“Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1088-IVQD
nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1088-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
18 noyabr 2014-cü il
Azərbaycan. - 2014.- 23 noyabr.- S.2.