“Hüquqi
şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 1, maddə 8; 2005, ¹ 1, maddə 1, ¹ 8, maddə 700; 2006, ¹ 2, maddə 70; 2008, ¹ 2, maddə 49; 2010, ¹ 4, maddə 265; 2012, ¹ 1, maddə 2, ¹ 7, maddə 651; 2013, ¹ 12, maddə 1479; 2014, ¹ 2, maddə 78, ¹ 7, maddə 769) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 4.2-1-ci maddə əlavə edilsin:
“4.2-1. Xarici dövlətlərin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycan Respublikasının ərazisində bir nümayəndəlik və ya filial yaradıla bilər.”.
2. 5.4.4-1-ci maddəyə “(təmsilçiləri)” sözündən sonra “, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin qanuni təmsilçisi (təmsilçiləri)” sözləri əlavə edilsin.
3. Aşağıdakı məzmunda 6.1.1-1-ci maddə əlavə edilsin:
“6.1.1-1. Xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin əsasnaməsində bu Qanunun 6.1.1-ci maddəsində göstərilən məlumatlardan başqa, həmçinin onu yaratmış təşkilatın qeydiyyatını aparmış qurumun adı, filial və ya nümayəndəliyin hüquqi ünvanı, fəaliyyətinin predmeti, rəhbərinin səlahiyyətləri göstərilməlidir.”.
4. 6.1.5-ci maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Xarici dövlətin qeyri-hökumət təşkilatının filialının və ya nümayəndəliyinin rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti göstərilməlidir;”.
5. Aşağıdakı məzmunda 6.1.6-cı maddə əlavə edilsin:
“6.1.6. xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin rəhbəri müavininin təyin edilməsi barədə sənəd.”.
6. 12.8.2-ci maddəyə “edilməsi” sözündən sonra “və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi” sözləri əlavə edilsin.
7. Aşağıdakı məzmunda 12.8.3-1-ci maddə əlavə edilsin:
“12.8.3-1. qeyri-hökumət təşkilatına və xarici dövlətlərin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası barədə, habelə fəaliyyətinin dayandırılması və bərpa edilməsi, ləğv edilmiş qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar;”.
8. 12.11-ci maddədə “hüquqi şəxsləri” sözləri “qurumları” sözü ilə əvəz edilsin.
9. 14.2.3-cü maddəyə “fəaliyyət ərazisi” sözlərindən sonra “, qurumun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan təsisçisinin (təsisçilərinin) daimi yaşamaq üçün icazə müddətinin bitməsi tarixi” sözləri əlavə edilsin.
10. 14.2.5-ci maddəyə “səlahiyyət müddəti” sözlərindən sonra “, qurumun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan qanuni təmsilçisinin (təmsilçilərinin) daimi yaşamaq üçün icazə müddətinin bitməsi tarixi” sözləri, “dayandırılmasına” sözündən sonra “və bərpa edilməsinə” sözləri əlavə edilsin.
11. Aşağıdakı məzmunda 16.10-cu maddə əlavə edilsin.
“16.10. Xarici dövlətin qeyri-hökumət təşkilatı digər təşkilatla birləşdikdə, qoşulduqda və ya özü bölündükdə, təşkilati-hüquqi formasını dəyişdikdə onun Azərbaycan Respublikasının ərazisindəki filialı və ya nümayəndəliyi ləğv edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
17 oktyabr 2014-cü il
Azərbaycan. - 2014.- 23 noyabr.- S.2.