Azərbaycan hökuməti
ilə BMT-nin Qaçqınlar üzrə
Ali Komissarlığı arasında əməkdaşlıq
müzakirə edilib
Azərbaycan
Respublikası Baş nazirinin müavini, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq
Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri
Əli Həsənov noyabrın 7-də BMT-nin
Qaçqınlar üzrə Ali Komissarlığının
(QAK) ölkəmizdəki nümayəndəliyinin rəhbəri
Daq Siqurdson ilə görüşüb.
Dövlət Komitəsindən AzərTAc-a bildiriblər ki, Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçildiyi vurğulanıb. Görüşdə bir daha bildirilib ki, Azərbaycan dövləti ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüb. Bütün bunlar da istər ali komissar, istərsə də QAK-ın digər rəsmiləri tərəfindən daim yüksək qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib. Elə bütün bunlara görədir ki, Azərbaycan ilə qarşılıqlı əməkdaşlıqda daim maraqlı olan BMT QAK ölkəmizin qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması, onların hüquqlarının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə beynəlxalq hüququn normaları çərçivəsində hüquqi-normativ sənədlərin hazırlanıb tətbiq olunması sahəsində qazandığı təcrübədən yararlanmağa da xüsusi önəm verir.
Bu qurumun Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin müsbət dəyərləndirildiyi görüşdə perspektiv əməkdaşlıq məsələləri də müzakirə olunub.
Görüşdə, həmçinin
Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərovun
və Şahbaz Quliyevin
üzərində qurulan qondarma
“məhkəmə prosesi”ndən, onların azad
edilməsi istiqamətində beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərin hələlik
heç bir nəticə
verməməsindən narahatlıq ifadə olunub.
Azərbaycan. - 2014.- 8 noyabr.- S. 2.