“Bakı-2015” ilk Avropa Oyunları dünyada mötəbər idman tədbirlərinin keçirilməsi üçün mühüm nümunə olacaq

 

Gələn il Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi mühüm hadisədir. Azərbaycanda mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcək. Birinci Avropa Oyunları özündən sonrakı tədbirlərin keçirilməsi üçün mühüm nümunə olacaq.

AzərTAc xəbər verir ki, bu sözləri Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki noyabrın 22-də AOK-un 43-cü Baş Assambleyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Baş Assambleyada səmərəli müzakirələrin aparıldığını bildirən Patrik Hikki tədbir çərçivəsində “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı müfəssəl təqdimatın keçirildiyini xüsusi vurğulayıb. O, adətən Oyunların keçirilməsi üçün 7 ilə yaxın müddətin nəzərdə tutulduğunu, lakin “Bakı-2015”ə hazırlığa iki il yarım vaxt ayrılmasına baxmayaraq, mühüm işlərin görüldüyünü qeyd edib.

Patrik Hikki deyib: “İlk Avropa Oyunları idman tarixində silinməz izlər qoyacaq. Çoxlu sayda könüllünün olması, London Olimpiadasından peşəkar əməkdaşların cəlb edilməsi bir daha göstərir ki, Azərbaycanın istənilən idman tədbirini yüksək səviyyədə keçirməkdə zəngin təcrübəsi var. “Bakı-2015” ilk Avropa Oyunları dünya miqyasında mötəbər idman tədbiri olacaq. Avropa Oyunları beynəlxalq miqyasda artıq kifayət qədər imic qazanıb. İdmanın 20 növünün Oyunların proqramına salınması gözləntilərimizi aşdı. Avropa idmançıları Oyunlarda iştirak üçün kifayət qədər istək və arzularını bildiriblər. Onlar da möhtəşəm idman oyunlarını səbirsizliklə gözləyirlər”.

“Bakı–2015” ilk Avropa Oyunlarının dünyada artıq idman ölkəsi kimi tanınan Azərbaycanın bu sahədə nüfuzunu daha da artıracağını söyləyən Patrik Hikki maliyyə və texniki məsələlərlə bağlı işlərin də yüksək səviyyədə həyata keçirildiyini diqqətə çatdırıb.

AOK-un prezidenti Patrik Hikki verdiyi dəstəyə görə Azərbaycan Hökumətinə təşəkkür edib, indiyədək görülən işlərin ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə imkan yaradacağını bildirib.

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda mötəbər idman tədbirlərinin keçirilməsi üçün mühüm təcrübənin qazanıldığını diqqətə çatdırıb. O, MOK-un Avropanın bütün Milli Olimpiya komitələrinə nümunəvi xidmətin göstərilməsi, onların ilk Avropa Oyunlarından ən xoş təəssüratla ayrılmaları məqsədilə çoxsaylı tədbirlər həyata keçirəcəyini söyləyib.

 

Azərbaycan. - 2014.- 23 noyabr.- S. 6.