Azərbaycanın qonşu dövlətlərlə mehriban münasibəti Ermənistanı narahat edir

 

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin İrana səfəri Ermənistanda etiraza səbəb olub. Etirazın səbəbi heç də Rusiyanın yüksək vəzifəli məmurunun qonşu dövlətə səfər etməsində deyil, S.Narışkinin Tehran görüşlərində müzakirə etdiyi məsələdədir.

Erməniləri əndişələndirən odur ki, Rusiya parlamentinin sədrinin İran rəsmiləri ilə görüşündə iki ölkənin dəmir yolları sistemlərinin birləşdirilməsi barədə razılıq əldə edilib. Söhbət Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin Azərbaycan ərazisindən keçməklə Rusiya dəmir yolları sisteminə birləşdirilməsindən gedir.

İran səfərində S. Narışkini müşayiət edən Rusiya Dövlət Dumasının nəqliyyat məsələləri komitəsinin sədri Yevgeni Moskviçov bəyan edib ki, “Rusiya dəmir yolları” şirkəti Azərbaycan ərazisindən Rusiyaya gedən dəmir yolu xətti tikmək niyyətindədir. Y.Moskviçovun bəyanatından əvvəl Prezident Həsən Ruhaninin Azərbaycana rəsmi səfərinin nəticələrini şərh edən İran Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndiyan bildirib ki, Bakıda aparılan danışıqlarda iki ölkənin dəmir yolları sistemlərinin birləşdirilməsi barədə məsələ də müzakirə olunub. Deməli, Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin Azərbaycan ərazisindən keçməklə Rusiyaya birləşdirilməsi məsələsi aktuallaşıb.

Ermənistanı narahat edən məsələyə gəldikdə isə qeyd etmək lazımdır ki, Yerevan İranla Ermənistanı birləşdirəcək dəmir yolu xətti çəkmək istəyirdi və bu barədə tərəflər arasında danışıqlar aparılmışdı. Dərin iqtisadi böhran keçirən Ermənistan yolun çəkilişi üçün büdcədən cüzi vəsait ayıraraq əsas maliyyənin İran tərəfindən yatırılacağına ümid bəsləyirdi. Lakin İranda H.Ruhaninin prezident seçilməsi və bu ölkəyə qarşı tətbiq olunmuş iqtisadi sanksiyaların aradan qaldırılması istiqamətində Qərb dövlətləri ilə danışıqlara başlaması onsuz da iqtisadi baxımdan o qədər də səmərəli olmayan İran-Ermənistan dəmir yolu xəttinin çəkilişini arxa plana keçirdi. İranın inkişaf edən iqtisadiyyatı üçün daha dayanıqlı yük daşıma sistemi lazımdır. Hazırkı dövrdə İran-Azərbaycan münasibətlərinin inkişafı və iqtisadi əlaqələrin genişlənməsi, eyni zamanda, rəsmi Tehran ilə Moskvanın yaxınlığı Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin reallaşmasını aktuallaşdırıb.

Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin uzunluğu 205, İranın Ənzəli limanından Astaraya qədər olan hissəsi isə 164 kilometrdir. Yolun inşasına İranın 6 böyük tikinti şirkəti cəlb edilib və işlərin 80 faizi başa çatıb. Yolda 22 tunelin və 15 körpünün də inşası davam edir. Tunellərdən 15-i artıq hazırdır. İran bu yolun inşasına 400 milyon dollar vəsait ayırmağı planlaşdırıb. Bu yolla yük daşımalarının həcmi ilkin mərhələdə 6 milyon ton olacaq, gələcəkdə isə 15 milyon tona qədər yüksələcək.

Layihə çərçivəsində Astara (Azərbaycan) stansiyasınadək 8,5 kilometr dəmir yolu xəttinin, təkər cütlərinin dəyişdirilməsi üçün sistem stansiyasının, sərhəd və gömrük-keçid infrastrukturunun yaradılması da nəzərdə tutulub.

Bu nəqliyyat dəhlizinin işə düşməsi sayəsində İran Azərbaycan və Rusiya ilə iqtisadi-ticarət əlaqələrini daha da inkişaf etdirəcək. Böyük iqtisadi potensiala malik olan İran öz məhsullarını xarici bazarlara ixrac etmək istəyir. Bu ehtiyacın ödənilməsi üçün rəsmi Tehran Azərbaycan vasitəsilə Rusiyaya, oradan isə Şərqi və Qərbi Avropa ölkələrinə nəqliyyat çıxışı əldə etmək istəyir. Digər tərəfdən Azərbaycan iqtisadiyyatının dinamik inkişafı onu daha cəlbedici edir. Bazar iqtisadiyyatı şəraitində beynəlxalq aləmdə xarici dövlətlər iqtisadi potensiala malik olan ölkələrlə əməkdaşlığa can atırlar. Ermənistanın isə nəinki iqtisadi potensialı yoxdur, üstəlik bu dövlət təhlükəli meyillərə söykənərək işğalçılıq siyasəti yürüdür. Məhz bu işğalçılıq siyasəti Ermənistanı uçurumun kənarına gətirib çıxarıb. Ermənistanın Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları bu dövlətlərlə sərhədlərinin bağlanmasına səbəb olub. Onu da qeyd edək ki, Ermənistanın Rusiya ilə birbaşa quru sərhədi yoxdur. Odur ki, İrandan Ermənistana dəmir yolunun çəkilməsi heç bir perspektivə malik deyil.      

Ermənistan növbəti dəfə regionda həyata keçirilən beynəlxalq iqtisadi layihədən kənarda qalaraq əsassız yerə Rusiyanı ittiham etməyə başlayıb. Ermənistan mətbuatında dərc olunan “Bakı-Moskvanın prioritetidir” başlıqlı analitik yazıda etiraf olunur ki, “Rusiya regionda Ermənistanla strateji müttəfiqliyi siyasi prioritet saymır. Amma Azərbaycan bu gün regionda əsas yer tutur”.

Məqalədə deyilir ki, “Ermənistanın İranla yaxşı siyasi münasibətləri var, buna görə də Rusiya Yerevan vasitəsilə İranla iqtisadi əlaqələr qura bilər, lakin bunu etmir. Rusiya həmişə Ermənistan-İran iqtisadi əlaqələri üçün böyük mane törədir və Azərbaycan vasitəsilə İranla əlaqəni təmin etməyə hazırlaşır”.

Bu analitik məqalənin yazılıb yayılmasını təsadüfi hesab etmək olmaz. Yazının məzmunundan görünür ki, Yerevan İran ilə Azərbaycanın bütün sahələr üzrə yaxınlaşmasına qısqanclıqla yanaşır, bundan narahatdır və məsələyə şovinist düşüncəsi ilə yanaşaraq rəsmi Bakı ilə Tehran əlaqələrinin guya “etibarsız” olduğunu sübut etməyə çalışır. Əvvəla İran bütün səviyyələrdə Azərbaycanın ərazi bütövlüyüsuverenliyini tanıdığını bəyan edib. İranın PrezidentiAli Rəhbəri İran-Azərbaycan əlaqələrinə üçüncü tərəfin qarışmaq ixtiyarının olmadığını bildiriblər. Azərbaycana gəldikdə isə qeyd etmək lazımdır ki, rəsmi Bakı heç bir dövlətin siyasətinə qarışmadığını və ölkə ərazisindən İrana qarşı istifadə olunmasına yol verməyəcəyini dəfələrlə bəyan edib. Cari ildə İran və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərləri münasibətlərin daha da yaxınlaşmasına xidmət edir. Odur ki, Ermənistan mətbuatının uydurduğu “etibarsızlıqdan” söhbət gedə bilməz.

Rusiyanın Ermənistanın İranla iqtisadi əlaqələrinə əngəl olması iddiasına gəldikdə isə qeyd etmək lazımdır ki, burada da siyasi məntiq yoxdur. İran-Ermənistan dəmir yolunun çəkilməsinə Rusiyanın maraq göstərməməsinin səbəbi yuxarıda vurğuladığımız kimi, Ermənistanın Rusiya ilə birbaşa quru sərhədinin olmamasıdır. Bu yolun çəkilişi İran kimi, Rusiya üçün də maraqsızdır.

Yuxarıda deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, Ermənistan adətinə sadiq qalaraq öz siyasi xəttinə nəzər salıb buraxdığı səhvləri düzəltmək əvəzinə, qonşu ölkələrin bostanına daş atmaqla məşğuldur. Bu gün Ermənistanda baş verən kütləvi aksiyalar hakimiyyətin küncə sıxıldığını göstərir. Erməni xalqı qonşu ölkələrin iqtisadi inkişafını görərək hakimiyyətdən dəyişikliklər tələb edir. Ola bilsin, bu ölkədə hakimiyyət dəyişikliyi baş versin. Lakin Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, işğalçılıq siyasətinə son qoyulmasa, böhran davam edəcək.

 

Rabil Kətanov

AzərTAc-ın xüsusi müxbiri

Tehran

 

Azərbaycan. - 2014.- 23 noyabr.- S.7.