Naxçıvanda “Sulu boya” rəsm müsabiqəsinin yekun sərgisi açılıb

 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz  Kəngərli adına sərgi salonunda Naxçıvan MR-in 90 illiyinə həsr olunanSulu boya” rəsm müsabiqəsinin yekun sərgisi açılıb. 

AzərTAc xəbər verir ki, Naxçıvan Muxtar Respublikası  Rəssamlar Birliyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində Naxçıvan MR-in Rəssamlar  Birliyinin  sədri Ülviyyə Həmzəyeva çıxış edərək sərgi iştirakçılarını salamlayıb.

Ü.Həmzəyeva bildirib ki, “Sulu boya” sərgisinin keçirilməsində məqsəd, gənc rəssamlara və sənətsevərlərə sulu boya üslubunu sevdirmək və inkişaf etdirməkdir. Sərgilənən əsərlərdə rəssamlar Azərbaycanın məişətini, təbiətini, adət-ənənələrini sulu boya üslubunda təsvir etməyə çalışıblar.

Qeyd edildi ki, sərgidə Bakı şəhərindən 32, Naxçıvan rəssamlarının isə 30 sulu boya ilə çəkilmiş əsəri nümayiş olunub.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov muxtar respublikada mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan danışaraq, sənətsevərləri keçirilən sərgi münasibətilə təbrik edib, iştirakçılara uğurlar arzulayıb.

Bildirilib ki, Naxçıvan qədim mədəniyyəti və incəsənəti ilə bütün dünyada tanınır. Tarix boyu bu diyarda mədəniyyət durmadan inkişaf etmiş, elmə, ədəbiyyata, incəsənətə böyük maraq göstərilmişdir. Təsadüfi deyil ki, ilk realist rəssamlıq məktəbinin əsasını naxçıvanlı rəssam Bəhruz Kəngərli, romantik şeirin əsasını dahi şairimiz Hüseyn Cavid, tragikomediyanın əsasını isə böyük ədibimiz Cəlil Məmmədquluzadə qoyub.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur  Hüseynov, xalq rəssamı Arif Hüseynov çıxış edərək sərginin təşkil olunmasında göstərilən dəstəyə görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildirdilər.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yeni üzvlərinə vəsiqələr təqdim olunub.

Sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar.

 

Azərbaycan. - 2014.- 23 noyabr.- S.8.