Bakıda Türkiyə Mədəniyyəti
Günləri başlayıb
Noyabrın
23-də Bakıda, Heydər Əliyev Mərkəzində
Türkiyə Mədəniyyəti Günlərinin
açılış mərasimi keçirilib.
Hökumət
rəsmilərinin, Milli Məclisin deputatlarının, ölkəmizdə
fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin,
mədəniyyət və incəsənət xadimlərinin
iştirak etdikləri mərasimdə əvvəlcə Azərbaycanın
və Türkiyənin dövlət himnləri səslənib.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda Türkiyə Mədəniyyəti Günlərinin keçirilməsinin ölkəmiz üçün əlamətdar hadisə olduğunu bildirib. Nazir deyib: “Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk dəfədir ki, ölkəmizdə Türkiyənin Mədəniyyət Günləri keçirilir. Bu tədbir həm də xalqlarımızın tarixi köklərinin yaxınlığı və gələcək münasibətlərimiz baxımından əhəmiyyət daşıyır. Belə bir möhtəşəm məkanda - Heydər Əliyev Mərkəzində isə ilk dəfədir ki, bir ölkənin mədəniyyət günlərinin açılış mərasimi keçirilir”.
Əbülfəs Qarayev vurğulayıb ki, Azərbaycan və Türkiyə rəhbərləri arasında dostluq münasibətləri, ölkələrimizin birgə platformalarda iştirakı türk dünyasının güclü olduğunu sübut edir.
Nazir iki il bundan əvvəl Azərbaycan Mədəniyyəti Günlərinin Türkiyədə uğurla keçirildiyini xatırladıb. O, Bakıda keçirilən Türkiyə Mədəniyyəti Günlərinin xalqımız tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edib.
Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik mədəniyyət günlərinin təşkilinin ölkəsi üçün böyük əhəmiyyət daşıdığını deyib. Nazir vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kimi müdrik kəlamı ölkələrimiz arasında münasibətlərin bütün sahələrində özünü təsdiqləyir.
Qeyd edilib ki, mədəniyyət günləri çərçivəsində əl işləri və fotosərgilər, folklor konserti, film və teatr nümayişi nəzərdə tutulub.
Mərasimdə Türkiyə mədəniyyətinin tanıtım videosu nümayiş etdirilib.
Daha sonra
İstanbul Tarixi Türk Musiqisi Topluluğu mehter kollektivinin, Əməkdar Artist
Azərinin çıxışları olub.
Azərbaycan.-2014.- 25 noyabr.- S.4.