Dağıstanda keçirilən müşavirədə Azərbaycandakı multikultural mühitdən bəhs edilib

 

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Rusiya Federasiyasının Dağıstan Respublikasının milli siyasət məsələləri üzrə naziri Tatyana Qamaleyin dəvəti ilə Dağıstan Respublikasına səfər edib.

AzərTAc xəbər verir ki, Kamal Abdullayev Dağıstan əsilli sahibkar və sənayeçilərin I respublika forumu çərçivəsində xaricdə yaşayan həmvətənlərin ictimai təşkilatlarının Əlaqələndirmə Şurasının “Dağıstan xalqlarının mədəniyyətinin, ənənələrinin qorunması və inkişafı üzrə həmvətənlərin ictimai təşkilatlarının qarşısında duran məsələlər” mövzusunda keçirilmiş müşavirədə çıxış edib. Dövlət müşaviri çıxışında Azərbaycanda mövcud olan multikultural mühit, tarixi tolerantlıq ənənələrinin bu gün də xalqımız və dövlətimiz tərəfindən qorunub yaşadılmasından bəhs edib.

Azərbaycandan olan milli-etnik toplumların nümayəndələrinin vaxtilə ümummilli lider Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin hər bir azərbaycanlının rəğbət bəslədiyi və dəstəklədiyi bir siyasət həyata keçirməsi haqqında söylədikləri fikirlərə haqq qazandıran Kamal Abdullayev Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təsis edildiyini, ölkəmizdə dini və milli ayrı-seçkiliyin hüquqi baxımdan tamamilə aradan qaldırılması üçün mükəmməl hüquqi bazanın yaradıldığını diqqətə çatdırıb.

Müşavirədə Azərbaycan ilə Dağıstan arasında dostluq və qardaşlıq münasibətlərinin həm prezidentlər səviyyəsində, həm də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr nəticəsində daha da mükəmməlləşdiyi bildirilib, təkcə iqtisadi deyil, mədəni, mənəvi baxımdan əlaqələrin gücləndirilməsi və gələcəkdə birgə layihələrin reallaşdırılması məsələləri də müzakirə edilib, müxtəlif təkliflər səsləndirilib.

 

Azərbaycan. - 2014.- 23 noyabr.- S. 5.