İlk Avropa Oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək

 

Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Müxtəlif beynəlxalq turnirlər, bədii gimnastika, taekvondo, güləş, boks, karateolimpiya növlərinə daxil olan digər idman yarışlarının Azərbaycanda da keçirilməsi ölkəmizə böyük imic qazandırmışdır. Azərbaycanın Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Avropa Olimpiya Komitəsi (AOK) kimi nüfuzlu təşkilatlar və digər idman qurumları ilə sıx əlaqələri var. Son illər bu əlaqələr daha da genişlənmişdir. Bunu idman təşkilatları rəhbərlərinin Bakıya intensiv səfərləri və ölkəmizdə keçirilən mötəbər turnirlər də təsdiq edir.

Sevindirici haldır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin qazandığı nüfuz, göstərdiyi fəaliyyət beynəlxalq idman təşkilatları tərəfindən dəstəklənir və ən yüksək qiymətə layiq görülür. Azərbaycanın 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun, 2016-cı ildə Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və futbol üzrə AÇ-2020-nin final mərhələsinin 4 oyununun Bakıda keçirilməsi hüququnu əldə etməsi dünya idman ictimaiyyətinin ölkəmizə marağının artmasından irəli gəlir.

2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Oyunlarının paytaxtımızda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil. Avropa qitəsində ilk dəfə təşkil olunacaq bu mötəbər idman tədbirinin məhz Azərbaycana həvalə edilməsi beynəlxalq idman ictimaiyyətinin ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verdiyi yüksək qiymətdir.

Noyabrın 21-də Avropa Olimpiya Komitəsinin (AOK) 43-cü Baş Assambleyasının paytaxtımızda keçirilməsi də Azərbaycanda gedən hərtərəfli, sürətli inkişafın məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir olimpiya komplekslərinin və digər idman qurğularının inşası nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman tədbirlərinin keçirildiyi məkan, eyni zamanda dünyanın idman mərkəzlərindən biri olmuşdur. Hazırda Azərbaycan təkcə müəyyən kateqoriyalı beynəlxalq yarışlara deyil, həmçinin qitə və dünya çempionatlarına da ev sahibliyi edir.

Prezident İlham Əliyevin AOK-un 43-cü Baş Assambleyasında qeyd etdiyi kimi turnirlərdə qazanılmış hər bir uğur sadəcə olaraq hansısa bir qələbə deyildir: “Biz Olimpiya dəyərlərinin təşviqi üçün çox işlər görürük. Bunlar dostluq, sülh və əməkdaşlıq dəyərləridir. Eyni zamanda, biz praktiki olaraq, müasir idman infrastrukturunun yaradılmasına böyük sərmayələr qoyuruq. Son 10-15 il ərzində Azərbaycanda 50-dən artıq müasir Olimpiya Mərkəzi tikilib. Yeri gəlmişkən, ilk Olimpiya-İdman Mərkəzi Azərbaycanda 2000-ci ildə tikilmişdir və Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti, o vaxt Avropa Olimpiya Komitəsinin prezidenti cənab Jak Roqq həmin ilk idman mərkəzinin açılış mərasimində iştirak etmişdir... İdman infrastrukturuna qoyulan sərmayələr atletlərimizin nəticələrində əks olunub. Fərəhlənirik ki, Azərbaycan idmançıları ölkəmizi beynəlxalq səhnədə layiqincə təmsil edirlər. Londonda keçirilmiş son Olimpiya Oyunlarında idmançılarımız 10 medal qazanıb. Onlardan ikisi qızıldır. Ölkəmiz bütün iştirakçılar sırasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci oldu”.

Ümumiyyətlə, Olimpiya oyunlarında göstərilən nəticə yalnız dövlətin idman həyatının deyil, onun iqtisadi potensialının, ictimai, sosial-mədəni həyatının göstəricisidir. Olimpiya oyunlarında qazanılan yüksək nəticələr beynəlxalq miqyasda ölkənin imicini qaldırmaqla yanaşı, onun imkanlarını da nümayiş etdirir. Olimpiya oyunlarına ev sahibliyi etmək hər bir ölkənin arzusudur. Təsadüfi deyil ki, ev sahibliyi uğrunda çox ciddi mübarizə gedir.

AOK-un bu qərarının qəbul edilməsində əsas səbəb olan amillərə toxunan Prezident İlham Əliyev ölkəmizin bu tədbiri yüksək səviyyədə keçirəcəyini bildirib: “Bizim Avropadünya çempionatlarının keçirilməsində təcrübəmiz var. Bu tədbirlər Azərbaycanda dəfələrlə keçirilib. Lakin əlbəttə ki, gələn il keçiriləcək Avropa Oyunları bizim üçün ən yüksək səviyyəli idman hadisəsinə çevriləcək. Fərəhlənirik ki, ilk Avropa Oyunları məhz Azərbaycanda keçiriləcək. Fürsətdən istifadə edərək, Avropa Olimpiya Komitəsinin Baş Assambleyasına qəbul etdiyi bu qərara görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Deyə bilərəm ki, biz sizi sevindirəcəyik və bu Oyunların ən yüksək səviyyədə hazırlanması və keçirilməsi üçün əlimizdən gələni edəcəyik. Baxmayaraq ki, vaxtımız azdır. Hazırlıqlar üçün cəmi iki il yarım vaxt ayrılmışdır. Lakin xoşbəxtlikdən əvvəlki illərdə idman infrastrukturuna qoyulmuş sərmayələr bir neçə ay ərzində hazır olmaq imkanı yaratdı. Əlbəttə ki, bu, Avropadabütün dünyada nadir hadisə olacaq”.

Məlumat üçün onu da qeyd edək ki, “Bakı-2015” ilk Avropa Oyunlarının qitənin aparıcı şəhərlərində təqdimatı davam edir.

Bu günlərdə İstanbulun “Çırağan” sarayında “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış edərək qeyd edib ki, ölkəmiz müxtəlif beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük təcrübə əldə edib: “Azərbaycanda idmanın müxtəlif növləri üzrə dünyaAvropa çempionatları keçirilir. Bütün bu tədbirlərin ən yüksək səviyyədə hazırlığı həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən qeyd olunur. Bir sözlə, bütün bu amilləri - idmançılarımızın, atletlərimizin nailiyyətlərini, dövlət tərəfindən idmanın inkişafına möhkəm dəstəyi, mövcud idman infrastrukturunu və əlbəttə, ölkənin ümumi sürətli inkişafını nəzərə alaraq Avropa Olimpiya Komitəsi bu Oyunların məhz Azərbaycanda keçirilməsini qərara alıb”.

Bu gün dinamik inkişafına görə Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan, eyni zamanda, dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Lakin buna heç də asanlıqla nail olunmamışdır. Bu uğurun mərkəzində Azərbaycanda gənclərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunması, həmçinin gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün atılan addımlar dayanır.

Bütün bu göstəricilər Azərbaycanda idmanın dinamik inkişaf tempinə malik olduğunu, idman uğurlarının davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Yəni sadalanan uğurların əsasında idmana dövlət tərəfindən göstərilən yüksək səviyyəli qayğı durur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə, reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi bu istiqamətdə davamlı inkişafın əldə olunmasını təmin edir.

Gələn il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə təşkil ediləcək maraqlı və innovativ yarışlar olacaq. “Bakı-2015” Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növüdür. On yeddi yarış günündə Avropanın müxtəlif ölkələrindən 6 mindən çox idmançı öz ölkələrini təmsil edəcək.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 1-ci Avropa Oyunlarının Avropanın idman tarixində yeni bir səhifə açacağını, gələcək Oyunların səviyyəsini, standartlarını müəyyən edəcəyini bildirib: “Baxmayaraq ki, hazırlığa cəmi iki il yarım vaxt ayrılıb, Azərbaycan bu Oyunları yay olimpiya oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir və zəruri addımlar atılır. Biz güclü Təşkilat Komitəsi yaratmışıq. Beynəlxalq qurumlarla, Avropa Olimpiya Komitəsi, beynəlxalq idman federasiyaları ilə çox uğurlu əməkdaşlıq qurmuşuq, çoxsaylı könüllülərin köməyindən istifadə edirik. Ümidvaram ki, 1-ci Avropa Oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək”.

Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakının üzərinə qoyulması dövlətimiz üçün böyük önəm daşıyır. Oyunlar zamanı paytaxtımıza 10 minədək idmançının, məşqçinin, rəsmi şəxsin, jurnalistin gələcəyi gözlənilir. Yarış günlərində Avropanın, eləcə də dünyanın aparıcı telekanalları Bakıdan xəbərlər yayacaq, paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcək. Bundan başqa, Oyunlar Azərbaycanda digər sahələrin inkişafına da böyük təkan verəcək. Avropa Oyunlarının keçirilməsində əldə edəcəyimiz təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə şərait yaradacaq və təcrübəmizi artıracaq. Ən əsası isə, yay olimpiya oyunlarına təşkilatçılıq etmək şanslarımız artacaq.

Bütün bunlar bir daha təsdiq edir ki, beynəlxalq və iqtisadi əhəmiyyəti ilə seçilən Avropa Oyunları ölkəmizin yürütdüyü idman siyasətinə dünyada verilən önəmin təzahürüdür. Digər tərəfdən, bu, dünya idman aləminə əsas mərkəzlərdən biri kimi daxil olan ölkəmizdə idmana münasibətin hər zaman yüksək səviyyədə olmasının sübutudur.

 

Elçin CƏFƏROV

 

Azərbaycan. - 2014.- 23 noyabr.- S. 1.