Yeni Azərbaycan Partiyası bələdiyyə
seçkilərinə inamla gedir
23 dekabr bələdiyyə
seşkiləri günüdür
Yeni Azərbaycan Partiyası
İcra katibinin müavini, Milli Məclisin deputatı
Siyavuş Novruzovun yap.org.az saytına müsahibəsi
-
Siyavuş müəllim, məlum olduğu kimi, dekabrın 23-də
ölkəmizdə növbəti bələdiyyə
seçkiləri keçiriləcək. Yeni Azərbaycan
Partiyası bu seçkilərə ciddi şəkildə
hazırlaşır. Bu seçkilərin əhəmiyyəti
nədən ibarətdir?
- Əlbəttə
ki, bələdiyyələrin yerli demokratiyanın
inkişafında mühüm rol oynadığını nəzərə
alsaq, qarşıdan gələn seçkilər böyük əhəmiyyət
kəsb edir. Çünki ilk növbədə, bələdiyyələrin
səmərəli fəaliyyəti idarəetmənin daha da təkmilləşdirilməsi
baxımından önəmlidir. Nəzərə almaq
lazımdır ki, Azərbaycanda həyata keçirilən
inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik
islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan
siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir
və həyata keçirilən bütün tədbirlər
ölkəmizin davamlı inkişafına xidmət edir. Eyni
zamanda, Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə
demokratik seçki sistemi formalaşıb. Azərbaycanda
mükəmməl seçki qanunvericiliyi var və bu hüquqi
baza beynəlxalq standartlara tam uyğundur. Məhz bunun nəticəsidir
ki, ildən-ilə seçki təcrübəsi təkmilləşdirilir
və ölkəmizdə demokratik, şəffaf seçkilər
keçirilir.
Ümumiyyətlə,
ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP
bütün seçkilərdə qələbə qazanıb.
Qarşıdan gələn seçkilərdə də qələbəni
təmin etmək üçün partiyamız tərəfindən
zəruri addımlar atılır. Bilirsiniz ki, YAP İdarə
Heyətinin seçkilərlə bağlı müvafiq qərarı
var və bu qərara uyğun olaraq tədbirlər planı
hazırlanıb. YAP seçkilərin keçirilməsində
böyük və zəngin təcrübəyə malikdir. Bu
mənada dekabr ayında keçiriləcək bələdiyyə
seçkilərində də qazanılan təcrübədən
səmərəli istifadə olunacaq.
-
Yeni Azərbaycan Partiyası bələdiyyə seçkiləri
kampaniyasının indiki mərhələsində nə kimi
işlər görür?
-
Qeyd etdiyim kimi, Yeni Azərbaycan Partiyası bələdiyyə
seçkilərinə ciddi şəkildə
hazırlaşır. Partiyanın Mərkəzi Seçki Qərargahı
da bələdiyyə seçkiləri ilə bağlı
çevik, operativ fəaliyyət göstərməkdədir.
Bütövlükdə partiya və onun fəal üzvləri
seçki kampaniyasının yüksək səviyyədə
keçirilməsi üçün tam səfərbər
olunublar. Partiyanın Mərkəzi Seçki Qərargahı
rayon və şəhər təşkilatları ilə
sıx əlaqə qurur və seçki prosesinin gedişini
diqqət mərkəzində saxlayır. İndiyə qədər
partiyanın yerli təşkilatlarından namizədlərin irəli
sürülməsi, onların imza vərəqələri
götürməsi, müvafiq sənədlərin dairə
seçki komissiyalarına təqdim olunması, imzatoplama
prosesi, namizədlərin DSK-lar tərəfindən qeydiyyata
alınması və s. seçki fəaliyyəti haqda
YAP-ın Mərkəzi Seçki Qərargahına operativ məlumatlar
verilib. Eyni zamanda, Mərkəzi Seçki Qərargahının
əməkdaşları da bölgələrlə mütəmadi
əlaqə saxlayaraq yerli təşkilatların fəaliyyətini
koordinasiya edirlər.
YAP
olaraq vaxtında imzatoplama kampaniyasını həyata
keçirmişik və bütün namizədlərimizin imza
vərəqələri müvafiq sənədlərlə
birlikdə dairə seçki komissiyalarına təqdim olunub.
Ümumiyyətlə, qeyd edim ki, Yeni Azərbaycan Partiyası hər
bir seçkiyə çox yüksək səviyyədə
hazırlaşır. Biz hər zaman seçki prosesində
müasir texnologiyalardan istifadə edirik və seçki
praktikası da mütəmadi olaraq təkmilləşdirilir.
Bu məqsədlə partiyamızın nümayəndələri
müxtəlif ölkələrdə keçirilən
seçki prosesini izləyir, onların istifadə etdiyi
seçki texnologiyaları ilə tanış olur və s. Həmçinin
bir sıra ölkələrdə keçirilən seçkilərdə
bizim partiya üzvlərimiz müşahidəçi kimi
iştirak edirlər. Təbii ki, onlar həmin ölkələrin
də təcrübəsini öyrənərək və yerli
xüsusiyyətləri nəzərə almaqla Azərbaycanın
seçki təcrübəsində tətbiq edirlər. Məsələn,
Türkiyədə, Avropanın ayrı-ayrı ölkələrində,
MDB ölkələrində keçirilən seçkilərə
biz mütəmadi olaraq öz nümayəndələrimizi
göndəririk ki, onların seçki təcrübəsini,
seçki qərargahlarının iş praktikasını
öyrənsin. Təbii ki, özümüzün də bu sahədə
kifayət qədər təcrübəmiz var.
YAP
qarşıdan gələn bələdiyyə seçkilərinə
də inamla gedir. Partiya hələ xeyli öncədən
özünün seçki planını hazırlayıb və
buna uyğun mərhələli şəkildə seçkilərin
həyata keçirilməsi üçün lazımi
addımları atır. Beləcə, qrafikə uyğun olaraq
işlər davam edir. Bütövlükdə, seçkilərlə
bağlı işlər bir neçə mərhələdən
ibarətdir. Bunu ilkin, seçkilər elan olunduqdan sonrakı
dövr və yekun mərhələ kimi təsnifatlandırmaq
olar. İlkin mərhələdə, əsasən YAP-ın
rayon və şəhər təşkilatlarında seçki
qərargahları yaradıldı. Seçki qərargahlarında
seçki təcrübəsi olan partiya üzvləri təmsil
olunurlar. Həmçinin, gənclərin, qadınların və
fəalların bu işə cəlb olunması da əsaslı
şəkildə özünü göstərdi. Biz 84 rayon və
şəhər üzrə seçki qərargahı
formalaşdırmışıq və burada qərargah
üzvləri fəaliyyət göstərir. Sonradan isə biz
bu qərargah üzvləri üçün treninqlər
keçirdik. Çünki bələdiyyə seçkiləri
digər seçkilərdən öz spesifikasına görə
fərqlidir. Bələdiyyə seçkilərində namizədlər
çoxluq təşkil edir. Əgər partiya tərəfindən
prezident seçkilərində bir, parlament seçkilərində
125 namizəd irəli sürülürsə, bələdiyyə
seçkilərində isə Azərbaycanda 1607 bələdiyyəyə
15035 nəfərlik yer üçün namizəd irəli
sürülməlidir və onların sənədləşmə
işi aparılmalıdır. Bu baxımdan da bələdiyyə
seçkilərində seçki qərargahlarının
üzərinə düşən iş digər seçkilərdən
daha çoxdur. Məhz buna görə də seçki qərargahı
nümayəndələrinə treninqlər keçirilib.
Seçki
günü elan olunana qədər YAP seçki prosesi ilə məşğul
olacaq şəxsləri (məşvərətçi səs
hüququ olan üzvlər, imza toplayanlar, müşahidəçilər
və s.) müəyyənləşdirib. Onlar seçki
qanunvericiliynə müvafiq şəkildə öz
missiyalarını yerinə yetirməlidirlər və yetirirlər.
Oktyabr ayının 23-də YAP İdarə Heyəti tərəfindən
bələdiyyə seçkilərində səlahiyyətli
nümayəndələr təyin olunub. Ümumilikdə,
partiyanın 204 nəfər səlahiyyətli nümayəndəsi
var ki, hər dairə üzrə 2 nəfər səlahiyyətli
nümayəndə təyin olunub. Eləcə də,
ümumrespublika üzrə səlahiyyətli nümayəndələr
də var. Mərkəzi Seçki Komissiyası tərəfindən
xüsusi lövhəciklər alınıb ki, səlahiyyətli
nümayəndələr müvafiq ərazilər üzrə
YAP-ı təmsil edirlər. 25 oktyabrda isə partiyanın
İdarə Heyətinin qərarı ilə bütün dairə
və bələdiyyələr üzrə YAP-ın namizədləri
irəli sürüldü. Oktyabrın 29-da
hazırlanmış sənədlər dairə seçki
komissiyalarına təqdim olundu. Bundan sonra isə Seçki Məcəlləsinə
uyğun olaraq bir neçə gün müddətində DSK o
sənədləşməni yoxlayıb müvafiq qərarlar
qəbul etməkdədir.
- Bu
günə qədər Yeni Azərbaycan Partiyasının
namizəd kimi irəli sürdüyü şəxslərin
qeydə alınması statistikası necədir?
- YAP
tərəfindən ilkin olaraq 15 min nəfərdən
çox şəxsin namizədliyi irəli
sürülmüşdü və onlardan da 15 min nəfərə
yaxını imza vərəqələri almışdı.
Artıq bir neçə gün öncə imzatoplama
kampaniyası uğurla başa çatıb və imza vərəqələri
müvafiq sənədlərlə birlikdə dairə
seçki komissiyalarına təqdim olunub. Konkret rəqəmlə
desək, 15035 nəfər namizəd irəli
sürmüşdük. Onların da 14 861-i dairə seçki
komissiyalarında namizəd kimi qeydiyyata alınıb. Biz
bütövlükdə 15035 bələdiyyənin
hamısına namizəd irəli sürmüşük.Bələdiyyə
seçkilərinin bir tələbi ondan ibarətdir ki, namizəd
olmaq istəyən şəxslər gərək
yaşayış qeydiyyatında olduğu ərazidə bu
prosesi həyata keçirsin. Yəni bir ərazidə
qeydiyyatda olan şəxslər digər ərazidə bələdiyyəyə
namizədliyini irəli sürə bilməz. Elə nümayəndələr
var idi ki, faktiki həmin ərazidə yaşasa da, amma
başqa yerdə yaşayış qeydiyyatındadır. Buna
görə də bir neçə nəfərə dairə
seçki komissiyaları tərəfindən imza vərəqələri
verilmədi. Eyni zamanda, səhhəti ilə əlaqədar
olaraq öz namizədliyini geri götürənlər də
oldu. Bu səbəblərdən təxminən 174 nəfərə
imza vərəqələri verilmədi. Onlar istisna olunmaqla
bütün bələdiyyələrə namizədlərimiz
irəli sürülüb. Qeydə alınan namizədlərin
bütün sənədləri təqdim olunub,
yoxlanılıb və bələdiyyəyə namizəd kimi
qeydiyyatdan keçərək, xüsusi lövhəciklərlə
təmin olunublar.
Bundan
əlavə, YAP həm Mərkəzi Seçki
Komissiyasına, həm də dairə və məntəqə
seçki komissiyalarına bir nəfər müşahidəçi
və bir nəfər məşvərətçi səs
hüquqlu üzvü təyin etməlidir. Artıq MSK üzrə
nümayəndəmiz təyin olunub. DSK və məntəqə
seçki komissiyalarına da məşvərətçi səs
hüquqlu üzvlər təyin ediləcək. Çünki
seçki qanunvericiliyi YAP-a bu hüququ verir. Belə ki,
Seçki Məcəlləsinə əsasən bələdiyyələrin
yarısından çoxunda namizəd irəli sürən
partiya vahid formada təbliğat işini apara bilər, həmçinin
hər dairə və məntəqəyə 1 nəfər məşvərətçi
səs hüquqlu üzv ilə müşahidəçi təyin
edə bilər. Dekabrın 1-dək bu proses başa
çatacaq. Onlar üçün qanunlardan, Seçki Məcəlləsindən,
MSK-nın təlimatlarından çıxarışlar
çap olunub.
-
Partiyamız bələdiyyə seçkiləri
kampaniyasının təbliğat-təşviqat mərhələsinə
necə hazırlaşır?
-
Qanunvericiliyə əsasən, seçki gününə 23
gün qalmış təbliğat-təşviqat prosesi
başlayır. Beləliklə də, bələdiyyə
seçkiləri kampaniyasının təbliğat-təşviqat
mərhələsinə dekabrın 1-dən start veriləcək.
Bununla bağlı da hazırlıq işlərimiz
görülür. Belə ki, YAP bütün bələdiyyələrdə
özünün namizədlərinin vahid formada
hazırlanmış plakatlarını çap etdirib. 1607 bələdiyyənin
hər birində YAP-ın vahid plakatları olacaq. Bununla belə,
partiya ayrı-ayrı bukletlər, təbliğat-təşviqat
materialları hazırlayıb.
Dekabrın
1-də qruplar hazırdır ki, plakatların asılması,
paylanması ilə məşğul olacaq. Və iki hissədən
ibarət seçicilərlə təbliğat
görüşləri keçirəcəyik. Dairə
seçki komissiyalarının müəyyən etdiyi
açıq və qapalı yerlərdə seçicilərlə
görüşlər olacaq. Qruplardan biri mərkəzdən
olan səlahiyyətli nümayəndələr, təbliğat-təşviqat
qrupunun üzvləri və s. İkincisi isə rayon seçki
qərargahlarının təbliğat qrupları olacaq. Onlar
da rayonlarda bu prosesi fəal surətdə həyata keçirəcəklər.
Ölkə üzrə bələdiyyələrin hər
birində görüşlər olacaq ki, onların da qrafikləri
hazırdır. Bizim təbliğat kampaniyamız dekabrın
22-ə qədər davam edəcək. Beləliklə, YAP bu
seçkilərdə də çox fəal təbliğat
kampaniyası həyata keçirməyi nəzərdə
tutur.
-
İndiyə qədər ölkəmizdə bir neçə
bələdiyyə seçkisi keçirilib. Sizcə, son seçkilərdən
keçən müddət ərzində bələdiyyələrin
fəaliyyətində daha hansı yeniliklər
özünü göstərir?
-
Bildiyiniz kimi, ölkəmizdə bələdiyyə
seçkiləri 1999-cu, 2004-cü və 2009-cu illərdə
keçirilib. Son, 2009-cu ilin bələdiyyə seçkiləri
isə xüsusilə yaddaqalan oldu. İlk növbədə,
deyə bilərəm ki, həmin seçkilərə gedərkən
Azərbaycanda bu institutun artıq 10 yaşı var idi və
müəyyən təcrübə əldə olunmuşdu.
Eyni zamanda, bu dəfə kadrların seçilməsi, gənclərə
və qadınlara üstünlük verilməsi son seçkilərin
daha çox maraq kəsb etməsinə səbəb oldu. Bu
gün Azərbaycan bələdiyyələrində
qadınların və gənclərin təmsilçiliyi xeyli
yüksəkdir. Son seçkilərdə mütəxəssislərin
say faizi, ali savadlı insanların bələdiyyələrdə
təmsilçiliyi də artdı. Nəzərinizə
çatdırım ki, partiyamız bu müsbət təcrübəni
qarşıdan gələn seçkilərdə də davam
etdirəcək. Belə ki, namizəd irəli sürərkən
daha çox ali təhsilli insanlara, gənclərə və
qadınlara üstünlük vermişik.
-
Siyavuş müəllim, radikal müxalifət partiyaları bələdiyyə
seçkilərində iştirak etmir və fəal seçki
kampaniyası aparmır. Onların bu addımını
hansı amillərlə izah edərdiniz?
-
Müxalifətin bələdiyyə seçkilərində
iştirak etməməsinin iki səbəbi var. Bələdiyyə
seçkiləri böyük seçkidir. Bu seçkilərdə
15 mindən artıq fəal insanın namizədliyi irəli
sürülməlidir. Onlar əhali tərəfindən
tanınmalı, imza toplayıb qeydiyyatdan keçməlidir.
Radikal müxalifətin isə belə potensialı yoxdur. Bu
potensial, sosial baza, eloktorat olmadığı üçün
onlar çalışırlar ki, seçki prosesinə
kölgə salsınlar, guya bələdiyyələrin səlahiyyətləri
yoxdur və s. Amma əslində, hər hansı siyasi
partiyanın yerli strukturlarının möhkəmlənməsi,
formalaşması, əhali arasında nüfuzun artması
üçün bələdiyyə seçkiləri ən
vacib seçkilərdir. Nəzərə alsaq ki, gələn
il parlament seçkiləri keçiriləcək, bələdiyyə
seçkilərində iştirak hər bir partiya
üçün sınaq ola bilər. Amma proseslər onu
göstərir ki, müxalifət düşərgəsinin
potensialı yoxdur. Onlar bir qrup adamlardırlar ki, qərargahda
toplaşıb mətbuat üzərində fəaliyyət
göstərirlər.
İkinci
səbəb ondan ibarətdir ki, müxalifət
partiyalarının daxilində çox ciddi
qarşıdurmalar mövcuddur. Həm “Müsavat”, həm də
AXCP-də gərginlik var. Həmin partiyalar parçalanmaq ərəfəsindədir.
“Müsavat”ın qurultayında keçirilən qeyri-obyektiv
seçkilər üzvlərin etirazına səbəb olub.
Onlar ya ədalətli seçkilər tələb edər, ya
da alternativ Müsavat Partiyası yarada bilərlər.
Acınacaqlı
durum AXCP-də də hökm sürür. Görürlər
ki, bu partiya xalqın maraqlarına deyil, xarici qüvvələrin,
erməni lobbisinin maraqlarına xidmət edir, antiazərbaycançı
fəaliyyət göstərir. AXCP-də az-çox öz
dövlətini istəyən insanlar partiya
sıralarını tərk edirlər. Bu partiyalar öz daxili
problemlərini həll edib başa çatdıra bilməyiblər
ki, bələdiyə seçkilərinə də
qoşulsunlar.
Azərbaycan.-2014.- 25 noyabr.- S.3.