Muzey Mərkəzində “Türkiyə
rəngləri” sərgisi açılıb
Azərbaycanda Türkiyə Mədəniyyəti Günləri çərçivəsində Muzey Mərkəzində “Türkiyə rəngləri” sərgisinin açılışı olub.
AzərTAc
xəbər verir ki, mədəniyyət və turizm nazirinin
müavini Ədalət Vəliyev bildirib ki, müstəqillik
illərində ilk dəfə olaraq dünən Heydər
Əliyev Mərkəzində Azərbaycanda Türkiyə Mədəniyyəti
Günlərinin təntənəli
açılışı olub.
Qeyd
olunub ki, Türkiyənin mədəniyyət və turizm naziri
Ömər Çelikin başçılıq etdiyi Türkiyə
nümayəndə heyətinin üzvləri Fəxri Xiyabanda
Ulu Öndərin məzarı önünə, türk şəhidlərinin
abidəsi önünə, Azərbaycan şəhidlərinin
məzarları üzərinə tər çiçəklər
düzüblər.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun ölkəmizdə Türkiyə Mədəniyyəti Günlərini mühüm mədəni hadisə adlandırıb. O qeyd edib ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşdə mədəniyyət və turizm sahəsində birgə layihələr barədə razılaşmalar əldə edilib, bu layihələrin həyata keçirilməsi ilə məşğul olacaq işçi qrup yaratmaq qərara alınıb.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov fotoşəkillərin və tətbiqi sənət nümunələrinin, gümüş, mis, keramika, şüşə məmulatların, qadın baş örtüklərinin və tikmələrin nümayiş etdirildiyi “Türkiyə rəngləri” sərgisindən bəhs edib.
Sənətkarlar elə oradaca öz bacarıqlarını göstəriblər. Sərgiyə gələnlər mis məcməyidə naxışların necə salındığına tamaşa ediblər. Xüsusi məhlulda basmanaxış texnikasını nümayiş etdirən rəssam sərgiyə gələnlərdə böyük maraq doğurub.
Sərgi noyabrın 27-dək davam edəcək.
Azərbaycan.-2014.- 25 noyabr.- S.4.