Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası

 rəsmi açılışdan sonra işini davam etdirib

 

Avropa Olimpiya Komitəsinin Bakıda keçirilən 43-cü Baş Assambleyası noyabrın 21-də rəsmi açılışdan sonra öz işini davam etdirib.

AzərTAc xəbər verir ki, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki qitədə sülhünsabitliyin təmin olunmasında idmanın rolunu vurğulayıb. O, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına ev sahibliyini üzərinə götürdüyünə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. P.Hikki Oyunlarla bağlı yaradılan Təşkilat Komitəsinin yüksək səviyyədə fəaliyyət göstərdiyini qeyd edib, Komitədə çoxlu sayda mütəxəssis və ekspertin təmsil olunduğunu bildirib. AOK prezidenti ilk Avropa Oyunlarını xüsusi idman tədbiri adlandıraraq, buraya qeyri-Olimpiya idman növlərinin də daxil edildiyini söyləyib. Diqqətə çatdırılıb ki, bu, nəinki idman, həm də sosial tədbirdir. Burada sülh, əmin-amanlıq təşviq ediləcək. Əsas məqsəd isə ən yaxşıların qalib gəlməsidir.

Bu baxımdan antidopinq məsələlərinə də toxunulub, bunun qarşısının alınması üçün Olimpiyaidman hərəkatının bir sıra tədbirlər gördüyü qeyd edilib. AOK prezidenti 2019-cu ildə keçiriləcək növbəti Avropa Oyunları ilə bağlı da artıq danışıqlara başlanıldığını diqqətə çatdırıb.

AOK-un baş katibi Rafaelle Paqnozi çıxışında ölkəmizin gözəlliyini, xalqımızın qonaqpərvərliyini xüsusi vurğulayıb, 43-cü Baş Assambleyaya yüksək səviyyədə ev sahibliyi etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. O, AOK-un son bir ildə gördüyü işlərlə bağlı hesabatı təqdim edib, Milli Olimpiya komitələrinə göstərilən dəstək, aparılan danışıqlar və keçirilən görüşlərdən danışıb. R.Paqnozi 2019-cu ildə baş tutacaq növbəti Avropa Oyunlarının Komissiyasının artıq indidən yaradılmasının önəmini vurğulayıb. AOK-un baş katibi Soçidə keçirilən son Olimpiya Oyunlarının yüksək səviyyədə təşkil edildiyini, bu oyunları çoxlu sayda kütləvi informasiya vasitəsinin işıqlandırdığını söyləyib. Azərbaycan Milli Olimpiya Komitəsinə də xüsusi təşəkkürünü bildirən R.Paqnozi birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı bir çox işlərin yerinə yetirildiyini deyib. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinə bu tarixi anı reallığa çevirdiyinə görə minnətdarlığını bildirib.

İdmanın müstəqilliyindən söz açan Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bu sahənin davamlı inkişafda oynadığı rolu, BMT və digər beynəlxalq təşkilatlarla əlaqələrini vurğulayıb. Qeyd edilib ki, hər bir ölkədə idmanın inkişafına xüsusi diqqət yetirilməlidir. Tomas Bax 2020-ci ildə baş tutacaq növbəti Olimpiya Oyunlarının gündəliyinin müzakirəsinin əhəmiyyətini qeyd edib, qərarların qəbul olunması vaxtının artıq çatdığını bildirib. Olimpiya hərəkatında fəal olmağın vacibliyini diqqətə çatdıran Tomas Bax ilk Avropa Oyunları ilə bağlı təşkilati işləri xüsusi vurğulayıb, bu Oyunların möhtəşəmliyi ilə fərqlənəcəyinə əminliyini ifadə edib.

Avropa Olimpiya Komitəsinin xəzinədarı Kiklis Lazardes maliyyə məsələləri ilə bağlı hesabatla çıxış edib.

Sonra Avropa Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyinin direktoru Pere Miro icra edilən proqramlar barədə məlumat verib. Olimpiya Həmrəyliyi ilə bağlı qısa filmnümayiş etdirilib.      

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idman sahəsində həyata keçirilən işlərdən danışıb. Bildirib ki, Azərbaycan bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də inkişaf edibbirinci Avropa Oyunlarının Bakıda keçirilməsi heç də təsadüfi deyil. Çünki ölkəmiz Avropa Oyunlarına tam hazırdır.

BOK-un baş əməliyyat mütəxəssisi, “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin  əhəmiyyətindən danışıb. Bildirilib ki, Azərbaycan beynəlxalq yarışın keçirilməsi üçün hazırlıq işlərini yüksək səviyyədə görür.

Konfransda Avropa Oyunlarının yayımı, təhlükəsizlik məsələləri, keçiriləcək yarışların təşkili və digər məsələlər müzakirə edilib.

Tədbir çərçivəsində Azərbaycanın idman sahəsindəki inkişafından bəhs edən film də nümayiş olunub. 

 

Azərbaycan.-2014.- 22 noyabr.- S.9.