Seçkilərin şəffaf keçirilməsi üçün bütün tədbirlər görülür

 

44 saylı Sumqayıt - Xızı Seçki Dairəsi eyni adlı ərazilərdə yaşayan seçicilərin müəyyən hissəsini əhatə edir. Qarşıdan gələn bələdiyyə  seçkilərinə adları göstərilən şəhərlərdə ciddi hazırlıq gedir.

Seçki Dairəsinin  1 saylı seçki məntəqəsi  Sumqayıt Musiqili Dövlət Dram Teatrının  binasında təşkil edilib. Məntəqənin girəcəyində seçki gününün əhəmiyyətini özündə əks etdirən plakatlar asılıb. Məntəqə komissiyasının sədri Qasım Qasımov bizimlə söhbətində bildirdi:

- Seçici siyahıları məntəqənin əhatə etdiyi ərazi üzrə üzvlərimiz tərəfindən dəqiqləşdirilir. Çalışırıq ki, ərazidə yaşayan bütün vətəndaşlar  səsvermə hüququndan yararlana bilsinlər. Araşdırmalar aparılır, seçki siyahısını bu günlərdə  tam şəkildə bitirəcəyik.

Məntəqədə siyahı dəqiqləşdirildikdən sonra  əhaliyə paylanacaq bildirişlərin yazılıb hazırlanmasına  başlanacaq.  Məntəqənin yerləşdiyi otaqda seçki məcəlləsi, təlimatlar, yaddaş kitabçaları var. 1 saylı seçki məntəqəsinin katibləri Samirə Həşimova və Vüsalə İsmayılova qeyd etdilər ki, komissiya üzvləri əhali tərəfindən edilən müraciətləri cavablandırmaq üçün xüsusi plan əsasında hərəkət edirlər.

1 saylı seçki məntəqəsində ilk dəfə səs verənlərin sayı 30 nəfərdir. Fidan Fərəcova, Aynurə Məlikova, Esmira Rəhimova,  Vüsal Talıblı və digərləri ilə görüşlər də keçirilib. Q.Qasımov onlarla keçirilən görüşlər barədə məlumat verərək bildirdi ki, adları ilk dəfə səsvermədə qeyd olunan gənclərin çoxu ali məktəb tələbələridir. İlk dəfə səs verəcək gənclər vaxt tapan kimi məntəqəyə gələrək  seçki prosesləri ilə maraqlanırlar. Bu da gənclərin ölkə qarşısında vətəndaş məsuliyyətinin artdığını göstərir.

Yaqub Cəfərov 1930-cu ildəndir-deyən məntəqənin katibi Samirə Həşimova söhbətimizə qoşulur:  Ömrünün 84-cü baharını yaşayan Yaqub baba  qapısını döyən əməkdaşlarımıza siyahıyaalma prosesində çox kömək göstərib. Yaşadığı ərazini mükəmməl tanıyan Y.Cəfərov  məntəqə seçki komissiyasının üzvləri ilə birlikdə əhalinin siyahıya alınmasında iştirak da edib. Yaqub baba deyir ki,  sovet dövründə kimin seçiləcəyini qabaqcadan hamı bilirdi. Yəni sənin verəcəyin səsin əhəmiyyəti yox idi. Bu gün isə tamamilə başqadır, seçicilər istədiklərini aşkar seçirlər. Bütün bunlar demokratiyanın nəticəsidir.

1 saylı məntəqə seçki komissiyasının sədri Qasım Qasımov onu da qeyd etdi ki,  bütün texniki avadanlıqlar məntəqəyə gətirilib. Kompüter dəsti , təlimatlar, qızdırıcı, generator və digər vasitələr artıq məntəqədədir. Yaxın günlərdə seçici siyahıları tam şəkildə dəqiqləşdirildikdən sonra stendlərə vurulacaqdır. 

Q.Qasımov onu da bildirdi ki, məntəqəyə ayrılan kompüterdə  seçicilərin siyahısı, ilk dəfə səsverənlər və digər bölmələr yarabılıb.

- Əvvəllər bir sənədi tapmaq üçün onlarla kağızı vərəqləyərdik,-deyə məntəqənin katibi Samirə Həşimova bildirir:  Hazırda müasir texnologiyaların köməyi ilə bu asanlaşıb. Aradığın hər hansı məlumatı tapmaq o qədərdə çətin deyil. Məntəqədə quraşdırılan telefon vasitəsilə seçicilərə qaranlıq qalan məsələlərə aydınlıq gətirilir.

Məntəqədə təşviqat üçün xüsusi lövhələr yerləşdirilib.  Bələdiyyə üzvlüyünə 19 yerə qarşı 30-a yaxın namizəd qeydə alınıb. Ölkəmizin inkişaf və gələcəyini  müəyyənləşdirəcək bələdiyyə seçkilərinə hazırılq  Sumqayıt və Xızıda sona çatmaq üzrədir.

 

Akif ƏLİYEV

 

Azərbaycan. - 2014.- 23 noyabr.- S.7.