Sumqayıtda əmək
yarmarkası keçirildi
Dünən Sumqayıt Dövlət Universitetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə əmək yarmarkası keçirilmişdir.
Tədbirdə çıxış edən SDU-nun humanitar məsələlər üzrə prorektoru, dosent Nizami Namazov vurğuladı ki, şəhərin ən iri ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetində əmək yarmarkası keçirilməsi tələbələrin əmək bazarına çıxmaqda və öz gələcək karyerasını qurmaqda çox mühüm amildir. Bu gün ölkəmizdə yeni iş yerlərinin açılması dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Əmək yarmarkasında 5-i dövlət, 32-si qeyri-dövlət olmaqla Sumqayıt şəhərində fəaliyyət göstərən 37 işəgötürən tərəfindən 620 ştat vahidli boş iş yerləri (vakant vəzifələrə) təqdim olunmuşdu. Yarmarkada gənclər şəhərinin iri müəssisələri olan Sumqayıt Texnologiyalar Parkı, Gilan Tekstil müəssisəsi, Bismak Qida-Sənaye kompleksi, BASF Kimya Şirkəti, “İntertextile” ASC və digər şirkətlər iştiak edirdilər.
Məzunlar və sonuncu kurs tələbələri iş yerləri barədə məlumatlandırılmış, gələcək layihələrdə iştirak etmək istəyən gənclərin CV-ləri qəbul edilmişdir.
Onu da bildirək ki, son illər ölkənin müxtəlif rayonlarında əmək yarmarkalarının təşkili bir ənənə halını almışdır. Ümumilikdə belə yarmarkaların keçirilməsi vətəndaşların işlə təmini istiqamətində böyük səmərə verir.
Əmək yarmakasının sonunda işlə təmin edilən gənclər onlara göstərilən belə diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişdilər.
A.ƏLİYEV
Azərbaycan. - 2014.- 23 noyabr.- S.8.