Azərbaycan-İran əlaqələri uğurla inkişaf edir
Azərbaycan
Respublikası Baş nazirinin müavini, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov
noyabrın 21-də İran İslam Respublikasının
ölkəmizdəki səfiri Möhsün Pakayin ilə
görüşüb.
Dövlət
Komitəsinin mətbuat xidmətindən AzərTAc-a verilən
məlumata görə, görüşdə iki dost və
müsəlman ölkə olan Azərbaycan ilə İran
arasında humanitar sahədəki əməkdaşlığın
xalqlarımızın mənafeyi naminə daha da inkişaf
etdirilməsi məqsədi ilə İranın kooperasiya, əmək
və sosial rifah naziri Əli Rəbiinin dəvəti əsasında
Əli Həsənovun rəhbərliyi etdiyi nümayəndə
heyətinin noyabrın 23-27-də İrana edəcəyi rəsmi
səfərlə bağlı müzakirələr
aparılıb.
Əli Həsənov görüşdə Azərbaycan ilə İran arasında münasibətlərin inkişafından danışıb. Diqqətə çatdırılıb ki, dərin köklərə malik olan əlaqələrimiz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf edib. Ümummilli Liderin siyasətini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də ölkələrimiz arasında əlaqələri uğurla inkişaf etdirir.
Bildirilib ki, son günlər ölkələrimiz arasında yüksək səviyyəli görüşlərin keçirilməsi münasibətlərin dinamik inkişafının bariz göstəricisidir.
Görüşdə Əli Həsənov cari ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyevin İrana, ötən həftə İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərini xatırladıb. Baş nazirin müavini səfər çərçivəsində keçirilən görüşləri, imzalanan sənədləri Azərbaycanla İran arasında dostluq, qarşılıqlı əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi dəyərləndirib. Əli Həsənov bildirib ki, ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdəki tarixi münasibətlər bu gün nəinki mehriban qonşuluq, hətta əsl dostluq və qardaşlıq münasibətlərinin nümunəsinə çevrilib.
Baş nazirin müavini qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün xalqımızın ən ağrılı və yeganə problemidir. O, dünya dövlətlərinin işğalçı Ermənistana heç bir təzyiq göstərməməsinin Azərbaycana qarşı ədalətsizlik olduğunu deyib. Bildirilib ki, böyük dövlətçilik tarixinə malik qonşu İran daim Azərbaycanın yanında olub. Ölkələrimiz arasındakı qarşılıqlı faydalı əməkdaşlıq müvafiq dövlət və hökumət qurumları arasında əlaqələrin genişlənməsinə də şərait yaradıb. İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın dözülməz vəziyyətlə üz-üzə qaldığı vaxtdan Azərbaycana humanitar yardım göndərən ilk dövlətlərdəndir ki, bunu da xalqımız heç vaxt unutmayacaq.
Əli Həsənov, həmçinin
İranın dövlət televiziya kanalına
bu ölkəyə nəzərdə tutulmuş səfəri, Azərbaycan-İran
münasibətləri və Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı müsahibə verib.
Azərbaycan.-2014.- 22 noyabr.- S.5.