Azərbaycan və Türkiyə
xalqları bir-birinin
mədəniyyətini
daha yaxından öyrənirlər
Noyabrın
23-də Azərbaycanın mədəniyyət və turizm
naziri Əbülfəs Qarayevin türkiyəli həmkarı
Ömər Çelikin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşündə ölkələrimiz
arasında mədəniyyət sahəsində əməkdaşlığın
inkişaf etdirilməsi ilə bağlı müzakirələr
aparılıb.
AzərTAc
xəbər verir ki, Əbülfəs Qarayev ötən il
Türkiyənin üç şəhərində
keçirilmiş Azərbaycan Mədəniyyəti Günlərinin
mədəniyyətimizə və incəsənətimizə
böyük maraq doğurduğunu söyləyib. Nazir
ümidvar olduğunu bildirib ki, Azərbaycanda ilk dəfə
keçirilən Türkiyə Mədəniyyəti Günləri
də əlamətdar hadisəyə çevriləcək,
ölkələrimiz arasında mədəni əlaqələrin
inkişafına təkan verəcək. Bu həm də
Türkiyə mədəniyyəti ilə daha yaxından
tanışlıq üçün böyük əhəmiyyət
kəsb edir.
Bodrumda
türkiyəli nazirlə keçirdiyi görüşü
xatırladan Ə.Qarayev mədəniyyətin və turizmin
inkişafına, birgə layihələrin həyata
keçirilməsinə dair aparılan fikir mübadiləsinin,
imzalanan bir çox sənədlərin önəmini qeyd edib.
O, hər iki tərəfdən turistlərin sayının ildən-ilə
artdığını, bir neçə birgə layihənin həyata
keçirilməsinə başlandığını diqqətə
çatdırıb.
Türkiyənin
mədəniyyət və turizm naziri Ömər Çelik
deyib: “Biz qardaş Azərbaycanda özümüzü evimizdəki
kimi hiss edirik. Bizim dilimiz, dinimiz, tariximiz birdir, gələcəyə
ümumi baxışlarımız var. Demək olar ki, ümumi
razılığa gələ bilmədiyimiz heç bir məsələ
yoxdur. Biz öz irsimizi hər zaman dəyərləndirməli,
qardaşlıq əlaqələrimizi daha da dərinləşdirməliyik”.
Türkiyəli
nazir hər iki ölkədə keçirilən mədəniyyət
günlərinin qardaş xalqlarımızın bir-birinin mədəniyyətini
daha yaxından öyrənmələri baxımından önəmini
vurğulayıb.
Görüşdə
Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper
Coşkun da iştirak edib.
Azərbaycan.-2014.- 25 noyabr.- S.4.