keçirilməsi baxımından mühüm tədbirdir. Avropa ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin, beynəlxalq idman qurumlarının rəhbərlərinin iştirak etdikləri Assambleyada “Olimpiya Oyunları”, “Marketinq və rabitə”, “İdman hamı üçün”, “Olimpiya mədəniyyəti və irsi”, “Tibb və antidopinq”, “İdmanda gender bərabərliyi” və digər mövzularda hesabat məruzələri, o cümlədən ilk Avropa Oyunları barədə məlumat və “Bakı-2015” Əməliyyat Komitəsinin hesabatı da dinləniləcək. 2016-cı il Yay Olimpiya, XXIII Qış Olimpiya oyunlarına və Avropa Yeniyetmələrinin Olimpiya Festivalına hazırlıq işlərinin gedişi ilə bağlı hesabatlar da Assambleyanın gündəliyinə daxildir.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladılar.
Dövlət başçısı və xanımı Avropa Olimpiya Komitəsinin rəhbər heyəti ilə görüşdülər.
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasında çıxış etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
- Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Tomas Bax!
Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti cənab Jak Roqq!
Avropa
Olimpiya Komitəsinin prezidenti cənab Patrik Hikki!
Hörmətli
qonaqlar!
Xanımlar
və cənablar!
Əvvəlcə
Sizin hamınızı Azərbaycanda
salamlamaq istəyirəm. Avropa Olimpiya Komitəsinin
Baş Assambleyasının toplantısını Bakıda qəbul
etməkdən böyük şərəf hissi duyuruq.
Azərbaycan qədim tarixi, adət-ənənələri
və mədəniyyəti ilə seçilən ölkədir. Əminəm
ki, qonaqlarımız, - bilirəm, onların əksəriyyəti
ölkəmizə ilk dəfədir səfər edir, - həmçinin
Azərbaycanı daha yaxşı tanımaq, tarixi yerlərimizi
ziyarət etmək imkanını əldə edəcəklər.
Yeri gəlmişkən, onlardan bəziləri UNESCO
tərəfindən qorunur və dünya mədəni irsinin
bir hissəsidir.
Bununla belə, Azərbaycan müstəqil ölkə
kimi gəncdir.
Müstəqilliyimizin cəmi 23 yaşı var.
Əlbəttə ki, müstəqilliyimizin ilk illərində əsas
prioritet müstəqil ölkəni qurmaq, dövlətçiliyimizi
və müstəqilliyimizi möhkəmləndirmək və
siyasi təsisatları yaratmaq idi.
Avropa Olimpiya Komitəsinə üzv olmaq qərarı bu
Komitə tərəfindən çox müsbət
qarşılandı və prioritetlərimizi nümayiş
etdirdi. Avropa Olimpiya ailəsinə üzv olduqdan sonra Azərbaycan
Avropa təsisatlarına daha sürətlə inteqrasiya etməyə
başladı. Siyasi sistemimiz Avropanın
siyasi sisteminin modelidir. Çünki
bildiyiniz kimi, müstəqilliyimizi bərpa etdiyimiz vaxt siyasi
sistem, ümumiyyətlə, mövcud deyildi. Biz uğurları qazanmaq, müstəqillik fürsətini
qaçırmamaq üçün müstəqil dövlət
qurmalı, siyasi təsisatları yaratmalı, o cümlədən
güclü iqtisadiyyatı formalaşdırmalı idik.
Bu baxımdan Avropa Olimpiya ailəsinin hissəsi olmaq, həmçinin
bizə Avropa təsisatlarına fəal şəkildə
inteqrasiya imkanını yaratdı. Yeri gəlmişkən,
Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsindəki
sədrliyi bir həftə öncə başa çatıb.
Sədrliyimiz çox uğurla keçdi. Əlbəttə ki, 2001-ci ildə
reallaşmış Avropa Şurasına üzvlük bizə
islahatları davam etdirmək və Avropa dəyərlərini
ölkəmizdə təşviq etmək imkanını
yaratdı. Siyasi islahatlar Azərbaycan
üçün əsas prioritetlərdən biridir.
Güclü demokratik təsisatların qurulması bizim
üçün uğur şərtidir, çünki bizim bu
gün güclü iqtisadiyyatımız var. Lakin möhkəm
siyasi sistem olmadan inkişafımız görmək istədiyimiz
qədər sürətli ola bilməzdi.
Bir sözlə, demokratiyanın və əsas
azadlıqların təşviqi bizim üçün
prioritetdir. Azərbaycanda bütün əsas azadlıqlar təmin
edilib. Mətbuat azadlığı, azad
internet var. Vətəndaşlarımızın 70 faizdən
çoxu fəal internet istifadəçisidir. Toplaşmaq, təşkilatlanmaq azadlığı
tam təmin edilib. Azərbaycanda 500-dən
çox mətbu orqan fəaliyyət göstərir. Dini azadlıq tam təmin edilib. Ölkəmiz
hazırda dünyada multikulturalizmin əsas mərkəzlərindən
biri hesab olunur. Bir çox beynəlxalq tədbirlərin
keçirilməsi və həmin mühüm məsələnin
müzakirəsi ümumi əməkdaşlıq amalına və
dinlərarası dialoqa verilən töhfədir.
Eyni zamanda, biz müasir, özünü təmin edən
iqtisadiyyatın qurulması üçün ürəkdən
çalışırıq. Bu səbəbdən
iqtisadi islahatlar gündəliyimizdə olan məsələdir.
Son on il ərzində Azərbaycan
iqtisadiyyatı dünyada ən sürətlə artan
iqtisadiyyat olub. Ümumi daxili məhsulumuz
üç dəfədən çox artıb. Büdcə xərclərimiz iyirmi dəfədən
çox artıb. Biz yoxsulluğun səviyyəsini
49 faizdən 5 faizə qədər azalda bildik. İşsizlik isə 5 faizdən
aşağıdır. Maliyyə vəziyyətimiz
çox sabitdir.
Xarici borc ümumi daxili məhsulun yalnız 8 faizini təşkil
edir. İqtisadi islahatlarımız, həmçinin beynəlxalq
maliyyə təsisatları tərəfindən xüsusi olaraq
qeyd edilir. Yeri gəlmişkən, Davos
Dünya İqtisadi Forumu qlobal rəqabətədavamlılıq
baxımından ölkəmizi 38-ci yerdə qərarlaşdırıb.
Bu səbəbdən, iqtisadi
inkişafımızın aparıcı qüvvəsi, əlbəttə
ki, islahatlar oldu.
Eyni zamanda, Azərbaycan zəngin təbii ehtiyatlara malik
olan ölkədir. Təbii ehtiyatlardan səmərəli
istifadə, milli ehtiyatların insan kapitalına çevrilməsi,
həmçinin bizim üçün prioritet oldu. Gələcəyə
sərmayə, təhsil, sosial problemlərin həlli və
infrastrukturun yaradılması bizə
iqtisadiyyatımızı şaxələndirməyə imkan verdi.
Beləliklə, enerji təhlükəsizliyi məsələlərinə
gəldikdə, Azərbaycan bu gün Avropanın çox
mühüm tərəfdaşıdır. Avropa
İttifaqı ilə imzaladığımız sənədlər
aydın göstərir ki, Azərbaycan “Cənub” qaz dəhlizini
təşviq və təchiz edən, eləcə də
inşasını başlatdıran tərəfdir. Əslində, biz “Cənub” qaz dəhlizinin çəkilməsini
başlatdıran ölkə olduq. Təməlqoyma
mərasimi avropalı həmkarlarımın geniş
iştirakı ilə Bakıda iki ay öncə, sentyabrın
20-də təşkil edilmişdir.
Bir sözlə, enerji təhlükəsizliyi və
şaxələndirilməsi, əlbəttə ki, Avropa təsisatları
ilə gələcək münasibətlərimizdə əsas
rol oynayacaq. Avropa İttifaqı ilə əlaqələrimizi
ortaq dəyərlərə, qarşılıqlı hörmətə
və marağa əsaslanan, proqnozlaşdırılan,
çox güclü əlaqələr hesab edirik. Buna görə, fikrimizcə, bu münasibətlər
sivilizasiyaların dialoqunda mühüm rol oynaya bilər.
Çünki bu, coğrafi mövqeyimiz, tariximiz
və irsimizdən gəlir. Azərbaycan
coğrafi baxımdan Avropa ilə Asiya arasında yerləşir.
Mədəniyyət, çoxmədəniyyətli
və çoxkonfessiyalı cəmiyyət baxımından Azərbaycan
sivilizasiyalar dialoqunda mühüm rol oynayır.
Biz Avropa təsisatlarının üzvüyük. Eyni zamanda,
İslam Əməkdaşlıq Təşkilatının da
üzvüyük. Əslində,
dünyada nadir ölkələrdən biriyik ki, iki yüzdən
artıq ölkəni əhatə edən hər iki təşkilatın
üzvüyük. Avropa ilə münasibətlərimiz
sırf enerji təhlükəsizliyi ilə bağlı deyil.
Əməkdaşlığımızın daha
geniş əhatə dairəsi var. Hesab edirəm ki, bu əlaqələr,
artıq qeyd etdiyim kimi, regionumuzda, Avropa və Asiyada sabitliyin,
proqnozlaşdırmanın və əməkdaşlığın
gücləndirilməsində çox mühüm rol oynaya
bilər. Bizim buna ehtiyacımız var. Bizə
potensial riskləri azaltmaq üçün əməkdaşlıq
lazımdır. Əfsuslar olsun, risklər
hələ ki, burada mövcuddur, qapının
kandarındadır.
Azərbaycan, həmçinin beynəlxalq ictimaiyyətin
fəal üzvüdür. Cəmi 23 ildir ki,
müstəqil ölkə və BMT-nin üzvü
olmağımıza baxmayaraq, ölkəmiz açıq,
mehriban, etibarlı tərəfdaş olduğunu nümayiş
etdirə bildi. Bu səbəbdən Azərbaycan
155 ölkənin dəstəyi və səsi ilə BMT-nin Təhlükəsizlik
Şurasının 2012-2013-cü illər üçün
qeyri-daimi üzvü seçildi. İki il
ərzində biz dünyanın bir nömrəli beynəlxalq
qurumunun üzvü olduq. Təhlükəsizlik
Şurasına iki dəfə sədrlik etmişik. Bu, beynəlxalq ictimaiyyətin əksər hissəsinin
bizə, siyasətimizə verdiyi hərtərəfli dəstəyin
göstəricisidir. Siyasətimiz beynəlxalq
hüquqa və ədalətə əsaslanır, əməkdaşlığın
genişləndirilməsini və potensial risklərin
azaldılmasını nəzərdə tutur. BMT-nin Təhlükəsizlik Şurasının
üzvü olmaq Azərbaycanın beynəlxalq səhnədə
ən böyük diplomatik və siyasi qələbəsi idi.
Əslində, bu, göstərir ki, ölkə
daxilində atdığımız addımlar,
qonşularımıza və tərəfdaşlarımıza
aid siyasətimiz dünyada yüksək qiymətləndirilir.
Bu gün dünya daha çox əməkdaşlıq
və anlaşmaya, eləcə də mövcud və potensial təhlükələrin
azaldılmasına ehtiyac duyur.
Əlbəttə, Azərbaycan haqqında çox
söz söyləyə bilərəm. Lakin bilirəm
ki, vaxt məhduddur və daha çox idman və Olimpiya hərəkatının
inkişafı sahəsindəki siyasətimiz haqqında
danışmaq istərdim. Bu, Azərbaycan
üçün prioritetlərdən biridir. Biz Olimpiya dəyərlərinin təşviqi
üçün çox işlər görürük.
Bunlar dostluq, sülh və əməkdaşlıq
dəyərləridir. Eyni zamanda, biz
praktiki olaraq, müasir idman infrastrukturunun yaradılmasına
böyük sərmayələr qoyuruq. Son 10-15 il ərzində Azərbaycanda 50-dən
artıq müasir Olimpiya Mərkəzi tikilib. Yeri gəlmişkən,
ilk Olimpiya-İdman Mərkəzi Azərbaycanda 2000-ci ildə
tikilmişdir və Beynəlxalq Olimpiya Komitəsinin fəxri
prezidenti, o vaxt Avropa Olimpiya Komitəsinin prezidenti cənab Jak
Roqq həmin ilk idman mərkəzinin açılış mərasimində
iştirak etmişdir.
Həmin vaxtdan etibarən bu ənənə davam edir. Avropa Olimpiya
Komitəsinin indiki prezidenti, əziz dostumuz cənab Patrik Hikki
isə 2006-cı ildə ölkəmizin cənub bölgəsində
yerləşən şəhərlərimizdən birində
Olimpiya İdman Mərkəzinin açılışında
iştirak etmişdir. İdman
infrastrukturuna qoyulan sərmayələr atletlərimizin nəticələrində
əks olunub. Fərəhlənirik ki, Azərbaycan
idmançıları ölkəmizi beynəlxalq səhnədə
layiqincə təmsil edirlər. Londonda
keçirilmiş son Olimpiya Oyunlarında
idmançılarımız 10 medal qazanıb. Onlardan ikisi qızıldır. Ölkəmiz
bütün iştirakçılar sırasında 30-cu, Avropa
ölkələri arasında isə 15-ci oldu.
Bu il Nankində Yeniyetmələrin Olimpiya
Oyunlarında gənc idmançılarımız təxminən
200 ölkə sırasında 10-cu yeri tutmuşlar. Bu, müstəqilliyini
yalnız 23 il öncə qazanan, əhalisi
o qədər də çox olmayan ölkə
üçün tarixi nailiyyətdir. Onuncu yer o
deməkdir ki, biz dünyanın aparıcı idman ölkələri
sırasındayıq. Bu, Azərbaycanda
idmanın təşviqi, lazımi infrastrukturun
qurulmasının bariz nümunəsidir. London
və Nankində medal qazanmış bütün atletlər
müstəqillik illərində formalaşmış
idmançılardır. Müstəqillik
bizim üçün ən böyük dəyərdir. Bu gün Azərbaycan xalqı nəinki müstəqil
olmaqdan, BMT-də bayrağını qaldırmaqdan fərəhlənir.
O, həmçinin fərəhlənir ki, bu müstəqillik
ölkəyə uğurlar, sosial rifah və xalqımıza
çiçəklənmə gətirdi.
Bizim Avropa və dünya çempionatlarının
keçirilməsində təcrübəmiz var. Bu tədbirlər
Azərbaycanda dəfələrlə keçirilib. Lakin əlbəttə ki, gələn
il keçiriləcək Avropa Oyunları
bizim üçün ən yüksək səviyyəli idman
hadisəsinə çevriləcək. Fərəhlənirik
ki, ilk Avropa Oyunları məhz Azərbaycanda keçiriləcək.
Fürsətdən istifadə edərək,
Avropa Olimpiya Komitəsinin Baş Assambleyasına qəbul etdiyi
bu qərara görə bir daha minnətdarlığımı
bildirmək istəyirəm. Deyə bilərəm
ki, biz sizi sevindirəcəyik və bu Oyunların ən
yüksək səviyyədə hazırlanması və
keçirilməsi üçün əlimizdən gələni
edəcəyik. Baxmayaraq ki, vaxtımız
azdır. Hazırlıqlar üçün cəmi iki il yarım vaxt ayrılmışdır. Lakin xoşbəxtlikdən əvvəlki illərdə
idman infrastrukturuna qoyulmuş sərmayələr bir neçə
ay ərzində hazır olmaq imkanı yaratdı. Əlbəttə ki, bu, Avropada və bütün
dünyada nadir hadisə olacaq.
Hesab edirəm ki, biz bu Oyunların keçirilməsində
standartları müəyyən edəcəyik. Yəqin
artıq bilirsiniz ki, Oyunlarda 20 idman növü üzrə 6
mindən çox idmançı iştirak edəcək.
2016-cı ildə biz Dünya Şahmat
Olimpiadasını, 2017-ci ildə isə İslam Həmrəyliyi
Oyunlarını keçirəcəyik. Bu
da çox rəmzidir. Eyni ölkədə,
eyni şəhərdə iki ildə siz Avropa Oyunlarını,
sonra isə İslam Həmrəyliyi Oyunlarını seyr edəcəksiniz.
Bu, Azərbaycanın bugünkü
reallığını əks etdirir. Ölkəmiz
müasir və dinamikdir, əməkdaşlığa
açıqdır, sivilizasiyaların və qitələrin kəsişməsində
yerləşir, yaxşı potensiala, güclü dəstəyə
və gələcək üçün aydın planlara
malikdir.
Əminəm ki, qonaqlarımızın Azərbaycanı
daha yaxşı tanımaq imkanı olacaq. Mən Sizə
uğurlar arzulayıram və bu gün bizimlə olduğunuza
görə minnətdaram.
Sağ
olun.
* * *
Beynəlxalq
Olimpiya Komitəsinin prezidenti Tomas BAX çıxış edərək
dedi:
- Cənab
Prezident!
Hörmətli
birinci xanım Mehriban Əliyeva!
Avropa
Olimpiya Komitəsinin prezidenti!
Milli
Olimpiya komitələrinin prezidentləri!
Hörmətli
həmkarlar!
Həqiqətən də yenidən burada olmaqdan, bu
Assambleyanın işində iştirak etməkdən çox
məmnunam. Azərbaycan artıq mənim üçün
doğma bir məkana çevrilib.
Uzun illərdir ki, sizinlə bir arada olmaqdan, Avropa Olimpiya
Komitəsinin Baş Assambleyasının iclaslarında
iştirak etməkdən məmnun olduğumu bir daha dilə gətirmək
istəyirəm. Bir neçə həftə bundan əvvəl
biz Banqkokda Milli Olimpiya komitələrinin iştirakı ilə
Baş Assambleyanın illik toplantısını keçirdik.
İndi isə Azərbaycanda
görüşürük. Mən Azərbaycan
Respublikasının Prezidentini və birinci xanımını
bir daha salamlamaqdan məmnunam.
Cənab
Prezident, mən səmimi qəlbdən təbriklərimi Sizə
çatdırmaq istəyirəm. Mən bu təbriklərlə
Sizin ölkənizdə idmanın, təhsilin, təbii ki, Azərbaycan
cəmiyyətinin inkişafına göstərdiyiniz diqqət
və qayğını, verdiyiniz töhfələri təqdir
edirəm. Zənnimcə, burada bütün
tərəflər uğur qazanır. İdmana
yatırılan sərmayə, sadəcə, infrastrukturun
yaradılması ilə kifayətlənmir. Bu sərmayə, təbii ki, təhsilin də
inkişafında mühüm rol oynayır. Sizin gördüyünüz işlər, töhfələriniz
bütünlüklə cəmiyyətin inkişafına, təhsil
sisteminin daha da təkmilləşməsinə, daha səmərəli
olmasına müsbət təsir göstərməklə
yanaşı, idmançıların beynəlxalq
yarışlarda uğur qazanmalarına və dünya səviyyəsində
Azərbaycanın imicinin möhkəmlənməsinə səbəb
olur. Bütün bunların nəticəsidir
ki, Azərbaycan idmançıları beynəlxalq
yarışlarda çoxlu sayda medallar qazanırlar.
Gələn
il Azərbaycanda ilk Avropa Oyunları
keçiriləcək. Burada gördüklərimizdən
hamımız yekdilliklə belə bir qənaətə gələ
bilərik ki, bu Oyunlar müvəffəqiyyətlə
keçiriləcək. İlk Avropa Oyunları
gələcək yarışlar üçün böyük
bir uğur hekayəsi olacaq. Biz
idmançıların, atletlərin Avropa Oyunlarında
çox möhtəşəm nəticələr göstərəcəklərinə
əminik.
Həmçinin biz Azərbaycanın birinci
xanımı, Təşkilat Komitəsinin rəhbəri
Mehriban Əliyevaya minnətdarlığımızı
bildiririk. Dünən biz öyrəndik ki, Avropa Oyunları ilə
əlaqədar kifayət qədər zəngin mədəni tədbirlər
proqramı da hazırlanıb və həyata keçiriləcək.
Obrazlı şəkildə desək, bu da bizim
hamımıza çox qeyri-adi, nadir bir zövq verəcək.
Mən inanıram ki, idmanla mədəniyyət
tədbirlərinin vəhdəti çox maraqlı olacaq.
Bu maraqlı təşəbbüslərə və
göstərdiyi səylərə görə xanım Mehriban
Əliyevaya dərin minnətdarlığımızı
bildiririk.
Təbii ki, biz Baş Assambleyada bu yaxınlarda BMT tərəfindən
qəbul olunmuş davamlı inkişaf məqsədlərinə
dair qətnaməni də ətraflı müzakirə edəcəyik. Əlbəttə,
Azərbaycanın, Azərbaycan hökumətinin idmanın
yüksəlişinə dəstəyinin BMT-nin inkişaf məqsədlərinə
daxil edilməsi ilə bağlı məsələlər də
müzakirə olunacaq.
Cənab Prezident İlham Əliyev, göstərdiyiniz qətiyyətə,
yüksək iradəyə və dünənki
görüşümüzə görə Sizə bir daha minnətdarlığımı
bildirirəm.
Avropa idmanına gəldikdə isə, biz artıq
uğurlu bir ilin sonuna çatmışıq. Bildiyiniz kimi,
ilin əvvəlində Soçidə çox mükəmməl
Qış Olimpiya Oyunları keçirildi. Qeyd etməliyəm ki, Soçi Olimpiadası keyfiyyət
baxımından əvvəlki Qış Olimpiya
Oyunlarını üstələdi. Bundan
sonra Braziliyada futbol üzrə Dünya çempionatı
keçirildi. Amerika qitəsində
keçirilən bu çempionatda Dünya Kubokunu, səhv
etmirəmsə, Avropa komandası qazandı. Bayaqkı təbriklərinizə görə minnətdarlığımızı
bildiririk.
İdman aləmində uğurlarla zəngin olan daha bir
ilimiz başa çatmaq üzrədir. Biz
qarşıdan gələn ildə keçiriləcək
Avropa Oyunlarından da qələbələr gözləyirik.
Siz doğru qeyd etdiniz, gələn ilin birinci
yarısında Avstriyada və Lixtenşteyndə Avropa Yeniyetmələrinin
Qış Olimpiya Festivalı, ilk Avropa Oyunları isə məhz
burada, Bakıda keçiriləcəkdir. Ondan sonra
növbəti gənclər festivalı Gürcüstanın
paytaxtı Tbilisidə təşkil olunacaq. Gələn il də, sözün əsl mənasında, gərgin
qrafiki ilə seçiləcək bir idman ili olacaq. Ümidvaram ki, bu idman yarışları uğurla
keçiriləcəkdir. İnanıram
ki, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay
Olimpiya Oyunlarına idmançıları yüksək səviyyədə
hazırlaşdıra biləcəksiniz. Çünki
kifayət qədər vaxtınız var. Ümid edirəm ki,
həmçinin “Olimpiya-2020”-nin
proqramını da ərsəyə gətirə biləcəksiniz.
Biz buna inanırıq. İki həftədən
sonra Beynəlxalq Olimpiya Komitəsinin Monte-Karloda keçiriləcək
fövqəladə iclasında “Olimpiya-2020”-nin
proqramının təsdiq olunması gözlənilir. Beləliklə, bizim 43-cü Baş Assambleyada
çox məhsuldar və çox maraqlı keçəcək
müzakirələrdə sizin hamınıza uğurlar diləyirəm.
Ümid
edirəm ki, bu il olduğu kimi, gələn
il də idman yarışlarından kifayət qədər
zövq alacaqsınız. Qarşıdan gələn 2015-ci
ilin Avropa üçün çox uğurlu bir idman ili olacağına inanır və sizin
hamınıza uğurlar diləyirəm.
Ölkənizdə idmanla, gənclərlə
bağlı görəcəyiniz bütün işlərdə,
irəli sürəcəyiniz təşəbbüslərdə
sizin hamınıza bəri başdan uğurlar arzu edirəm. Sağ olun.
* * *
Avropa
Olimpiya Komitəsinin prezidenti Patrik HİKKİ
çıxış edərək dedi:
- Zati-aliləri,
cənab Prezident İlham Əliyev!
Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva!
Beynəlxalq
Olimpiya Komitəsinin prezidenti Tomas Bax!
Əziz
dostlar!
Böyük iftixar hissi ilə bir daha Bakıya gəlməkdən
məmnunluğumu ifadə edirəm. Cənab Prezident
İlham Əliyev, Mehriban xanım Əliyeva, məni və həmkarlarımı
belə səmimiyyətlə
qarşıladığınıza görə minnətdarlığımı
bildirirəm. Mən dəfələrlə Bakıda
olmuşam və hər dəfə buraya gələndə
sanki öz doğma evimə gəldiyimi hiss edirəm. “Eurovision” hamımızı ruhlandırıb.
Cənab Prezident Əliyev, Azərbaycan Milli Olimpiya Komitəsinin
rəhbəri kimi Sizə minnətdarlığımı
bildirirəm.
Avropa Olimpiya Komitəsinin 43-cü Baş
Assambleyasının gözəl, füsunkar Bakı şəhərində
mükəmməl səviyyədə təşkil etdiyinizə
görə minnətdaram. Bu, təbii ki, ən
yüksək standartlara cavab verir. Mən bunu gələn
il “Bakı-2015” ilk Avropa Oyunlarında da
görəcəyimizə inanıram.
Azərbaycanın birinci xanımı, Təşkilat
Komitəsinin rəhbəri Mehriban Əliyeva, bu gün bu tədbirdə
iştirakınıza görə Sizə öz minnətdarlığımızı
bildiririk.
Hörmətli əziz dostlar, Beynəlxalq Olimpiya Komitəsinin
prezidenti Tomas Baxın burada olması məni xüsusilə məmnun
edir. Biz
çox şadıq ki, siz çox gərgin iş qrafikinizdən
vaxt tapıb Avropa Olimpiya Komitəsinin Baş Assambleyasına təşrif
buyurmusunuz. Sizin hamınızdan cənab Tomas
Baxı Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasına
gəldiyinə görə sürəkli
alqışlamağı xahiş edirəm.
Ümid edirəm, hamınız Bakıda
olacağınız müddətdən zövq
alacaqsınız. Bakı çox füsunkar və ecazkar
bir şəhərdir. Burada əvvəl olmayanlar da əminəm,
bu səfərdən sonra yekdilliklə söyləyəcəklər
ki, Bakı, həqiqətən də, gələn il ilk Avropa Oyunlarını çox mükəmməl
səviyyədə, layiqincə keçirəcək. Azərbaycanın
ev sahibliyi əminəm ki, burada
qalacağınız günlərdə ürəyinizcə
olacaq. Amma çox da arxayın
olmamalıyıq, çünki görəcəyimiz işlər
də var.
Baş Assambleyanın toplantısı Olimpiya hərəkatında
çox mühüm bir məqama təsadüf edir. Məhz 14
aydır ki, Tomas Bax Beynəlxalq Olimpiya Komitəsinin prezidenti
seçilib və indi biz artıq onun rəhbərliyi ilə
çox mühüm tarixi bir məqama çatırıq -
2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarının
proqramı tezliklə müəyyənləşdiriləcək.
Cənab prezident Bax, biz Avropa Olimpiya Komitəsinin
rəhbərləri sizi dəstəkləyirik. Gəlin, öz işimizə başlayaq və
43-cü Baş Assambleyada atacağımız mühüm
addımlarla Avropa Olimpiya Komitəsinin zəngin tarixinə
öz töhfəmizi verək. Təşəkkür
edirəm.
* * *
Sonra Patrik Hikki Avropa Olimpiya Komitəsinin xatirə hədiyyələrini
Prezident İlham Əliyevə və xanımı Mehriban
Əliyevaya təqdim etdi.
* * *
Daha sonra
Patrik Hikki idman karyerası ərzində bir çox
uğurlara nail olan, dünyada idmanın inkişafında
mühüm xidmətlər göstərən, Olimpiya
ideallarına sadiqliyi ilə seçilən Beynəlxalq
Olimpiya Komitəsinin prezidenti Tomas Baxa Avropa Olimpiya Komitəsinin
“Şöhrət” medalını təqdim etdi.
Bununla da Baş Assambleyanın rəsmi hissəsi başa
çatdı.
AzərTAc
Azərbaycan.-2014.- 22 noyabr.- S.1-2.