“AZƏRBAYCAN”ın ən “uzunömürlüredaktoru

 

Bizim türk lisanımız Avropa üləma və filosoflarının rəyinə nəzərən, ən kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fikirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Böylə bir zəngin lisanın sahibi olub da, ondan istifadə etməməyin özü böyük bir bədbəxtlikdir...”

 

Üzeyir bəy HACIBƏYLİ

 

1885-ci il sentyabrın 18-də Şuşada doğulan Üzeyir bəyin ömür yolu 23 noyabr 1948-ci ildə sona çatdı. Ruhu isə öz sənətinə qoşularaq hələ də yaşayır və yüz illər boyu yaşayacaq. Üzeyir bəyin ulu babası Molla Hacı bəy Qarabaği dövrünün yaxşı tanınan ilahiyyatçı alimlərindən biri idi. Babası Məhəmməd Hacı oğlu isə Qarabağ xanı İbrahimxəlil Cavanşirin sarayında mirzə işləyirdi. Atası Əbdülhüseyn bəy də Xan qızı Natəvanın sarayında çalışırdı. Sonralar Xan qızı öz süd bacısı Şirinbəyimi ona ərə vermişdi. Üzeyir bəy ilk təhsilini məşhur pedaqoqjurnalist Haşim bəy Vəzirovdan aldı, ilk musiqi əlifbasını isə dayısı Ağalar Əliverdibəyovdan öyrəndi. Elə həmin illərdə məşhur dramaturq Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi və Cabbar Qaryağdıoğlunun iştirakı ilə Şuşada göstərilən “Məcnun Leylinin məzarı üstündə” (1897) səhnəciyində xorda iştirak edən Üzeyir bəyi bu tamaşa elə sehrlədi ki, gələcəkdə, özünün ifadəsi ilə desək, “operaya bənzər bir şey yaratmaq” həvəsinə düşdü.

1899-cu ildə Qori Müəllimlər Seminariyasına daxil olan Üzeyir bəy 1904-cü ildə təhsilini başa vurub Cəbrayıl qəzasının Hadrud kənd məktəbində bir il rus dili, tarix, hesab, nəğmə müəllimi işləyir. Elə o vaxtdan müəllimlik sənətini sevir, onun məsuliyyətini hiss edirbu gün də aktuallığını itirməyən fikirlərini dilə gətirir: “Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adamı müəllim bilib uşağı ona tapşırmaq böyük xətadır.”

1905-ci ilin payızından Bakıya köçən Üzeyir bəy şəhərin Bibiheybət kənd məktəbində (hazırda 51 nömrəli şəhər məktəbi) müəllimlik fəaliyyətini davam etdirir və hər gün 10 kilometrlik yolu piyada gedib-gəlir. Kim bilir, hər gün onunla bu yolu addımlayanlar arasında bəlkə milli mədəniyyətimizin əvəzsiz incilərindən biri olanLeyli və Məcnun”, “Koroğlu”, eləcə də digər şah əsərləri də vardı... O, həmin illərdə, eyni zamanda, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal” qəzetlərində, “Molla Nəsrəddin” jurnalında, eləcə də rus dilində çıxan “Kaspi” qəzetində mühərrirlik və tərcüməçiliklə məşğul olur, görkəmli fikir adamları Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqaları ilə yaxından əlaqə saxlayırdı.

Üzeyir bəy Avropa tipli təhsil sisteminin qurulmasını vacib hesab edirdi və tarixə həsr olunmuş iki məşhur məqaləsində yazırdı ki, yaponların zəngin tarixi olmasa da, müasir dövrdə güclü elm və təhsil sistemi ilə dünyada tanınıblar, Buxaranın isə qədim və zəngin tarixi olsa da, müasir maarif sistemi olmadığı üçün çox geridə qalıb. Bu dövrdə Avropaya can atmaq, öz milli xüsusiyyətlərini qorumaqla Avropa dəyərlərinə yetişmək əksər ziyalılarda olduğu kimi, Üzeyir bəyin də qarşısında duran əsas məsələlərdən biri idi: Dilimizi öyrənməliyiz, öz rifah və səadətimiz üçün öyrənməliyiz, öz mədəniyyət və mərifətimiz üçün öyrənməliyiz ki, öz ehtiyacatımızın bəyanına qadir olaq... Öyrənməliyiz ki, Avropanın bütün aləmə car edən ülum (elm) və finünun hər bir qismi meydanında dahilər çıxardıb, istiqbalımızı hər cəhətdən təminə çalışaq...”.

22 yaşlı Üzeyir bəy Hacıbəylinin 1908-ci il yanvarın 25-də Bakıda böyük mesenat Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası nəinki Azərbaycanda, eyni zamanda bütün müsəlman Şərqində çox böyük, mühüm bir hadisəyə çevrildi. Operanın ilk tamaşasının bədii tərtibatını həm də böyük rəssam kimi tanınan məşhur Əli bəy Hüseynzadə vermişdi. Deyilənə görə, bu operanın yazılması haqqında Həsən bəy Zərdabinin təklifi və bu təklifin reallaşmasına dair məşhur pedaqoq Fərhad Ağazadənin Üzeyir bəyə xahişləri olub. İllər keçəcək və görkəmli maarifçi Azad Əmirov keçmiş tələbə yoldaşı Üzeyir bəyə 1918-ci ildə - “Leyli və Məcnun”un on illiyində bunları yazacaq: Vaxt gələcək, tarix, yalnız ədalətli tarix özünün ehtiyatlı əli ilə öz səhifələrində müsəlman həyatındakı bu misilsiz müstəsna hadisəni qızıl hərflərlə yazacaq və sənin, əziz Üzeyir, əzabkeş millətinin fərəhsiz həyatına çox zəngin xəzinə, nadir inci kimi bəxş etdiyin bu gözəl, ilahiləşdirilmiş cərəyanı xüsusi qeyd edəcəkdir...”

Sonradan bir-birinin ardınca Üzeyir bəyin “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah AbbasXurşudbanu”, “Əsli və Kərəm”, “HarunLeylakimi muğam operaları, “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alankimi musiqili komediyaları yaransa da, “Leyli və Məcnun” ilk sevgi kimi nə köhnəldi, nə də unuduldu.

Dövrün ziyalıları hesab edirdilər ki, “mətbuat bir millətin lisanı (dili), samiəsi (qulağı), nəzəri (gözü), beyni deməkdir. Mətbuatsız millət söyləyəməz, eşidəməz, görəməz.” (“Füyuzat” jurnalı, 1907, 129). Üzeyir bəy, digər ziyalılarımız kimi, öz felyetonlarında geriliyi, nadanlığı pisləyir, milləti maarifə, elmə çağırır, bu işə mane olanları isə kəskin tənqid edirdi. Bu tənqidləri və mövcud rejimə qarşı sətiraltı mənaları diqqətlə izləyərək “Üzeyirin felyetonlarından bir özgə iy gəlir” - deyən rəqiblərinə Üzeyir bəy çox ustalıqla: “Əfəndim, xahiş edirəm, bundan sonra mənim yazılarımı iyləməyəsiniz” deyə cavab verirdi.

28 may 1918-ci ildə qəbul olunan Milli İstiqlal Bəyannaməsi Üzeyir bəyin düşüncələrinə və qələminə yeni bir rəng qatdı. Artıq kimlərinsə onun yazılarını “iyləmə”sinə ehtiyac yox idi. O, 1918-1920-ci illərdə cümhuriyyətin rəsmi orqanı olan “Azərbaycan” qəzetində xüsusi şövqlə çalışırdı. Qəzetin 1919-cu il yanvarın 16-da buraxılmış 89-cu sayından başlayaraq parlamentin qərarı ilə Paris Sülh Konfransına göndərilən kiçik qardaşı Ceyhun bəyin əvəzinə qəzetə redaktor təyin olunan Üzeyir bəy 1920-ci il aprelin 27-nə kimi, yəni cümhuriyyət süqut edənədək bu vəzifədə çalışdı. Onun “Azərbaycan” qəzetindəki son yazısı aprelin 25-də, yəni işğaldan iki gün əvvəl çap edilib. Üzeyir bəy həmin məqaləsində yazırdı: “Mən demirəm ki, Nikolay hökuməti ilə Lenin hökuməti arasında fərq yoxdur. Xeyr. Təfavüt vardır və özübundan ibarətdir ki, nikolaylargenerallar hökuməti bizə həmişə “svoloçdeyib, atamıza söyərdilər, mujikraboçi hökuməti məşhur rus söyüşü ilə anamıza söyəcəklər”...

İşğaldan az sonra Azərbaycan xalqının cəlladları olan pankratovların, mikoyanların rəhbərliyi və sapı özümüzdən olan manqurtların dəstəyi ilə bir neçə gün əvvəl “Azərbaycan” qəzetində sovet Rusiyasının mahiyyətini məsxərəyə qoyan Üzeyir bəyin də tutulub güllələnməsi haqqında sənədlər hazırlansa da, nə yaxşı ki, böyük milli faciəyə yol açan bu cinayətin qarşısını Nəriman Nərimanov vaxtında ala bildi... Üzeyir bəyin o dövrdəki ictimai-siyasi fəaliyyətini ümummilli lider Heydər Əliyev belə dəyərləndirirdi: “1918-1920-ci illərdə, ağır bir dövrdə - Azərbaycanın ilk respublikasının fəaliyyət göstərdiyi dövrdə Üzeyir Hacıbəylinin yaradıcılığı əvəzsizdir”.

Üzeyir bəy Hacıbəyli 1948-ci il noyabrın 23-də gecə saat 2-də 63 yaşında-”peyğəmbər yaşı”nda Bakıda dünyasını dəyişdi. Onunla vida mərasimi Azərbaycan memarlığının şah əsəri olan “İsmailiyyə”də - Elmlər Akademiyasının binasında “Sənsiz” romansının sədaları altında keçdi. Bu, Bakıda Həsən bəy Zərdabidən sonra ən qələbəlik dəfn mərasimi idi. Üzeyir bəyin ölüm xəbərini Vətəndən uzaqlarda eşidən onun əski məsləkdaşı M.Ə.Rəsulzadə yazırdı: “Başda bir həvəskar olaraq işə başlayan Hacıbəyli, sonra kəndi - kəndini yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropayi mənasiylə nüfuzunu hər kəsə tanıtmış bir kompozitor olmuşdur. Yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da kəndi diktatorluğu altına almış və onu bayağı mənfəətləri üçün sömürə bulduqca sömürmüşverdiyi bir takım rəsmi və siyasi vəfa və ünvanlarla onu “mənimsəmişdir”. Fəqət beyhuda, dəmir pərdənin arxasında kəndisinə süni marşlar yazdırılsa da, Moskvada omuzu diktatorun əliylə oxşadılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgiləri olmayan komissarlar növbədə dursalar da, Hacıbəyli Üzeyiri Azərbaycandan, Azərbaycan kültüründən və Azəri türk tarixindən kimsə ayıramaz! O, milli Azərbaycan varlığının məsnədləri arasında qalacaq ayrılmaz bir dəyərdir...”

Ü.Hacıbəylinin ölümü münasibəti ilə qardaşı C.Hacıbəylinin redaktoru olduğu, Almaniyanın Münhen şəhərində yayınlanan “Azərbaycan” jurnalı isə yazırdı: “Üzeyir bəyin vəfatından sonra sovetlər bayağı mənfəətləri üçün onun adına muzey açmaq, abidə tikmək qərarını vermişlər. Sovetlər nə qədər çabalayırlarsa-çabalasınlar, sənəti ilə məhəbbət və etimad təlqin edən, Şərq musiqisinin seyrini dəyişdirmiş olan Azərbaycanın bu böyük fədakar və səmimi oğlunu - yaradılış xariqəsi Üzeyir Hacıbəylini nə Azərbaycandan, nə də Türk-Müsəlman tarixindən heç bir qüdrət ayıra bilməz”.

Həqiqətən də Üzeyir bəy Hacıbəylinin özündən sonra qalan zəngin elmi, bədii, publisistik, musiqi irsi xalqımızın milli sərvətidir. 1995-ci ildən başlayaraq dahi bəstəkarın doğum gününün - 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd edilməsi, yubileylərinin keçirilməsi, milli tariximizdə ilk dəfə olaraq konkret tarixi şəxsiyyətə həsr olunmuş fərdi ensiklopediya - “Üzeyir Hacıbəyov ensiklopediyası”nın yaradılması, onun irsinin dünyada təbliği istiqamətində Heydər Əliyev Fondu tərəfindən “Üzeyir dünyası”, “Azərbaycan muğamı ensiklopediyası”, “Qarabağ xanəndələri albomu” layihələrinin gerçəkləşməsi, Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması, beynəlxalq muğam festivalının təşkili onun xatirəsinə olan ehtiramın, sevginin parlaq nümunəsidir.

Üzeyir bəyin ömrü boyu axtardığı və tapındığı bir həqiqət vardı. Onu lap gənc yaşlarında tapmışdı. O həqiqət barədə hələ 1910-cu ildə “Həqiqət” qəzetində yazırdı: “Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və insaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıbdır. Bu cür adamlar nəinki sağlığında, bəlkə də öləndən sonra da camaata mənfəət verirlər!...”

Üzeyir bəyin dünyasını dəyişdiyi bir gündə “Bir firəng ilə söhbətim” felyetonunu təqdim etməklə ictimai fikir tariximizdə möcüzələr yaradan ustadın ölməz publisistikasını da bir daha yada salmaq istədik.

 

Bəxtiyar QARACA

 

Azərbaycan. - 2014.- 23 noyabr.- S.6.