Avropa Olimpiya
Komitəsinin 43-cü
Baş Assambleyasının
iştirakçılarının şərəfinə ziyafət
Noyabrın 21-də Heydər Əliyev Mərkəzində “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən Bakıda keçirilən Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının iştirakçılarının şərəfinə ziyafət verilib.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzinə gəldilər. Dövlət başçısı və xanımı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki ilə görüşdülər.
Sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış oldular. Məlumat verildi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan bu mərkəz dünya memarlığının nadir incilərindəndir. Fəaliyyətə başladığı vaxtdan Heydər Əliyev Mərkəzi Bakıda keçirilən çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Qonaqlara mərkəzdəki Heydər Əliyev Muzeyinin fəaliyyəti barədə də məlumat verildi. Bildirildi ki, bu muzey 2013-cü ildə fəaliyyətə başlayıb. Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarının əks olunduğu muzeydə ona aid fotoşəkillər, sənədlər və əşyalarla yanaşı, vaxtilə istifadəsində olan avtomobillər də saxlanır. O da qeyd olundu ki, Heydər Əliyev Mərkəzi Azərbaycan tarixini, adət-ənənələrini öyrənmək və təbliğ etmək istiqamətində bir sıra layihələr həyata keçirir. Bu baxımdan mərkəzdə təşkil olunan sərgi zallarında Azərbaycan tarixini və mədəniyyətini əks etdirən ekspozisiyalar təqdim olunur, bu da ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir məlumatlar verir.
Qonaqlar “Mini Azərbaycan”
sərgi zalında da oldular. Bildirildi ki,
bu layihə paytaxt Bakı və regionlardakı tarixi memarlıq abidələrinin tanıdılması
baxımından xüsusi
önəm kəsb edir. Hazırda sərgidə onlarla
tarixi binanın və memarlıq nümunəsinin maketi təqdim edilir. Ziyarətçilərə hər bir bina, onun memarlıq
üslubu haqqında məlumatlar, maraqlı faktlar çatdırılır.
Daha sonra
“Bakı-2015” birinci Avropa
Oyunları Təşkilat
Komitəsi tərəfindən
Avropa Olimpiya Komitəsinin Bakıda keçirilən 43-cü Baş
Assambleyasının iştirakçılarının
şərəfinə verilən
ziyafət mərasimi başladı.
Əvvəlcə Bakıda keçiriləcək
ilk Avropa Oyunları ilə bağlı videotəqdimat oldu.
Avropa Olimpiya Komitəsinin nümayəndəsi
Con Tibbs Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Avropa Olimpiya Komitəsinin 43-cü Baş
Assambleyasının yüksək
səviyyədə təşkil
olunmasına görə
bir daha minnətdarlığını bildirdi. Qeyd etdi ki, bugünkü mərasimin əhəmiyyətini artıran
mühüm amillərdən
biri də burada Avropanın ən yaxşı atletlərinə “Pyotr Nurovski” mükafatının
təqdim olunmasıdır.
Con Tibbs vurğuladı
ki, Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin
keçmiş üzvü,
Polşa Olimpiya Komitəsinin prezidenti vəzifəsində çalışmış
mərhum Pyotr Nurovskinin xatirəsinin əbədiləşdirilməsi üçün təsis olunan bu mükafat
idmançıların qazandığı
uğurların yüksək
səviyyədə tanınmasına
xidmət edir, atletlərə daha güclü rəqabət
aparmaq üçün
stimul verir.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də
çıxışında idmançılara uğurlar
arzuladı. Bildirdi ki, bu mükafat idmançıları
daha yüksək nailiyyətlər qazanmağa
həvəsləndirir. Bununla belə, gənc nəsli Olimpiya dəyərləri və prinsipləri əsasında
daha sağlam həyat tərzi keçirməyə dəvət
edir.
Sonra Avropa Olimpiya Komitəsinin “Pyotr Nurovski” mükafatının verilməsi
mərasimi başladı. İtaliyadan olan
üzgüçü Simone Sabioni 5 idmançı arasından Avropanın ən yaxşı atleti seçilərək
“Pyotr Nurovski” mükafatının qalibi
elan olundu. Qalan idmançılara da Avropa Olimpiya Komitəsinin mükafatları
təqdim edildi. Müxtəlif ölkələrin Milli Olimpiya komitələrinin nümayəndələri
qalib idmançıları
təbrik edərək
onlara yeni müvəffəqiyyətlər arzuladılar.
Xatirə şəkli çəkdirildikdən
sonra tədbir ziyafət mərasimi və konsert proqramı ilə davam etdirildi.
AzərTAc
Azərbaycan.-2014.- 22 noyabr.- S.3.