Bir firəng ilə söhbətim

 

Günlərin bir günü, yəni bir neçə zaman bundan irəli nə tövr oldusa bir firəng ilə tanış oldum. Firəng məni, mən firəngi söhbətə tutduq, bir xeyli danışdıq elədik, axırda firəng məndən soruşdu ki, bir de görüm bu Qafqazda nə qədər müsəlman vardır.

Dedim altı dəfə doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquzbir də altı müsəlman! Dedi, bu zəhməti çəkmə, altı milyon desəydin ağzın yorulmazdı. Dedim, mən müsəlmanam, doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquzun mənə artıq təsiri olur, nəinki bir milyonun. Firəng bu sözə razı oldusonra yenə soruşdu ki, bu altı milyon müsəlmanın içində neçə qəzet çıxır.

Dedim Allahdan gizli deyil, səndən nə gizli olacaqdır, bu altı milyon müsəlmanın içində bircə dənə qəzet çıxır.

Bunu dediyimi gördüm, firəng yerindən elə sıçradı ki, guya kişini ilan dişlədi! Və üzündə elə bir heyrət və təəccüb əlaməti göstərdi ki, mənim özümquruyub mat qaldım və ürəyimdən keçirtdim ki, yazıq altı milyon müsəlman, bir gör sənin içində bircə dənə qəzet verilməsi yad firəngə nə pis təsir elədi və halonki, sənə qalsa istərsən ki, heç qəzet yerli-dibli olmasın!

Amma sonra bildim ki, firəngi təəccübə gətirən altı milyon müsəlmanın içində bir qəzet olması deyilmiş, çünki o məndən soruşdu ki, “müsyö, indiyədək, nə təvarixdə, nə də heç bir abrazovannı yerdə görülməyibdir ki, bir dənə qəzetin altı milyon müştərisi olsun!! Neujeli sizin bir dənə qəzetinizin altı milyon müştərisi var?!!. Firəng bu sualı mənə verdikdə, məndən bir qəhqəhə çıxdı ki, firəng elə bildi dəli olmuşam.... Dedi nəyə gülürsüz? Dedim heç, onu deyirəm ki, qəzetimizin altı milyon müştərisi yoxdur, bir qədər azdır.

Dedi: Beş milyon? Dedim: Bir qədər azdır. - Əlli min? - Yox, azdır.

Dedi: Dörd milyon?

Dedim: Bir qədər azdır. - Otuz min?

- Yox, azdır.

Dedi: Üç milyon? Dedim: Bir qədər azdır. - On min? - Yox, azdır.

- İki milyon? - Yox, azdır. - Beş min? - Yox, azdır.

- Bir milyon? - Yox, azdır. - Dörd min? - Yox, azdır.

- Beş yüz min? - Yox, azdır. - Üç min? - Yox, azdır.

- Üç yüz min? - Yox, azdır. - İki min? - Yox, azdır.

- Yüz min? - Yox, azdır. - Bir min? - Yox, bir az çoxdur.

- Doxsan min? - Yox, azdır. - Bəs neçə? - Min səkkiz yüz!

Bu sözü demişdim ki, gördüm rəfiqim firəng tez bir fayton çağırıb, düz vağzala sürdürdü o gedən firəng oldu ki, getdi. Bir neçə vaxtdan sonra firəngdən bir kağız aldım ki, içində bunu yazmışdı:

Altı milyon tayfanın içində bir dənə qəzet ola, o qəzetin min səkkiz yüz müştərisi ola, o tayfadan heç bir yaxşı şey gözləmək olmaz, a molla!”

Bu sözlər məni çox yandırdı, tez götürüb cavabında yazdım ki, nə olsun, biz müsəlmanlar beləyik, amma siz firənglərin də yedikləri həmişə qurbağa ilə tısbağadır...

 

Üzeyir bəy HACIBƏYLİ