Şərur rayonunun Dizə kəndində quruculuq işləri aparılıb

 

Dizə kənd məktəbi müasir binada fəaliyyət göstərəcək

 

Noyabrın 22-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Dizə kənd tam orta məktəbinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışında iştirak edib.

Məktəbin direktoru Cəmilə Məmmədova çıxış edərək deyib ki, bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində, eləcə də Şərur rayonunda müasir təhsil infrastrukturu yaradılıb. Dizə kənd məktəbinin yenidən qurulması da bu sahədə görülən işlərin tərkib hissəsidir. Yaradılan şərait pedaqoji kollektiv üzərinə daha böyük vəzifələr qoyur, gənclərin hərtərəfli təhsil almasına imkan verir. Cəmilə Məmmədova yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dizə kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: “Ölkəmizdə həyata keçirilən tədbirlər sırasında təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir, təhsilli, vətənpərvər, ixtisaslı və peşə hazırlığına malik olan gənclərin yetişdirilməsi diqqət mərkəzində saxlanılır. Çünki təhsilə qoyulan sərmayə ölkəmizin gələcəyinə qoyulan sərmayədir”.

Ümummilli liderimiz Heydər Əliyevin “Təhsil milli məqsədlər, mənafelər əsasında qurulmalıdır” fikrini xatırladan Ali Məclisin Sədri deyib: “Vətənpərvər və təhsilli gənc həm ölkə, həm də cəmiyyət üçün faydalıdır. Ona görə də gənclərin vətənpərvər böyüdülməsi, onların peşə sahibi olması vacib məsələdir. Bu gün məktəblərdə təhsil alan hər bir gənc vətənpərvər böyüdülməli, onlara ölkəmizin gələcək təminatçıları kimi yanaşılmalı, hər bir gəncin bacarıq və maraqlarına uyğun ixtisaslara yönəldilməsi diqqət mərkəzində saxlanılmalıdır”.

Qeyd olunub ki, ölkəmizdə bu tədbirlərin həyata keçirilməsi üçün hər cür şərait yaradılıb, orta, peşə, orta ixtisasali təhsil pillələri üzrə tədrisin təşkili təmin olunub. Bu imkanlardan lazımınca yararlanan, daha yaxşı bilik alan gənclər xarici ölkələrdə ali təhsil almağa göndərilirlər. Yaradılan bu şərait və göstərilən qayğı müəllim və şagirdlər qarşısında mühüm vəzifələr qoyur. Müəllimlər ölkəmizin gələcəyini hazırlamaq kimi mühüm bir vəzifənin məsuliyyətini dərk etməli, gənclərimiz isə ölkəmizin gələcək təminatçıları kimi yetişməlidir.

Ali Məclisin Sədri deyib: “Bu gün Dizə kənd tam orta məktəbində lazımi şərait yaradılmış, məktəb müasir təhsil sisteminin tələbləri səviyyəsində qurulmuş, zəruri tədris avadanlıqları ilə təmin olunmuşdur. Bütün bunlar da qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir. Ötən tədris ilində məktəbin qazandığı nailiyyətlər tədrisin düzgün qurulması nəticəsində mümkün olmuşdur. Nizam-intizam, müəllim tələbkarlığı və şagird çalışqanlığı gələcəkdə Dizə kənd tam orta məktəbini muxtar respublikanın nümunəvi ümumtəhsil məktəblərindən birinə çevirəcəkdir”.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkürünü bildirib, onlara təhsildə uğurlar arzulayıb.

Açılışı bildirən lent kəsilib, məktəb binasına baxış olub.

Bildirilib ki, 234 şagird yerlik məktəbdə geniş sinif otaqları, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompyuter, şahmat, müəllimlər otaqları, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları var.

Məktəbin zəngin fonda malik olan kitabxanası şagirdlərin elmin sirlərinə dərindən bələd olmalarına geniş imkanlar açır. Kitabxanada 4700-ə yaxın dərslik və bədii ədəbiyyat var. Baxış zamanı şagirdlərin dünyagörüşünün formalaşmasında bədii ədəbiyyatlardan mütaliənin əhəmiyyəti qeyd olunub.

Məktəbdə informasiya texnologiyaları ilə təminata xüsusi diqqət yetirilib. Kompyuter otağında 19 kompyuter dəsti quraşdırılıb və onların internetə çıxışı təmin edilib. Dərslərin müasir metodlar əsasında təşkili üçün 3 sinif otağında elektron lövhə quraşdırılıb. Bu cür müasir tədris avadanlıqlarının tətbiqi Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin yaradılmasına, şagirdlərin biliklərinin və milli mənəvi irsimizə marağının artırılmasına imkan verir.

Ali Məclisin Sədri muxtar respublikanın 176 ümumtəhsil məktəbi ilə Hüseyn Cavidin Ev Muzeyi arasında videobağlantı vasitəsilə keçirilən dərsi izləyib.

Kimya-biologiyafizika laboratoriyalarında lazımi cihazlar, tədris vəsaitləri qoyulub, təcrübi məşğələlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Bütün bunlar şagirdlərin biliklərinin təcrübə yolu ilə möhkəmləndirilməsinə və intellektual səviyyələrinin artırılmasına öz töhfəsini verəcək.

2013-2014-cü dərs ilində məktəbi bitirən məzunlardan 5-i ali məktəblərə, 1-i IX sinif bazasından orta ixtisas məktəbinə, 2 şagird isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.

Muxtar respublikada gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, onların idmana olan marağının artırılması, eləcə də asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Bu işə ümumtəhsil məktəblərində də xüsusi diqqət yetirilir. Dizə kənd tam orta məktəbinin idman zalındakı şərait, həmçinin açıq idman qurğuları bədən tərbiyəsi dərslərinin yüksək səviyyədə tədrisinə imkan verəcək. Hər cür təchizata malik olan hərbi kabinədə isə şagirdlər ilkin hərbi biliklərə yiyələnəcəklər.

Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib: “Dizə kənd orta məktəbi müasir tədrisin tələbləri səviyyəsində qurulmuşdur. Ona görə də müəllimlər özləri də bu tədris vəsaitlərini öyrənməlidirlər ki, şagirdlərə də öyrədə bilsinlər. Vətənpərvər və təhsilli olan gənc hansı sahədə çalışmasından asılı olmayaraq ölkəmizə sədaqətlə xidmət edəcəkdir”.

Məktəbin müəllimi Rüxsarə Əliyeva minnətdarlıq edərək deyib ki, istifadəyə verilən hər bir müasir məktəb binası Vətənimizə, xalqımıza xidmətin daha bir ifadəsidir. Hər bir ölkənin inkişafı ilk növbədə onun təhsilinin səviyyəsi ilə ölçülür. Bu gün muxtar respublikamızda təhsilin hərtərəfli inkişafı üçün kompleks işlər görülür, hər cür maddi-texniki bazaya malik məktəb binaları tikilib istifadəyə verilir. Müəllimlər yaradılan bu şəraitə öz səmərəli fəaliyyətləri ilə cavab verəcək, təhsilli və vətənpərvər gənclər yetişdirəcəklər.

Məktəb binasının həyətində də geniş abadlıq işləri aparılıb, işıqlandırma sistemi quraşdırılıb, ağac və gül kolları əkilib.

 

Dizə kənd mərkəzi istifadəyə verilib

 

Dizə kəndində tikilən yeni kənd mərkəzi ayrı-ayrı dövlət strukturlarının vahid mərkəzdə fəaliyyətinə şərait yaradacaq. Artıq dövlət qurumları tərəfindən kənd sakinlərinə daha səmərəli xidmət göstəriləcək.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzinin açılışını edib, binada yaradılan şəraitlə tanış olub.

İki mərtəbədən ibarət olan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, kitabxana, baytarlıq və polis sahə məntəqələri, kənd mədəniyyət evi, klub və 70 yerlik tədbirlər zalı yerləşir. Özünəməxsus üslubda tikilən binanın işıqlı foyesi, geniş və yaraşıqlı otaqları var. Tədbirlər zalında ictimai-mədəni tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb.

Binada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik və kənd bələdiyyəsinin fəaliyyəti üçün hər cür şərait var. Rabitə evində quraşdırılan yeni nəsil ATS və poçt şöbəsi əhaliyə müvafiq xidmət göstərəcək.

Yeni Azərbaycan Partiyası Dizə kənd ərazi ilk təşkilatı üçün də ayrıca otağı ayrılıb. Baxış zamanı qeyd olunub ki, ərazi ilk təşkilatının 167 üzvü var. Onlardan 37-si qadın, 39-u isə gənclərdir.

Mərkəzin birinci mərtəbəsində yerləşən zəngin kitabxanada 5705 kitab var. Onlardan 1106-sı latın, 4599-u kiril əlifbası ilə çap olunmuş bədii ədəbiyyatlardır. Binada baytarlıq və polis sahə məntəqələri üçün də nümunəvi şəraiti yaradılıb.

Dizə kəndində xəstəxana tipli yeni həkim ambulatoriyası tikilib

Muxtar respublikada səhiyyə sahəsində aparılan quruculuq tədbirləri əhalinin sağlamlığının qorunmasına xidmət edir. Son illər kəndlərdə digər sosial obyektlərlə yanaşı, müasir tibb ocaqlarının da istifadəyə verilməsi sakinlərə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinə şərait yaradıb.

Noyabrın 22-də Dizə kəndində həkim ambulatoriyasının açılışı olub.

Ali Məclisin Sədri ambulatoriyada yaradılan şərait və əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti ilə maraqlanıb.

İkimərtəbəli ambulatoriya binası 11 otaqdan ibarətdir. Burada qeydiyyat, stomatoloji kabinə, peyvənd, doğuş, müayinə, mama, palatamanipulyasiya otaqları, aptek var. Otaqların hər birinin təyinatına uyğun müasir avadanlıqlarla təchiz olunması tibbi xidmətin nümunəvi təşkilinə imkan verəcək. Hazırda ambulatoriyada 7 nəfər çalışır.

Ali Məclisin Sədri uşaqların dispanserizasiyasının təşkilinin əhəmiyyətini vurğulayıb, gigiyenik qaydalara əməl olunması və profilaktik tədbirlərin vaxtlı-vaxtında aparılması barədə tapşırıqlar verib.

 

Xidmət mərkəzində nümunəvi şərait yaradılıb

 

Həmin gün Dizə kəndində yeni xidmət mərkəzinin də açılışı olub.

Xidmət mərkəzində yaradılan şəraitlə maraqlanan Ali Məclisin Sədrinə məlumat verilib ki, mərkəzdə ərzaq və təsərrüfat malları mağazaları, ət satışı yeri, bərbərxana və qadın gözəllik salonu fəaliyyət göstərir. Mərkəzdə 5 nəfər işlə təmin olunub.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri deyib ki, aparılan quruculuq işləri nəticəsində Dizə kəndi də muxtar respublikanın abad kənd yaşayış məntəqələrinin sırasına qoşulub. Bu gün kənd sakinlərinin bütün sosial problemləri həll olunub. Həyata keçirilən tədbirlər kənddə uşaqların yaxşı təhsil almasına, sakinlərin sağlamlığının qorunmasına, dövlət qurumlarının səmərəli fəaliyyətinə imkan verəcək. Həmçinin kənddə elektrik enerjisinin və təbii qazın davamlı olması üçün tədbirlər görülüb, kənd yolu müasir tələblər səviyyəsində yenidən qurulub, içməli su xətti çəkilib. Bütün bunlar dövlətimizin vətəndaşlarına göstərdiyi qayğının daha bir nümunəsidir. Sakinlər də bu yaradılanlardan, qurulanlardan səmərəli istifadə etməli, onların qorunub saxlanmasında fəallıq göstərməlidirlər.

Kənd sakini Suliddin Fərəcov qeyd edib ki, son illər Dizə kəndində geniş quruculuq işləri aparılıb. Kənd körpüsü yenidən qurulub, sosial qayğıya ehtiyacı olan ailələr üçün fərdi evlər tikilib, nasos stansiyası istifadəyə verilib. Aparılan quruculuq işlərinin davamı olaraq bu gün kənddə yeni sosial obyektlər istifadəyə verilir. Görülən bu işlər ölkəmizdə ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir. Suliddin Fərəcov yaradılan şəraitə görə kənd sakinləri adından minnətdarlıq edib, qurulanlardan, yaradılanlardan səmərəli istifadə edəcəklərinə söz verib.

 

x x x

 

Aparılan tikinti-quruculuq işləri çərçivəsində 2 kilometrlik kənddaxili yola yeni asfalt örtük salınıb, 28 su keçidi, 530 metr uzunluğunda beton kanal tikilib, yolun kənarları boyunca hasarlar çəkilib. Həmçinin kəndin rabitə sistemi də müasirləşdirilib, 1 kilometr fiber-optik, 2 kilometr yeraltı və 9 kilometrdən artıq yerüstü kabellər çəkilib. Kəndin elektrik təchizatı da yaxşılaşdırılıb, 5 min metr uzunluğunda elektrik xətti yenilənib, 250 kilovoltamper gücündə transformator yarımstansiyası əsaslı təmir olunub. Bununla yanaşı, 350 metr uzunluğunda müxtəlif diametrli qaz xəttinin yeri dəyişdirilib, yeni tikililərə 270 metr uzunluğunda qaz xətti çəkilib.

 

Azərbaycan. - 2014.- 23 noyabr.- S. 5.