Son vaxtlar Azərbaycan-İran əlaqələri daha dinamik xarakter alıb

 

İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov noyabrın 24-də İmam Xomeyni İmdad Komitəsinin sədri Hüseyn Ənvəri ilə görüşüb.

İranda səfərdə olmasından məmnunluq duyduğunu bildirən Əli Həsənov deyib ki, Azərbaycan ilə İran xalqları eyni dinə və mənəvi dəyərlərə malikdir. Bu amillər hər iki xalqın yaxın dostluq və qardaşlıq şəraitində yaşamasını şərtləndirir. Əli Həsənov son dövrlər İran-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq Prezident Həsən Ruhaninin noyabrın 12-13-də Azərbaycana səfərinin bu istiqamətdə mühüm addım olduğunu diqqətə çatdırıb.

İmam Xomeyni İmdad Komitəsi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 20 illik əməkdaşlıq əlaqələrinin olduğunu bildirən Əli Həsənov komitənin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, 1990-cı illərin əvvəllərində müstəqilliyini yeni bərpa edən Azərbaycan elan edilməmiş müharibəyə cəlb olundu. Ermənistan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal etdiorada yaşayan azərbaycanlılar doğma yurdlarından didərgin salındılar. Bunun nəticəsində Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün meydana gəldi. Məhz bu dövrdə İranın İmam Xomeyni İmdad Komitəsi Azərbaycan xalqına böyük yardımlar göstərdi. Azərbaycanda humanitar layihələrə təxminən 43 milyon dollar həcmində yardım göstərən İmdad komitəsinin humanitar fəaliyyətini xalqımız heç vaxt unutmayacaq.

Qeyd olunub ki, İran həmişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır və onun müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Buna görə təşəkkürünü bildirən Əli Həsənov deyib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevrilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Baş nazirin müavini ATƏT-in Minsk qrupunun fəaliyyətinə baxmayaraq, problemin hələ də öz  həllini tapmadığını diqqətə çatdırıb. Bildirib ki, dünyada mövcud olan ikili standartlar siyasəti bu münaqişənin həll olunmasına imkan vermir. BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması haqqında dörd qətnaməsi var. Lakin Ermənistan bu qətnamələri yerinə yetirmirdünya birliyi bu ədalətsizliyə göz yumur.

Əli Həsənov bildirib ki, bu gün dünyanın siyasi mənzərəsinə nəzər yetirdikdə daha çox müsəlman ölkələrində qanlı münaqişələrin baş verdiyini görürük. Azərbaycan da müsəlman ölkəsidir və bu acınacaqlı mənzərə bizi narahat etməyə bilməz. İslam həmrəyliyi müsəlman ölkələrinin problemlərdən xilas olmasına böyük kömək göstərər. Ona görə də İran ilə Azərbaycan bütün sahələrdəki əməkdaşlıq əlaqələrini daha da genişləndirməlidir. İran və Azərbaycan elə yüksək səviyyəli dostluq əlaqələrində olmalıdır ki, heç bir qüvvə bu dostluğa zərər vura bilməsin.

Azərbaycanın xarici siyasəti haqqında məlumat verən Baş nazirin müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyev ölkəmizin bütün dövlətlərlə əməkdaşlıq etməsini istəyir. Ermənistanla isə bu, yalnız torpaqlarımız işğaldan azad ediləndən sonra mümkün ola bilər. Qonşu dövlətlərlə əlaqələr xarici siyasətimizin prioritet istiqamətidir.

Əli Həsənov rəhbərlik etdiyi komitə və onun prinsipləri haqqında məlumat verərək bildirib ki, son 10 ildə qaçqınlar və məcburi köçkünlər üçün 87 müasir şəhərcik tikilib istifadəyə verilib, 220 mindən çox insan müvəqqəti yaşayış yerlərindən bu şəhərciklərə köçürülüb.

Baş nazirin müavini Azərbaycanda son 10 ildə əldə edilən uğurlar, ölkəmizin Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş 2020-ci ilə qədər strateji istiqamətləri, həmçinin Heydər Əliyev Fondunun xətti ilə respublikamızda, eləcə də dünyanın müxtəlif dövlətlərində həyata keçirilən humanitar layihələr barədə ətraflı məlumat verib.  Azərbaycanın dinamik iqtisadi inkişafı, yeni yerlərinin açılması və ölkəmizin beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi haqqında danışan Əli Həsənov Hüseyn Ənvərini Bakıya səfərə dəvət edib.

Dəvətə görə minnətdarlıq edən İmam Xomeyni İmdad Komitəsinin sədri Hüseyn Ənvəri deyib ki, İran ilə Azərbaycan arasında hər şeydən əvvəl dini və mənəvi əlaqələr mövcuddur. Bu əlaqələr maddi varlıq üzərində qurulmayıb, insanidini dəyərlərə söykənib. Odur ki, bu dostluğu pozmaq olmaz. H.Ənvəri bildirib ki, İran həmişə din qardaşlarına təmənnasız yardım etməyə hazırdır. Lakin Azərbaycan 20 il əvvəlki Azərbaycan deyil, ölkə iqtisadi cəhətdən yüksək sürətlə inkişaf edib, dünyada layiqli yerini tutub. Biz qonşudost dövlət olaraq Azərbaycanın uğurlarına sevinirik.

Sonra H.Ənvəri rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib.

Söhbət zamanı qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi haqqında müzakirələr aparılıb.

Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov, Nazirlər Kabineti Aparatının şöbə müdiri Qurban Sadıqov da iştirak ediblər.

Baş nazirin müavini Əli Həsənovun İrana səfəri davam edir.

 

Azərbaycan.-2014.- 25 noyabr.-  S.2.