İranda keçirilən beynəlxalq konfransda
təkfirçiliklə
mübarizə yolları araşdırılıb
Noyabrın 23-də İran İslam Respublikasının Qum şəhərində “Ekstremizm və təkfirçilik islam alimlərinin gözü ilə” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda
müasir dünyada baş verən terror hadisələri və
bu hadisələrin İslam dini adı altında həyata
keçirilməsi kimi mənfi hallar müzakirə edilib, buna
qarşı mübarizə yolları
araşdırılıb.
Əllidən
çox ölkənin təmsilçilərinin iştirak
etdiyi konfransda Azərbaycanı Qafqaz Müsəlmanları
İdarəsinin sədri şeyxülislam Allahşükür
Paşazadənin rəhbərliyi ilə nümayəndə
heyəti təmsil edib.
Tədbirdə
İranın nüfuzlu islam alimlərindən ayətullah Nasir
Məkarim Şirazi, ayətullah Cəfər Sübhani, ayətullah
Məhəmməd Gül Payqani, ayətullah Məhəmmədəli
Təsxiri və başqaları da iştirak ediblər.
Beynəlxalq konfransda çıxış edən şeyxülislam Allahşükür Paşazadə bildirib ki, hazırda müsəlman və qeyri-müsəlman dünyası bəzi qüvvələr tərəfindən məqsədyönlü şəkildə qarşıdurma vəziyyətinə gətirilib. Təəssüf ki, son vaxtlar müsəlman aləminə qarşı təxribat və fitnəkar münasibətin güclənməsi demokratiyanın tənəzzülə uğramasına dəlalət edir.
Allahşükür Paşazadə deyib ki, müsəlman ziyarətgahlarının bombalanması, bayram və matəm mərasimlərində dinc əhalinin terrora məruz qalması, müqəddəs Qurana qarşı hörmətsizlik faktları, İslam Peyğəmbərini təhqir edən karikaturaların yaratdığı fəsadlar milli və dini zəmində qarşıdurma doğurur. Müasir dövrdə biz cəmiyyət və insan təhlükəsizliyinə ciddi hədə olan təkfirçilik kimi dini təriqətlərin və cərəyanların dağıdıcı fəaliyyəti ilə qarşılaşırıq. Belə hallar müsəlmanları narahat etməyə bilməz.
Şeyxülislam deyib: “Biz Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın və ətraf rayonların işğalı, Xocalı soyqırımı, erməni ekstremistlərinin davamlı terrorunun acılarını yaşayan, məscidlərimizin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalq kimi İraqdakı qətliamlara, Suriyadakı qardaş qırğınına, özünü “İraq və Şam İslam Dövləti” (İŞİD) adlandıran terrorçu qruplaşmanın hər gün törətdiyi rəzalətlərə laqeyd qala bilmərik. Buna görə də biz ekstremizmlə, terrorla, ideoloji təxribatın mənbəyi olan təkfirçiliklə mübarizədə ən təsirli vasitələrdən birini islami həmrəylik və sülhsevər ictimaiyyətin vahid əməkdaşlığında görürük”.
Konfransda Rusiyadan, Qazaxıstandan, Pakistandan, İraqdan, Suriyadan, Hindistandan, Sudandan, Fələstindən, Əlcəzairdən,
Əfqanıstandan və başqa müsəlman
dövlətlərindən islam alimlərinin
məruzələri dinlənilib, təkfirçiliklə
mübarizə üçün təklif olunan metodlar nəzərdən
keçirilib.
Azərbaycan.-2014.- 25 noyabr.- S.2.