Seçki komissiyalarının fəaliyyətində
kargüzarlıq işinin təşkilinə
dair tələblər
23 dekabr bələdiyyə
seşkiləri günüdür
Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində vətəndaşlara verilmiş əsas hüquqlardan biri belə ifadə olunmuşdur: “Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətdə yazılı cavab verilməlidir.” Adıçəkilən konstitusion normanın icrası üçün 1997-ci ildə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanunun tətbiqi haqqında fərman verildi. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr, 2000-ci il 6 mart, 2003-cü il 27 sentyabr və 23 oktyabr, 2005-ci il 19 yanvar tarixli fərman və sərəncamları ilə vətəndaşların müraciətləri və sənədlərlə iş barədə təsdiq olunmuş təlimat və qaydaların düzgün, eyni zamanda, dəqiq icra olunması hər bir dövlət orqanı, o cümlədən hər bir dövlət qulluqçusu üçün vəzifə kimi müəyyən edilmişdir.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd olunan konstitusion normaların, fərman və sərəncamların, həmçinin bunlardan irəli gələn vəzifələrin yerinə yetirilməsinə daim xüsusi diqqətlə yanaşmışdır. Məsələnin aktuallığı və vacibliyi nəzərə alınaraq MSK-nın sədri Məzahir Pənahovun təşəbbüsü ilə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair” təlimatın aşağı seçki komissiyalarının fəaliyyətində tətbiqi barədə tövsiyələr nəşr edilərək respublika üzrə bütün seçki dairələrinin dairə seçki komissiyalarına çatdırılmışdır.
2008-ci ilin yanvarından etibarən dairə seçki komissiyalarında katibliklər formalaşmağa başlamışdır. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 10 oktyabr 2007-ci il tarixli 616 saylı qərarı ilə təsdiq edilmış “Dairə seçki komissiyasının katibliyi haqqında Əsasnamə”yə əsasən, dairə seçki komissiyalarının fəaliyyətinin sənədlərlə iş və kargüzarlıq təminatı, iclas protokollarının tərtibi, daxil olan və göndərilən sənədlərin hərəkətinə nəzarət və digər bu kimi vəzifələr yeni yaradılmış katibliklərin baş məsləhətçilərinə həvalə edilmişdir. Məntəqə seçki komissiyalarında isə bu fəaliyyət seçki komissiyalarının sədrləri tərəfindən həyata keçirilir. Odur ki, kargüzarlıq fəaliyyətinin aparılmasında yol verilən nöqsanlara görə bilavasitə yuxarıda adıçəkilən şəxslər məsuliyyət daşıyırlar. Bununla belə, dairə seçki komissiyalarının sədrləri daşıdıqları vəzifələrindən irəli gələrək məntəqə və dairə seçki komissiyalarında aparılan kargüzarlıq işinin keyfiyyətinə daim nəzarət edirlər.
Məlumdur ki, kargüzarlıq hər hansı bir təşkilatın öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir. Seçki komissiyaları strukturlarında fəaliyyət göstərən kargüzarlıq xidmətlərinin əsas vəzifələri daxil olan sənədləri qəbul etmək, qeydə almaq, aidiyyəti üzrə bölüşdürmək, icraçılara çatdırmaq, sənədlərin icra müddətinə nəzarət etmək, icra edilmiş sənədləri müvafiq şəxslərdən tələb etmək, sənədləri göndərmək, sənədlərin surətini çıxarmaq və çoxaltmaq, habelə komissiya sədri tərəfindən onlara həvalə edilmiş digər tapşırıqları yerinə yetirməkdən ibarətdir.
Dairə seçki komissiyasında kargüzarlıq işini aparan şəxs işdən çıxdıqda və ya başqa işə keçirildikdə, seçki komissiyasındakı kargüzarlıq sənədləri bu vəzifəyə yeni təyin edilən şəxsə, belə şəxs olmadıqda isə komissiya sədrinə təhvil verilməlidir. Məntəqə seçki komissiyası sədrinin səlahiyyətlərinə xitam verildikdə isə sənədlər həmin vəzifəyə seçilən yeni sədrə, yeni sədr seçilməyibsə, müvafiq dairə seçki komissiyasının katibinə təhvil verilir. Məntəqə seçki komissiyası üzvlərinin qanunla müəyyən olunmuş fəaliyyət müddəti başa çatdıqda isə həmin komissiyanın sədri kargüzarlıqla əlaqədar olan bütün sənədləri müvafiq dairə seçki komissiyasının sədrinə təhvil verməlidir. Məntəqə seçki komissiyası üzvlərinin fəaliyyəti yenidən başladıqda həmin sənədlər müvafiq dairə seçki komissiyası tərəfindən məntəqə seçki komissiyasının sədrinə geri qaytarılır. Sənədlərin təhvil verilib-alınması zamanı mütləq 2 nüsxədən ibarət akt tərtib edilir və bu akt həm sənədləri təhvil alan, həm də təhvil verən şəxslər arasında imzalanaraq möhürlənir.
Bir qayda olaraq, tərtib edilən sənədlərin mətnləri iki hissədən ibarət olur. Birinci hissədə sənədin hazırlanması üçün əsas götürülmüş faktların və hadisələrin təsviri verilir, ikinci hissədə isə nəticələr, təkliflər, qərarlar və sərəncamlar ifadə olunur.
Sənədin hazırlanması üçün başqa sənəd əsas kimi çıxış edirsə, o zaman ona istinad edilməsi zərurəti yaranır. Bu halda yeni sənədin birinci hissəsində onun hazırlanması üçün əsas götürülmüş sənəd növünün adı, nömrəsi, tarixi və mətnin başlığı göstərilir.
Sənədlər göndərilərkən ünvan sahiblərinin rekvizitləri dəqiq göstərilməlidir (sənəd göndərilən təşkilatın, onun struktur bölməsinin adı, vəzifəli şəxsin adı və soyadı, məktub göndərilənin poçt ünvanı). Sənədin düzgün tərtibi, məzmununun aydın ifadə edilməsi və üslubu, tapşırığın vaxtında və keyfiyyətlə yerinə yetirilməsi icraçının bilavasitə əsas vəzifəsidir.
Rəsmi xarakter və hüquqi qüvvə verilməsi üçün sənədin rəsmiləşdirilməsi tələb olunur. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Əgər sənəd blankda tərtib edilirsə, sənədi imzalamış şəxsin vəzifəsi qısa şəkildə göstərilir. Əks halda, sənədi imzalamış şəxsin vəzifəsi tam şəkildə göstərilməlidir. Əgər sənədi imzalamalı şəxs xidməti zərurət və ya hər hansı başqa səbəbdən yoxdursa, bu zaman sənəd onun müavini və ya bu vəzifəni icra edən şəxs tərəfindən imzalanmalıdır. Bu zaman sənədi imzalamış şəxsin faktiki vəzifəsi, soyadı və adı göstərilməlidir. Sənədi “əvəzinə” sözü yazmaqla və ya vəzifə adının qabağına xətt çəkməklə imzalamaq qadağandır.
Əgər sənədlərə qoşmalar əlavə edilmişdirsə, qoşmanın mövcudluğu haqqında qeyd mətndə sənəddəki imzadan əvvəl yazılmalıdır (Qoşma: ___ vərəq, ___ nüsxə). Qoşmaların imzalanması və onlara möhür vurulması sənədin rəsmiləşdirilməsini təşkil edir.
Aşağı seçki komissiyalarında sənədlərin qeydiyyatı zamanı nəzərə almaq lazımdır ki, seçki hüquqlarının pozulması ilə əlaqədar dairə seçki komissiyasına daxil olan şikayət və müraciətlərin qeydə alınması qaydası Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” 12 avqust 2008-ci il tarixli təlimatı ilə tənzimlənir və onun üçün ayrıca qeydiyyat kitabı aparılır.
Seçki komissiyalarında qərarların və iclas protokollarının tərtibi kargüzarlıq sahəsində prioritet təşkil edən əsas məsələlərdəndir. Qərarların tərtibi ilə bağlı qısaca qeyd etmək lazımdır ki, onların strukturu şərh və sərəncam hissələrindən ibarətdir. Bütün hallarda qərarın şərh hissəsində onun prosessual baxımdan qəbuluna əsas verən Seçki Məcəlləsinin müvafiq maddələrinə istinad edilməlidir. Əgər qərarda əks olunan məsələ müxtəlif normativ aktlarla həll edilirsə, şərh hissəsində onların hamısına istinad məcburidir. Bu zaman Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində göstərilən müəyyən ardıcıllığı gözləmək zəruridir. Əvvəlcə Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilmiş aktlara, daha sonra isə Seçki Məcəlləsinə və ya digər qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktlarına və nəhayət, Mərkəzi Seçki Komissiyasının əsasnamə, təlimat və izahlarına istinad edilməlidir. Lakin hər bir qərar qəbul edilərkən zərurət olmadan yuxarıda göstərilən aktların hamısına istinad etmək məcburi deyil. Yalnız zəruri aktlara istinad edilməsi vacibdir.
Qərarın sərəncam hissəsi əmr formasında ifadə olunur və şərh hissəsindən sonra mətn dayandırılmadan “qərara alır” sözləri ilə davam etdirilir. Bundan sonra qərarın sərəncam hissəsi müxtəlif bəndlərə bölünə bilər.
Birinci bənddə məsələnin mahiyyəti üzrə həll edilməsi, ikinci bənddə qərarın dərc edilməsi və icrası qaydası, ücüncü bənddə qərardan maraqlı şəxslərin şikayət verməsi qaydası göstərilir. Əgər qərarın icrasının həvalə edilməsi zərurəti varsa, məsələnin mahiyyəti üzrə həll edilməsinə dair bənddən sonra ayrıca növbəti bənd əlavə edilir.
Qərarın maraqlı şəxslərə çatdırılması (bilavasitə təqdimetmə və ya poçtla göndərmə) qərarın icrası sayılır.
Qərarlar qəbul edildiyi gün iclasdan sonra imzalanmalı, bundan sonra müəyyən edilmiş yerdən asılmalı, həmçinin maraqlı şəxslərin tələbi əsasında onlara verilməlidir.
Seçki Məcəlləsinin tələbinə əsasən, dairə seçki komissiyalarının bütün iclasları protokollaşdırılır. Dairə seçki komissiyalarında iclas katibi nəzərdə tutulmadığına görə, iclas protokolunun hazırlanması vəzifəsi dairə seçki komissiyası katibliyinin baş məsləhətçisinə həvalə edilmişdir. Komissiyanın iclaslarında həmin şəxsin iştirakı məcburidir. Baş məsləhətçi üzrlü səbəbdən iclasda iştirak etmədikdə və ya dairə seçki komissiyası katibliyində bu vəzifə boş qaldıqda, dairə seçki komissiyasının sədri protokolun tərtib edilməsini komissiyanın katibinə və ya digər komissiya üzvlərindən birinə həvalə edir. Məntəqə seçki komissiyalarında isə iclas protokollarının tərtibi seçki komissiyasının sədri tərəfindən komissiyanın katibinə və üzvlərindən birinə həvalə edilir. Yuxarıda göstərilənlərdən başqa, digər şəxslərin komissiyanın iclasında protokol tərtib etməsi yolverilməzdir.
Bir qayda olaraq, protokolun mətni giriş və əsas hissədən ibarət olmalıdır. Protokolun giriş hissəsinin başlığında onun bir sənəd kimi rəsmi adı və nömrəsi, iclasın keçirilməsinin yeri, tarixi və saatı, iclasa sədrlik edənin soyadı, adı, atasının adı və iclasda iştirak edənlərin tam siyahısı yazılır. İştirak edənlərin siyahısı verilərkən, əvvəlcə komissiyanın katibləri, daha sonra isə həlledici səs hüquqlu komissiya üzvləri, komissiyaya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvlər, komissiya katibliyinin əməkdaşları, daha sonra isə digər dəvət edilənlərin, o cümlədən müşahidəçilərin və KİV nümayəndələrinin siyahısı, onların adları və soyadları göstərilməklə yazılır.
Protokolun əsas hissəsində əvvəlcə gündəliyin iclasın sədri tərəfindən müzakirəyə çıxarılması, onun səsə qoyulub qəbul olunması, daha sonra isə gündəlikdəki məsələlərin siyahısı verilir. Daha sonra iclasa sədrlk edənin çıxışları, gündəlikdə dayanan hər bir məsələ ilə bağlı məruzə və çıxışların qısa məzmunu, komissiya üzvlərinin çıxışlarla bağlı verdikləri suallar, onlara verilən cavablar, məsələ ilə bağlı keçirilən səsvermə və onun nəticələri, sonra isə qərar hissəsi qeyd olunur.
Protokol gündəlikdəki məsələlərin sayından asılı olaraq bəndlərə bölünməlidir. Bəndlər rum rəqəmlərindən istifadə edilməklə, mətndən əvvəl ortada yerləşdirilir. Bundan sonra isə çıxışların qısa mətni verilir. Məruzə və çıxışların qısa məzmunu üçüncü şəxsin adından verilir. Çıxışlar və bütün sual-cavablar yazıldıqdan sonra məsələ ilə bağlı irəli sürülən təkliflər və onlarla bağlı keçirilən səsvermənin nəticələri əks olunur.
Seçki Məcəlləsinin tələbinə əsasən, bütün iclasların protokolları növbəti iclaslardan birinin gündəliyinə çıxarılmalı və komissiyanın qərarı ilə təsdiq olunmalıdır. Seçki komissiyasının iclas protokolu təsdiq edildikdən sonra komissiyanın sədri, katibləri və digər həlledici səs hüquqlu üzvləri tərəfindən imzalanmalıdır. İclas protokolları və qərarlar təqvim ili çərçivəsində ardıcıl olaraq nömrələnir. Kargüzarlığın təşkili və aparılması ilə əlaqədar yuxarıda qeyd edilən məsələlərə diqqət ayrılması bilavasitə komissiya üzvlərinin peşəkarlığının artırılması istiqamətində həyata keçirilən növbəti addımlardan biridir.
Seçkilər hər bir ölkənin həyatında ən kütləvi tədbir kimi icraedici və qanunverici hakimiyyətin, həmçinin yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin formalaşmasında mühüm rol oynayır. Seçki komissiyalarının fəaliyyəti ilə bağlı aparılan kargüzarlıq işlərinin nəticəsi olaraq hazırlanan sənədlər tariximizin ayrılmaz hissəsini təşkil etdiyindən, onların tərtibinə diqqət və məsuliyyətlə yanaşmaq zəruridir.
Elşən
ƏSGƏROV,
Mərkəzi Seçki Komissiyası Katibliyi
Ümumi şöbəsinin
müdiri
Azərbaycan.-2014.- 25 noyabr.- S.3.