Ölkəmizdə qadın hüquqlarının müdafiəsinə etibarlı

təminat mexanizmləri mövcuddur

 

25 dekabr Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günüdür

 

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, hər il noyabr ayının 25-i bütün dünyada “Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü” elan edilmişdir. 2000-ci il 31 oktyabr tarixdə isə təşkilatın Təhlükəsizlik Şurası qadın, sülh və təhlükəsizlik məsələləri ilə bağlı qətnamə qəbul etmiş, qadın zorakılığına qarşı beynəlxalq mübarizənin gücləndirilməsi, həmçinin Minilliyin Deklarasiyasında əksini tapmışdır.

BMT-nin hesabatlarında göstərilir ki, dünyada hər üç qadından biri həyatında, heç olmasa bir dəfə zorakılığa və ya kobud rəftara məruz qalır. Avropa Şurası dövlətlərində aparılmış tədqiqatların nəticələrinə görə, qadınların 45 faizi belə sərt davranışlarla üzləşmiş, 20-25 faizi həyatlarında az da olsa fiziki zorakılığın qurbanı olmuşlar. Avropa Şurasının 2006-cı ildə keçirilən Madrid konfransında isə “Məişət zorakılığı daxil olmaqla, qadınlara qarşı zorakılıqla mübarizə” kampaniyasına başlanılmışdır.

Qadın hüquqlarına daim yüksək hörmətin mövcud olduğu Azərbaycan Respublikası da bu kampaniyaya ilk qoşulan ölkələrdən olmuş, bununla bağlı Milli Məclis 2006-cı il dekabrın 21-də xüsusi bəyanatla çıxış etmişdir. “Qadınlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnikya dini qrup bu bəladan sığortalanmamışdır. Xüsusən silahlı münaqişələr zamanı qadınlar kütləvi şəkildə qəddar zorakılıq əməllərinin qurbanı olurlar. Azərbaycan xalqı öz təcrübəsində bunun acı nəticələrini görmüşdür. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində minlərlə azərbaycanlı qadın həlak olmuş, yaralanmış, ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalmışdır. ...Azərbaycan xalqının təmsilçiləri kimi biz qadınlara qarşı hər bir zorakılığı açıq və qəti surətdə pisləyirik. Biz qadına qarşı zorakılığı “ailə” və ya “şəxsi” məsələ kimi səciyyələndirən hər hansı yanaşmanı qətiyyən qəbul etmirik. Hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusu hesab edilməli və təsirli məsuliyyətə səbəb olmalıdır” - deyə bəyanatda vurğulanırdı.

İstər mənəvi, istərsə də fiziki-bioloji baxımdan özlərini kişilərdən heç də zəif saymayan qadınların bu əzmkar mübarizəsi təkcə cəmiyyətdə özünü təsdiqləmək, bacarıq və imkanlarını gerçəkləşdirmək məqsədi üzərində köklənməmişdir. Zərif cinsin nümayəndələri, eyni zamanda, cəmiyyətdə və ailədə öz hüquqlarının məhdudlaşdırılması, cinsi zəmində ayrı-seçkiliyə, diskriminasiyaya məruz qalmaları ilə heç cür barışa bilməmişlər. Əsrlər bir-birini əvəzlədikcə daha geniş miqyas alan, böyüyən bu mübarizə XX əsrdə özünün pik nöqtəsinə çatmışdır. Böyük fəlakətlərə yol açmış İkinci Dünya müharibəsindən sonra aparıcı dövlətlərin insan hüquqları probleminə daha ciddi yanaşması, bu prosesə fəaliyyəti ilə mühüm töhfələr verən BMT, ATƏT, Avropa Şurası kimi qurumların yaranması nəticə etibarilə qadınların kişilərlə bərabər hüquqlar əldə etməsi uğrunda hərəkatın genişlənməsinə səbəb olmuşdur.

Qadın hüquqlarının qorunması hər bir cəmiyyətin inkişafı və sağlam gələcəyi baxımından mühüm məsələdir. Ona görə də qadınlara geniş hüquqların verilməsi, onların cəmiyyətdə layiqli yerinin təmin edilməsi, ilk növbədə, sağlam nəslin formalaşması, xalqın genetik saflığının qorunub saxlanması son dərəcə vacibdir. Qadınlara özünütəsdiq imkanı yaratmaq, onların qabiliyyət və bacarığından səmərəli şəkildə istifadə etmək sağlam gələcəyini düşünən hər bir dövlətin əsas vəzifəsidir.

Xatırlatmaq lazımdır ki, Azərbaycan dövlət mustəqilliyini bərpa etdikdən sonra həyatımızdan keçən mürəkkəb illər qadınlar qarşısında yeni məqsəd və vəzifələr müəyyənləşdirirdi. Ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ilə cəmiyyətdə bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, cəmiyyət həyatının müxtəlif sferalarında köklü islahatların aparılması, vətəndaş cəmiyyətinin formalaşmasında ictimai fəallığın artırılması istiqamətində görulən işlər həm də qadınların ictimai-siyasi həyatdakı rolunun artırılmasını tələb edirdi. Bu reallıqları nəzərə alan ümummilli lider Heydər Əliyev qadınların ictimai-siyasi həyata transformasiyasını, dövlət idarəçiliyində layiqli təmsilçiliyini, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olmalarını prioritet vəzifələr kimi müəyyənləşdirmişdir. Müstəqil Azərbaycanın ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında qəbul edilmiş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüquqlarını təsdiqləməklə yanaşı, onların demokratik dövlət quruculuğu prosesində fəal iştirakına fundamental hüquqi zəmin yaratmışdır.

Azərbaycan Respublikası Konstitusiyası gender bərabərliyini tam təmin etməklə yanaşı, insanlara zor və işgəncə tətbiqini birmənalı qadağan edir. Konstitusiyanın 46-cı maddəsinin üçüncü hissəsində deyilir: “Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz”.

Konstitusiyamızın 35-ci maddəsinə əsasən, hər bir qadının sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğulliyət və yeri seçmək hüququ var. Qadınların və 16 yaşa qədər uşaqları olan çoxuşaqlı anaların əmək hüququsosial müdafiəsi Konstitusiyadan əlavə “Əmək Məcəlləsində”, “Məzuniyyətlər haqqında”, “Vətəndaşların pensiya təminatı haqqında” və “Əhalinin məşğulluğu haqqında” və digər qanunlarda əksini tapmışdır.

Əsas Qanunun qəbulundan sonra dövlətin qadın hərəkatına himayədarlığı xeyli artmış, respublikamızda qadın problemləri institusional səciyyə daşımağa başlamışdır. 1995-ci ildə respublikamız BMT-nin “Qadınlara münasibətdə hər cür ayrı-seçkiliyin ləğv olunması haqqında” Konvensiyasını qəbul etmişdir. Həmin il Pekin konfransına hazırlıq dövründə Azərbaycanda fəaliyyət göstərən Qadınların Milli Komitəsi müxtəlif konfranslar keçirmiş, təhlillər, tədqiqatlar aparmış, bunun əsasında Pekin konfransına ümummilli məruzə hazırlanıb təqdim olunmuşdur. 1995-ci ildə Azərbaycan qadınları həmçinin IV Ümumdünya qadınlar konfransında iştirak etmişlər.

Respublikada gender siyasətinin səmərəli şəkildə həyata keçirilməsi məqsədilə hələ 1998-ci il 14 yanvar tarixdə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitənin əsas vəzifəsi qadınların hüquqlarının qorunması, onların ölkənin sosialsiyasi həyatında iştirak imkanlarının artırılmasıdır. 1998-ci ildə ilk qurultaylarını keçirən Azərbaycan qadınları cəmiyyətin ictimai-siyasi həyatında daha yaxından iştirak etmək, fəallıqlarını artırmaq istəklərini bir daha nümayiş etdirmişlər.

2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planının (2000-2005-ci illər) təsdiq edilməsi isə gender bərabərliyinin təmini baxımından mühüm addım olmuşdur. Bu proqram həm də birbaşa olaraq Azərbaycan Respublikasının qoşulduğu “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyanın və IV Ümumdünya Qadınlar Konfransında qəbul edilmiş Pekin Fəaliyyət Platformasının həyata keçirilməsi ilə əlaqədar olmuşdur.

Dövlətin qadınlarla bağlı siyasətinin daha da yetkinləşməsi zərurətini nəzərə alan ulu öndər Heydər Əliyev 2000-ci il martın 3-də “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalamışdır. Fərmanda qadınların inkişaf və tərəqqi dövrünə qədər keçdiyi gərgin, keşməkeşli mübarizə yoluna diqqətlə nəzər yetirilmiş, respublikanın mötəbər və möhtəşəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilmişdir.

Bu siyasəti 11 ildə inamla davam etdirən dövlət başçısı İlham Əliyev qadınların cəmiyyətdə fəal iştirakını, hüquq və azadlıqlarının yüksək səviyyədə təminatını, gender bərabərliyinin qorunmasını insan hüquqları sahəsində həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birinə çevirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 fevral tarixli sərəncamı ilə gender sahəsində vahid dövlət siyasətini həyata keçirən komitənin adı dəyişdirilmiş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Bu təşkilatın ümumən Cənubi Qafqazda gender sahəsində fəaliyyət göstərən yeganə dövlət strukturu olduğu da xüsusi qeyd olunmalıdır.

2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuşGender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununun əsas məqsədi isə kişi və qadınların ictimai həyatın bütün sahələrində bərabər imkanların təmin edilməsi, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Qanun gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini və vəzifələrini müəyyən etmişdir.

Milli Məclisin 2010-cu il 22 iyun tarixli qərarı ilə “Məişət zorakılığına qarşı mübarizə haqqında” qanunun qəbulu və dövlət başçısının 2010-cu il 1 oktyabr tarixli fərmanı ilə həmin qanunun tətbiqinə başlanılması ölkəmizdə ümumən məişət zorakılığına qarşı mübarizənin hüquqi əsaslarının formalaşdırılması baxımından mühüm addım olmuşdur. Nüfuzlu beynəlxalq təşkilatlar, xüsusilə də BMT-nin Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi Komitəsi tərəfindən tövsiyə olunmuş qanun xarici dövlətlərin mütərəqqi təcrübəsi nəzərə alınmaqla hazırlanmışdır.

Qanun ölkəmizdə ailə institutunun daha da möhkəmləndirilməsinə, onun milli-mənəvi əsasda inkişafına, yaxın qohumlar arasındakı möhkəm bağların və məsuliyyət hissinin möhkəmləndirilməsinə, dövlət və bütövlükdə cəmiyyət tərəfindən ailənin qorunmasına, onu sarsıda biləcək neqativ amillərin qarşısının alınmasına xidmət edir. Qanunda məişət zorakılığı ilə bağlı aparılan müvafiq araşdırmalar zamanı dövlət orqanlarının vəzifələri təsbit olunmuş, həmçinin cinayət təqibi ilə bağlı olan və belə təqiblə bağlı olmayan şikayətlərə baxılması qaydaları müəyyən edilmişdir. Eyni zamanda, məişət zorakılığının qarşısının alınmasına yönəlmiş tədbirlər sistemli şəkildə göstərilmişdir. Bir faktı da qeyd edək ki, ötən il erkən nikahların sayı 5 minə çatmışdır. Qadınlar və uşaqlar arasında intihar halları olmuşdur. Bunların aradan qaldırılması məqsədilə Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT ilə birlikdə “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə”, “Azərbaycanda məcburi köçkünlər, qaçqınlar və sığınacaq axtaran şəxslər üçün gender əsaslı zorakılığın aradan qaldırılması”, BMT-nin İnkişaf Proqramı ilə birgə 2011-2015-ci illəri əhatə edən “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadisosial həyatda iştirakının təşviqatı”, “Yeni idarəetmədə qadın liderliyi”, “Erkən nikahlara yox” şüarı altında “Erkən nikahlar: 50 suala 50 cavab”, “Qadınlara qarşı zorakılığa yox deyək” layihələrini uğurla həyata keçirmiş, “Gender əsaslı zorakılığa qarşı” fəallıq, məişət zorakılığı barəsində məlumatlandırma kampaniyalarında iştirak etmişdir. Artıq neçə illərdir ki, ölkəmizdə məişət zorakılığına məruz qalan qadınlar üçün reabilitasiya proqramı həyata keçirilir. Həmin proqramın məqsədi təzyiqlərlə, sərt davranışlarla üzləşən qadınların fizikipsixoloji problemlərinin həll olunmasını, həyat səviyyəsinin yaxşılaşdırılması üçün zəruri şəraitin yaradılmasını, eyni zamanda onların sosialhüquqi müdafiəsini təmin etməkdir.

Ümumiyyətlə, hər bir cəmiyyətin əsasını ailə təşkil etdiyindən, sağlam ailələrin çoxluq təşkil etməsi, bu müqəddəs ittifaqda məişət zorakılığına yer olmaması hamının marağındadır. Məişət zorakılığı ailədə baş verən, açıq görüntü dairəsində olmayan, cəmiyyətdən nisbətən gizli qalan, lakin cəmiyyətdəki atmosferin formalaşmasına bilavasitə təsir imkanları olan zorakılıqdır. Məişət zorakılığı - fiziki, emosional, iqtisadicinsi, habelə hədə-qorxu, təcrid və məcburiyyəti ehtiva edən təhqiredici, təhdidedici davranış nümunəsdir. Bura ailənin bir üzvünün digərinə qarşı tətbiq etdiyi fiziki, psixolojiiqtisadi zorakılıqlar daxil edilir. Məişət zorakılığı digər ailə üzvünün idarə olunması və onun üzərində hökmranlığın təmini məqsədilə tətbiq edilir.

Qeyd edək ki, hər cür zorakılıq və işgəncə humanizm, insanpərvərlik, mərhəmət və sair ali dəyərlərə zidd olan qeyri-əxlaqi davranış norması kimi azərbaycanlı milli düşüncə sistemində birmənalı qəbul edilmir. Ahıllara, böyüklərə, qadınlara, uşaqlara yüksək ehtiram və hörmət xalqımızın tarixən söykəndiyi milli-mənəvi, dini görüşlərin əsas qayəsində dayanır. Xalqımızın qəlbən, ruhən tapındığı islam dini qadın-kişi ayrı-seçkiliyi salmadan insanlara qarşı xoş rəftarı, gözəl danışmağı, yaxşılıq etməyi lazım bilir, zülmdən, şiddətdən, zorakılıqdan çəkindirir.

Xüsusi vurğulamaq lazımdır ki, qadın hüquqlarının qorunması, qadınlara qarşı zorakılıq və qeyri-insani rəftar formalarının qarşısının alınmasına yönəlmiş kompleks tədbirlər Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da fəaliyyətində xüsusi yer tutur. Fondun təşəbbüsü ilə hələ 2010-cu il may ayında Bakıda təşkil olunmuşGender bərabərliyi: de-yurede-fakto gender bərabərliyinin təmin olunması” mövzusunda beynəlxalq konfransda bütün bu məsələlərə də diqqət çəkən Mehriban xanım Əliyeva respublikamızda qadınlara tarixən hörmətlə yanaşıldığını da xüsusi vurğulamışdır: “Bizi narahat edən digər problem məişət zorakılığıdır. Hətta ən inkişaf etmiş cəmiyyətlərdə qadınlar müxtəlif növ zorakılığa məruz qalırlar. Azərbaycan da istisna deyildir. Digər ölkələrdə olduğu kimi, bizim ölkədə də məişət zorakılığını müəyyən etmək çox çətin olur. Bununla belə, qadınlar və uşaqlara qarşı hər hansı zorakılıq hətta bir hadisə olsa belə, qəbuledilməzdir. Qeyd etmək istəyirəm ki, ənənələrimiz və mentalitetimizdən istifadə edərək, bu cür davranışa rəvac vermək mənəviyyatsızlıqdır. Azərbaycan xalqının adət-ənənələrində qadına çox böyük hörmət və qayğı ilə yanaşılır. Ailə dəyərləri cəmiyyətimizin ən mühüm və qiymətli dəyərləri olmuşolaraq qalır”.

Şübhəsiz, bu gün Azərbaycan cəmiyyətindəki yeniliklərin mütərəqqi xarakteri qadınların yaşam tərzinə, məqsədlərinə, ümumilikdə prinsiplərinə də təsirsiz keçmir. Cəmiyyətdə böyük nüfuza, mövqeyə malik olan qadınlarımız bu gün dövlətin hərtərəfli inkişafı və tərəqqisi prosesinə öz layiqli töhfələrini verirlər. Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikada bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Dövlətin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq, qadınların bərabər hüquqlarını və bərabər imkanlarını təmin edir.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2014.- 25 noyabr.-  S.4.