Elmi fəaliyyətlə ictimai fəaliyyətin vəhdəti

 

Azərbaycanda şərqşünaslıq elminin bir sıra görkəmli nümayəndələri olmuşdur ki, onların - azərbaycanlı ərəbşünas, iranşünas və türkoloqların adları dünya şərqşünaslığında məşhurdur. Yeni tarixi mərhələdə şərqşünaslıq elmini ölkəmizdə AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva layiqincə təmsil edir.

Baxşəliyeva Gövhər Baxşəli qızı 26 noyabr 1954-cü ildə Bərdə şəhərində doğulub. 1977-ci ildə ADU-nu fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda işə qəbul olunub, baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, “Şərq filologiyası” şöbəsinin müdiri vəzifələrində çalışıb.1993-cü ildən G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, 2002-ci ildən direktoru vəzifəsində çalışır. 1984-cü ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib. Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. “Qızıl qələm” mükafatı laureatıdır. Klassik və müasir ərəb ədəbiyyatı, ərəbdilli Azərbaycan ədəbiyyatı, müqayisəli ədəbiyyatşünaslıq, ədəbi əlaqələr və mənbəşünaslıq üzrə mütəxəssisdir.

Alimin əsərləri keçmiş sovet respublikalarında və ərəb ölkələrində elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb, haqqında mətbuatda yazılar verilib, tədqiqatlarda əsərlərinə çoxsaylı istinadlar edilib. O, 4 monoqrafiyanın, 9 kitabın, 130-dan çox elmi məqalənin müəllifidir. Onun rəhbərliyi və tərtibçiliyi ilə bir sıra kitablar işıq üzü görmüşdür. Şərq filologiyası və mənbəşünaslıq sahəsində bir çox əsərlərin elmi redaktorudur. Bir sıra elmi jurnalların redaktoru və ya redaksiya heyətinin üzvüdür. “Azərbaycan şərqşünaslığı” jurnalının baş redaktoru, “Elmi araşdırmalar” toplusunun məsul redaktorudur.

G.Baxşəliyeva Azərbaycan şərqşünaslıq elmini dəfələrlə xarici ölkələrdə: Rusiya Federasiyasında (Moskva, Sankt-Peterburq, Mahaçqala, Simferopol şəhərlərində), İran, Türkiyə, Rumıniya, Macarıstan, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Fransa, Böyük Britaniya, Almaniya və İtaliyada ləyaqətlə və məsuliyyətlə təmsil edib, elmin aktual problemlərinə dair məruzələri dinlənilmişdir. Xarici mətbuatda çoxsaylı məqalələri nəşr olunmuşdur.

Yüksək ixtisaslı şərqşünas kadrlarını hazırlanmasında bilavasitə iştirak edən Gövhər Baxşəliyevanın elmi rəhbərliyi ilə on beş namizədlik dissertasiyası müdafiə olunmuşdur. “Türk xalqları ədəbiyyatı” və “Dünya ədəbiyyatı” ixtisasları üzrə müdafiə şurasının sədridir. Şərqşünaslıq sahəsində respublikada aparılan elmi işlərin koordinasiyası üzrə problem şurasının sədridir. O, pedaqoji fəaliyyətlə də məşğul olmuş, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatı fənni üzrə xüsusi kurs aparmışdır.

Elm təşkilatçısı kimi də G.Baxşəliyeva mühüm işlər görmüşdür. Onun İnstituta rəhbərlik etdiyi dövrdə şərqşünaslıq elminin ən müxtəlif sahələrinə aid onlarca tədqiqat hazırlanıb çap olunmuş, bir sıra beynəlxalq və respublika elmi konfrans və simpoziumları keçirilmiş, institutun perspektiv inkişaf planları işlənib hazırlanmışdır. İnstitutun profili və aparılan elmi-tədqiqatların başlıca istiqamətləri genişlənmiş, Şərq ölkələrinin tarixi, iqtisadiyyatı, ictimai-fəlsəfi fikri, filologiyası, mədəniyyəti Azərbaycanın Şərq ölkələri ilə tarixi-mədəni əlaqələrinin aktual problemləri, Şərq-Qərb qarşılıqlı münasibətləri kompleks şəkildə tədqiq olunmuşdur.

Eyni zamanda, institutda şərqşünaslığın ənənəvi klassik istiqamətləri ilə yanaşı, Azərbaycan elminin müasir tələblərinə uyğun olaraq yeni tədqiqat sahələrinin inkişafına diqqət yetirilmişdir. Bu məqsədlə institutun strukturunda dəyişikliklər aparılmış, yeni şöbələr (“Şərq-Qərb”, “Cənubi Azərbaycan”, “Mərkəzi Asiya və Uzaq Şərq” şöbələri) yaradılmışdır. G.Baxşəliyevanın rəhbərliyi ilə son illərdə institutun beynəlxalq elmi əlaqələri xeyli genişlənmişdir. ABŞ, Almaniya, İtaliya, Hollandiya, Çin, Rusiya, Türkiyə, Rumıniya, Misir, İraq, Suriya, BƏƏ, İran, Özbəkistan, Qazaxıstan və s. bu kimi bir sıra xarici ölkələrdəki şərqşünaslıq mərkəzləri ilə fəal elmi mübadilələr həyata keçirilməkdədir. Misirin Qahirə Universiteti, Pakistanın Bəhriyyə Universiteti, Rumıniyanın Kluj-Napoka Universiteti, Türkiyənin Səlcuq Universiteti, İtaliyanın Şərq Universiteti, Gürcüstanın Tbilisi Universiteti, Özbəkistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu, Misirin İsgəndəriyyə kitabxanası və sairə ilə əməkdaşlıq haqqında memorandumlar imzalanıb. 2011-2012-ci illərdə G.Baxşəliyeva Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən qədim və yeni dövr xəritələrin axtarışı və surətlərinin ölkəyə gətirilməsi” mövzusunda layihə üzərində çalışıb. Layihə çərçivəsində o, İspaniya, Fransa, Böyük Britaniyada elmi ezamiyyətdə olmuş, Madrid, Escorial, Paris, London və Oksford şəhərlərinin bir sıra kitabxanalarında və arxivlərində elmi axtarışlar aparmışdır.

Respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edən Gövhər Baxşəliyeva 5 noyabr 2000-ci ildə 57 saylı Bərdə-Ağcabədi seçki dairəsindən Azərbaycan Respublikasının II çağırış Milli Məclisinə deputat seçilmişdir. 2001-ci ilin iyun ayından 2005-ci ilin dekabr ayınadək Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini olub. Milli Məclis sədrinin müavini kimi sosial qanunvericilik sahəsinə kurator olaraq bu sahədə qəbul olunan qanunların hazırlanmasında yaxından iştirak edib. 2005-ci və 2010-cu illərdə III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilib. Milli Məclisin Elm və Təhsil məsələləri üzrə daimi komitəsinin üzvüdür. Azərbaycan Respublikası Milli Məclisinin İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında nümayəndə heyətinin rəhbəridir. Onun 2001-ci ildən hazırkı vaxta kimi rəhbərlik etdiyi parlament nümayəndə heyəti İƏT Pİ-nin sessiya və konfranslarında Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, Xocalı soyqırımını insanlığa qarşı cinayət adlandıran, üzv parlamentlərə bu haqda qanunvericiliyə əlavələr təklif edən, işğal olunmuş Azərbaycan ərazilərində müqəddəs islam məbədlərinin, məscidlərinin və məqbərələrinin dağıdılmasını kəskin pisləyən bir sıra qətnamələrin qəbuluna və yekun bəyannamələrə (İstanbul, Qahirə, Əbu-Dabi, Kuala-Lumpur, Dəməşq, Palembanq, Xartum deklorasiyaları və s.) müvafiq maddələrin salınmasına nail olmuşdur.

G.Baxşəliyeva parlamentin Azərbaycan-Misir dostluq qrupunun rəhbəridir. O, xarici ölkələrə bir sıra səfərlərdə Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinə rəhbərlik edib (Türkiyə, Misir Ərəb Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Liviya, Almaniya Federativ Respublikası, Norveç Krallığı, Fransa, Böyük Britaniya, İtaliya, Malayziya, İndoneziya, Sudan və sair), çoxsaylı görüşlər keçirib, Azərbaycanın nailiyyətləri, üzləşdiyi problemlər və gələcək əməkdaşlıq perspektivləri haqqında geniş fikir mübadiləsi aparıb. Azərbaycan parlamentini Qərbi Avropa İttifaqının Parlamentlərarası Assambleyasının 51-ci sessiyasında (Paris, 2005), Bərpaolunan enerji ehtiyatlarından istifadə (Bonn, 2004), Uşaq haqlarının müdafiəsinə həsr olunmuş ümumdünya qadın parlamentarilərin konfransı (Roma, 2004), Beynəlxalq enerji təhlükəsizliyinə həsr olunmuş beynəlxalq konfrans (2006, Avstriya, Uels ş.), İstanbulda İƏT Parlament İttifaqının VIII sessiyası və konfransı, İƏT Parlament İttifaqının IX sessiyası və konfransı (2006), İƏT Parlament İttifaqının X sessiyası (Malayziya 2008), İƏT Parlament İttifaqının fövqəladə sessiyası (İstanbul, sentyabr 2008), İƏT Parlament İttifaqının XI sessiyası (Niger, 2009), BMT-nin “Sivilizasiyaların alyansı”, II forum (İstanbul, 2009), İƏT Pİ İcraiyyə Komitəsinin iclası və sessiyası ( 2009), AR Parlamentinin qadın nümayəndə heyəti tərkibində Rumıniyaya səfər (2010), İƏT Pİ II Fövqəladə konfransı (Dəməşq, Suriya, 2010); İƏT Pİ XIII sessiyası və konfransı (Əbu-Dabi, BƏƏ, 2011), İƏT Pİ XII konfransı, İƏT Pİ konfransı (İndoneziya, 2012), Xartum (Sudan, 2013) və s. mötəbər məclislərdə layiqincə təmsil etmişdir.

G.Baxşəliyevanın elmi əsərlərində keçmiş sovetlər birliyində ilk dəfə olaraq müasir Suriya ədəbiyyatı tədqiq edilir, bu ədəbiyyatda intişar tapmış əsas ideya-bədii cərəyanlar təhlil olunur, bir sıra müasir Suriya yazıçılarının, o cümlədən Hənna Mina, Səid Hayraniya, Şayki Bağdadi, Tamer Zəkəriyyə, Ğadə əs-Səmmən və digərlərinin yaradıcılığı araşdırılır. Müasir Suriyanın ən görkəmli və populyar yazıçısı olan Əbd əs-Səlam əl-Üceylinin yaradıcılığının tədqiqi nəticəsində Suriya ədəbiyyatının inkişafında onun rolu və yeri müəyyənləşdirilir, yazıçının yaradıcılıq fərdiyyəti, formalaşdığı ictimai-siyasi mühit, yaradıcılığının ideya-tematik və bədii-estetik xüsusiyyətləri araşdırılır. Tədqiqat əsnasında ciddi mənbələrə əsaslanan müəllif bu nəticəyə gəlir ki, Əl-Üceyli yaradıcılığında vətənpərvərlik mövzusu abstrakt yox, konkret tipik real həyatdan əxz edilmiş material əsasında işlənilir, bu isə yazıçının yaradıcılığını tərəddüdsüz realist ədəbiyyata aid etmək imkanı verir.

Tədqiqatçının rus dilində nəşr olunan “Müasir Suriya hekayəsi” monoqrafiyasında Suriya ədəbiyyatında mövcud ideya-bədii cərəyanlar nəzərdən keçirilir, onların əsas xüsusiyyətləri dəyərləndirilir, bu cərəyanların ən görkəmli nümayəndələrinin (Vəsfı əl-Bunni, Məvahib əl-Kəyali, Səid Həuraniya, Vidad Səkkakini, Hasib əl-Kəyali, İsgəndər Lüka, Valid İxlasi və digərləri) hekayə yaradıcılığı geniş xarakterizə edilir.

Gövhər xanımın “Əbülfərəc İsfahani. Bir Məcnun vardı...” kitabı Şərqin ən dəyərli yazılı abidələrindən sayılan X əsr ərəb filoloqu və ensiklopediyaçısı Əbülfərəc İsfahaninin 24 cildlik “Nəğmələr kitabı”nın iki fəslinin şərhli tərcüməsinə həsr edilib. Bu fəsillər Bənu Amir qəbiləsindən olan şair Qeys ibn Müləvvəh - dünyanın Məcnun kimi tanıdığı ölməz aşiq haqqındadır. Tərcümədə Məcnunun həyatı, Leyliyə sevgisi haqqında maraqlı rəvayətlər və Məcnunun dildən-dilə düşən şeirləri toplanmışdır. Kitaba tərcüməçi tərəfindən təqdim edilən mövzu ilə bağlı geniş tədqiqatda müəllif qeyd edir ki, min ildən bir az da əvvəl görkəmli ərəb ədəbiyyatçısı Əbülfərəc İsfahaninin (897-967) tərtib etdiyi nəhəng ədəbi abidə - “Kitab əl-əğani (“Nəğmələr kitabı”) bu gün də böyük dəyərini saxlayır. Bu əsər yalnız ərəb şeirinin uzaq dünənini, ərəb şairlərinin həyatını və irsini öyrənmək üçün deyil, həm də Şərq xalqları ədəbiyyatları arasındakı əlaqələri, münasibətləri, qohumluqları araşdırmaq üçün müstəsna əhəmiyyət daşıyır.

Mövzunun davamı kimi G.Baxşəliyevanın 1994-cü ildə rus dilində nəşr edilən (“Aby-lğ-Faradj al-İsfaxani. Kniqa pesen.” Perevod s arabskoqo, issledovanie, kommentarii i ukazateli) kitabı Əbülfərəc İsfahaninin yuxarıda adı çəkilən məşhur “Nəğmələr kitabı” antologiyasının Azərbaycan ədəbiyyatı ilə əlaqəsi olan 5 fəslinin tədqiqindən, orijinaldan filoloji tərcümədən, ön söz, şərhlər və göstəricilərindən ibarətdir. Kitaba məşhur ərəb üzri şairi Qeys ibn Müləvvəh əl-Məcnunun və üç VII-VIII əsr ərəbdilli Azərbaycan şairi - Musa Şəhavat, İsmayıl ibn Yəsar və Əbülabbas əl-Əmanın həyat və yaradıcılığı haqqında fəsillər daxildir.

G.Baxşəliyevanın “Kniqa pesen” Aby-lğ-Faradja al-İsfaxani i klassiçeskaə azerbaydjanskaə literatura” adlı monoqrafiyası tədqiqatçının araşdırılan problem üzrə çoxillik müstəqil axtarışlarının yekunudur. Monoqrafiyanın başlıca məqsədi Əbülfərəc İsfahaninin “Nəğmələr kitabı”nın (“Kitab əl-əğani”) verdiyi material əsasında ərəb-Azərbaycan ədəbi əlaqələri problemini araşdırmaq və Məcnun haqqında ərəb hekayəti yönündən Azərbaycan ədəbiyyatında Leyli və Məcnun süjetinin ideya-məzmun və bədii təkamülünü izləməkdən ibarətdir. Bu məqsədlə kitabda orta əsrlər ərəb-müsəlman mədəniyyətinin parlaq abidəsi kimi “Nəğmələr kitabı”nın ümumi səciyyəsi verilmiş, onun orta əsrlər Azərbaycan ədəbiyyatını öyrənmək baxımından mənbəşünaslıq əhəmiyyəti müəyyənləşdirilmiş, Məcnun haqqında ərəb hekayətinin süjet və kompozisiyası struktur və ideya-məzmun baxımından təhlil edilmiş, ərəb hekayəti ilə Azərbaycan şairləri Nizami Gəncəvi, Əşrəf Marağayi, Füzuli, Əbdi bəy Şirazi, Həqiri, İsmayıl bəy Nakamın, Mirzə Hüseyn Çakərin və digərlərinin Leyli və Məcnun süjeti əsasında yazdıqları poemalar müqayisəli şəkildə araşdırmaya cəlb olunmuşdur.

Bu da həqiqətdir ki, gerçək tarixi şəxsiyyət olan Məcnundan daha artıq bir ədəbi obraz olan Məcnun səkkiz yüz ildən çoxdur ki, dünyanı fəth edib. İlk dəfə dahi Azərbaycan şairi Nizami Gəncəvinin qələmində sanballı ədəbi qəhrəmana çevrilən Məcnun XII əsrdən bəri onlarca Şərq şairinin müxtəlif dillərdə yazdığı məsnəvilərlə sonsuz şöhrət qazanmışdır. Azərbaycan poeziyasının parlaq simaları - Nizami ədəbi məktəbinin ardıcılları Əşrəf Marağayi (o, Azərbaycan şairləri sırasında Nizamidən sonra ilk bütöv “Xəmsə” yaratmış sənətkardır), Əbdi bəy Şirazi, Məhəmməd Füzuli və başqalarının “Leyli-Məcnun” məsnəviləri bizim ədəbiyyatın faktı olmaqdan əlavə, həm də Yaxın və Orta Şərq ədəbiyyatının hadisəsidir. Çünki “Leyli və Məcnun”un fars, türk, ərəb və sairə dillərdə yaradılmış nümunələri bir-birindən rişə alan, bir-birindən qidalanmış fidanlar, böyük bir zəncirin həlqələridir.

Şübhəsiz ki, bu yolda birincilik Nizaminin payına düşür. Nizaminin “Xəmsə”sinə daxil olan beş poemanı oxuduqca bunun da şahidi oluruq ki, o, hər bir əsərini yazmazdan əvvəl xeyli axtarış aparmış, ayrı-ayrı dillərdə, xüsusən ərəb dilində olan mənbələri, yazılı sənədləri öyrənmişdir. Lakin təəssüf ki, Nizami Gəncəvinin istinad etdiyi ərəb mənbələri dəqiq şəkildə öyrənilməmişdir. Ərəb mənbələrindən gələn rəvayəti vahid süjet ətrafında birləşdirən Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri gözəl sənət nümunəsidir. Onun məsnəvisində cərəyan edən hadisələr dahi sənətkarın qələmilə orta əsrlər Azərbaycanının şəraitinə tam uyğunlaşdırılıb.

Bütövlükdə Azərbaycan şairləri Məcnun haqqındakı ərəb rəvayəti ilə tanış olaraq ərəb invariantının ideya-tematik və bədii məzmununu yaradıcı şəkildə mənimsəmiş, onun milli ədəbi ənənələrlə üzvi sintezinə nail olmuşlar. Başqa ədəbiyyatın təcrübəsindən faydalanmaqla Azərbaycan şairləri nəinki öz orjinallıqlarını, milli koloriti də qoruyub saxlamış və ərəb invariantının çox da mürəkkəb olmayan süjetini öz dövrlərinin kəskin problemləri və ideya-mənəvi axtarışları, özünəməxsusluqları səviyyəsinə qaldıra bilmişlər.

G.Baxşəliyevanın “İlahi eşq dastanları. Tərcümə və şərhlər” (380 səh.) adlı kitabına orta əsrlərdə yaşamış iki Azərbaycan şairinin “Leyli və Məcnun” mövzusunda yazdığı məsnəvilərin filoloji tərcüməsi daxil edilmişdir. Kitabın müqəddiməsində ilahi eşqi tərənnüm edən bu əsərlərin ideya-bədii xüsusiyyətləri təhlil olunmuş, hər bir müəllifin Nizami Gəncəvi ənənələrinə yaradıcı münasibətinin xarakteri açıqlanmışdır.

Gövhər xanım 2012-ci ildə nəşr olunan böyük Misir dramaturqu, yazıçısı və ədəbiyyatşünası Taufıq əl-Həkimə həsr olunmuş “Literaturno-kritiçeskie vzqlədı Taufika al-Xakima” adlı əsərində zəngin nəzəri biliklərə və müxtəlif mənbələrə əsaslanaraq ərəb ədəbiyyatının ədəbi-nəzəri problemlərinə əsaslı elmi münasibət ifadə olunmuşdur. Müəllif kitabda Taufık əl-Həkimin yaradıcılığını bütövlükdə nəzərdən keçirməyi və bununla da yazıçının bədii-estetik fıkirlərinin onun yaradıcılığı ilə sıx bağlı olduğunu göstərməyi əsas məqsəd kimi qarşıya qoymuşdur. Məhz bu fakt tədqiqatın elmi əhəmiyyətini artıran əsas məziyyətlərdən biridir. Alimin haqlı qənaətinə görə Taufık əl-Həkimin ədəbi-nəzəri görüşləri onun ümumi yaradıcılığı və onu qidalandıran ictimai və ədəbi mühitlə sıx vəhdətdə inkişaf etmişdir. Bu kitab ərəb ədəbiyyatşünaslığı və ədəbi-nəzəri fikrinə layiqli töhfə olmaqla yanaşı, milli ədəbiyyatşünaslığımızı və ərəbşünaslığımızı da dərin nəzəri mülahizələrlə və yeni faktoloji materiallarla zənginləşdirən dəyərli əsərdir.

G.Baxşəliyevanın yaradıcılığının digər istiqaməti onun elmi və ictimai fəaliyyətini əks etdirən və müxtəlif illərdə çap olunan məqalələr, müsahibələr, məruzələr, rəylər, yeni nəşrlərə ön söz, müqəddimə və s. yazılarıdır. Bu yazılar müəllifin iki kitabında toplanaraq çap olunmuşdur. Birinci kitab - “Hamıdan ucadır alimin yeri” əsəri məqalələrdən, müsahibələrdən və rəylərdən ibarətdir. Kitabın başlığı Nizami Gəncəvinin “İskəndərnamə” poemasından götürülüb. O yerdən ki, böyük Nizaminin ictimai idealını əks etdirən İskəndər dünyanı dolaşıb doğma vətəninə dönür və yenidən hökmranlıq taxtına çıxarkən aşağıdakı məzmunda bir fərman verir:

Əmr etdi, verildi belə bir fərman:

“Alimdir gözümdə ən əziz insan!

Elmlə, hünərlə? - Başqa cür heç kəs

Heç kəsə üstünlük eləyə bilməz!

Rütbələr içində seçilir biri -

Hamıdan ucadır alimin yeri” .

Bu məşhur misranın kitaba başlıq seçilməsi, zənnimizcə, təkcə onun kitabdakı məqalələrdə və müsahibələrdə bir neçə dəfə xatırlanması ilə bağlı deyil. Məsələ burasındadır ki, həmin misralar müəllifın kitaba daxil etdiyi və müxtəlif dövrlərdə, müxtəlif mövzu və janrlarda qələmə aldığı yazıların ümumi ruhunu, leytmotivini əks etdirir. Dahi həmyerlimiz Nizami Gəncəvinin səkkiz əsr bundan öncə irəli sürdüyü və sivil dünyanın son yüzilliklərdəki inkişaf təcrübəsi ilə təsdiqlənən bu fikrini bir daha vurğulamaqla Gövhər xanım müstəqil dövlətimizdə ahəngdar cəmiyyətin qurulmasında, ölkəmizin tərəqqisi işində elmin və alimin rolunu ön plana çəkir. Beləliklə, müəllif elm ilə əməlin, nəzəriyyə ilə praktikanın vəhdəti məsələsini qabardır, alimlərin, ziyalıların da öz yaradıcılıq axtarışlarının “sakitliyinə” qapılıb qalmamasını, fəal ictimai mövqe tutmasını, cəmiyyətin real problemlərinin həllinə yaxından kömək etmələrini tövsiyə edir.

Gövhər xanım bir tərəfdən şərqşünaslıq elminin nailiyyətlərini ümumiləşdirən yazılarla, digər tərəfdən bu elmin yeni şəraitdəki axtarışlarının yönünü nümayiş etdirən elmi məqalələrlə, üçüncü bir tərəfdən isə elmi potensialı qorumağın, şərqşünaslıq sahəsində islahatlar aparmağın zəruriliyini əks etdirən konseptual səciyyəli mülahizələrlə çıxış etmişdir. Bu, müəllifin elmin təşkilati və sosial problemlərinə də dərindən bələd olduğunu, həmin problemlərin həlli üçün mövcud şəraitdə ən optimal yolları göstərməyi bacardığını nümayiş etdirir.

Kitabın ən müxtəlif ictimai-siyasi məsələlərə həsr olunan ikinci və üçüncü hissələrində iki məqam diqqəti çəkir: ziyalı, vətəndaş mövqeyi və dövlətçilik maraqlarının üstün tutulması, elmi-ədəbi amillərin dəyərləndirilməsi. Kitabda ənənəvi resenziya və təqdimat xarakterli yazılarla yanaşı, ciddi tədqiqat səciyyəsi daşıyan məqalələr də var.

AMEA-nın müxbir üzvü G.Baxşəliyevanın “Məqalələr, məruzələr, müsahibələr” adlı ikicildliyində pərakəndə halda müxtəlif mətbu nəşrlərdə çap olunmuş elmi və ictimai mövzulara həsr edilmiş məqalə, məruzə, müsahibə və çıxışları, müxtəlif əsərlərə yazdığı ön söz və resenziyaları daxil edilmişdir. Eyni zamanda, kitaba müəllifin bu günədək çap olunmamış bir sıra məqalələri və çıxışları da salınmışdır. Bu kitaba Gövhər Baxşəliyevanın klassik və müasir ərəb ədəbiyyatı, müqayisəli ədəbiyyatşünaslıq və ərəbdilli Azərbaycan ədəbiyyatının müxtəlif məsələlərinə həsr olunmuş məqalələri, bir sıra nüfuzlu beynəlxalq konfranslarda səslənmiş məruzə və çıxışları, mətbuatda dərc olunmuş çoxsaylı müsahibələri, müxtəlif əsərlərə yazdığı ön söz və resenziyaları əhatə edilmişdir. Kitabda dolğun elmi mülahizələr, xalqın mənəviyyatından narahat düşüncələr, respublikanın ictimai-siyasi həyatı ilə bağlı fikirlər də əks olunub, keçmişə və ustadlara ehtiram, milli kimliyimizə zərbə vuranlara və düşmənlərimizə qarşı qəzəb və etiraz, elmin və gəncliyin gələcəyinə ümid də duyulur. Bu kitab Gövhər xanımın elmi, ictimai və siyasi fəaliyyətinin uğurlarını özündə əks etdirir. Bu səhifələrdə alim, ziyalı, millət vəkili, elm təşkilatçısı və nəhayət, qadın-ananın yüksək dəyərlərinin Gövhər xanımın şəxsində vəhdət tapdığının bir daha şahidi oluruq...

Gövhər Baxşəliyeva elmi mühitin ön sıralarında gedən, cəmiyyətin inkişafına öz töhfəsini verən, zəhmət və axtarışları üstün tutan ziyalılardandır. Çoxillik səmərəli ictimai və elmi fəaliyyəti, əldə etdiyi bilik və təcrübə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Gövhər Baxşəliyevanın bundan sonra da cəmiyyətimizə fayda vermək yollarında inamla xidmət göstərəcəyinə işıq salır.

 

İsa HƏBİBBƏYLİ,

AMEA-nın vitse-prezidenti,

 Milli Məclisin deputatı, akademik

Azərbaycan.-2014.- 25 noyabr.-  S.6.