Londonda “Bu gün burada”
adlı sərginin açılışı olub
Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva və fondun
vitse-prezidenti Leyla
Əliyeva mərasimdə iştirak
ediblər
Noyabrın 24-də Londonda Təbiətin Mühafizəsi
üzrə Beynəlxalq Birliyin “Qırmızı
kitab”ının 50 illik yubileyinə həsr edilmiş “Bu
gün burada” (“Here Today”) adlı sərginin
açılışı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla
Əliyeva və Arzu Əliyeva sərginin
açılışında iştirak ediblər.
Açılış mərasimində
çıxış edən Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva deyib ki, bu sərgi həyatı təhlükə
altında olan bütün heyvan növlərinin gözəlliyini,
onların vacibliyi və müdafiəsinin önəmini
vurğulamaq üçün yaxşı bir fürsətdir.
Ümumdünya Parklar Konqresinin toplantısında
iştirak etmək üçün Avstraliyaya səfərini
xatırladan Leyla Əliyeva gələcək nəsillərin
təbiəti qorumasının vacibliyini bildirib və bu istiqamətdə
ölkəmizdə həyata keçirilən layihələrdən
danışıb.
Leyla
Əliyeva deyib: “Biz Azərbaycanda gəncləri ətraf
mühitin mühafizəsi istiqamətində maarifləndiririk.
Azərbaycan qədim ənənələrə
və zəngin tarixə malik olan ölkədir. Şərq ilə Qərbin qovuşuğunda yerləşən
ölkəmizdə Şərqin müdrikliyi, Qərbin tərəqqisi
var. Ötən müddətdə Azərbaycan tarixi İpək
Yolunda əsas mərkəzə çevrilib. Azərbaycanın tolerantlıq, dialoq və yeni fikirlər
ölkəsinə çevrilməsinin mədəniyyətimizin
inkişafına böyük təsiri olub. Avropa, Asiya və Orta Şərq arasında nadir
coğrafi mövqedə yerləşmək gözəl
landşaftlar yaratmaqla təkcə mədəniyyətimizə
yox, həm də təbiətimizə təsir edib. Azərbaycan qarlı dağlar, göllər,
çaylar, sıx meşələr, ovalıqlar və çəmənliklər
ölkəsidir. Dünyada mövcud olan on
bir iqlim qurşağından doqquzu Azərbaycanda var və bu,
çox zəngin biomüxtəliflik yaradır. Buna
görə üç il bundan əvvəl
biz “Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq
Dialoq” İctimai Birliyini - IDEA-nı yaratdıq. Hələ
qət edəcəyimiz yolun əvvəlində
olmağımıza baxmayaraq, biz artıq bir çox layihələr
həyata keçirmiş və müsbət nəticələr
əldə etmişik. Bizim bəzi layihələrimizə
Azərbaycanda yaşayan 3 milyon gənci təmsil etmək məqsədilə
3 milyon ağacın əkilməsi, çöl
ceyranının vəhşi təbiətə buraxılması
və 8 mindən artıq uşağın ətraf mühiti
qorumaq üçün maarifləndirilməsi kimi işlər
daxildir. Biz, həmçinin təbiətimizin məşhur
“beşliyi”ni müəyyən etmişik. Bu, qonur ayı, boz qurd, qartal, ceyran və Qafqaz bəbiridir”.
Leyla
Əliyeva Azərbaycanda Qafqaz biomüxtəlifliyi sammitinin
keçirildiyini, ölkəmizin Təbiətin Mühafizəsi
üzrə Beynəlxalq Birliyin üzvü olduğunu
xatırladıb, hazırda isə Qafqaz bəbirini məhv
olmaq təhlükəsindən qurtarmaq və təbiətə
qaytarılmasını təmin etmək üçün
Dünya Vəhşi Təbiəti Mühafizə Fondu, Pantera
təşkilatı və bu sahədə fəaliyyət
göstərən digər təşkilatlarla sıx işlərin
aparıldığını bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti sərginin ərsəyə
gəlməsində əməyi olanlara minnətdarlığını
çatdırdı, təbiəti qorumağın vacibliyini bir
daha qeyd etdi.
Təbiətin Mühafizəsi üzrə Beynəlxalq
Birliyin “Qırmızı kitab”ının 50 illik yubileyinə
həsr edilmiş tədbirin yüksək səviyyədə
keçdiyini vurğulayan qurumun baş direktoru xanım Culia
Marton-Lefevre bugünkü tədbirin onun üçün daha əlamətdar
olduğunu vurğuladı. Bildirdi ki, Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın və dünyada
maraqlı layihələri ilə tanınan IDEA İctimai
Birliyinin rəhbəri Leyla Əliyevanın tədbirdə
iştirakı sərgini daha da maraqlı edib. Baş direktor IDEA-nın layihələri barədə
məlumatlı olduğunu deyərək, bu layihələrin
dünyada gedən ekoloji maarifləndirmə işlərinə
töhfə verdiyini diqqətə çatdırdı. Rəhbərlik etdiyi təşkilatın ötən
50 ildə uğurlu yol keçdiyini və bir çox nailiyyətlər
qazandığını deyən Culian Marton Lefevre bundan sonra
da planetin flora və faunasının qorunması istiqamətində
mühüm tədbirlər reallaşdıracaqlarını
vurğuladı. “Bu gün buradayıq, sabah da bir yerdə
olaq”, - deyən baş direktor təşkilatın fəaliyyətinə
göstərdikləri diqqətə görə bir daha
hamıya təşəkkür etdi.
Təbiətin Mühafizəsi üzrə Beynəlxalq
Birliyin və “Baku” jurnalının dəstəyi ilə
baş tutan sərgiyə böyük maraq göstərən
London sənətsevərlərinə müasir incəsənətin
müxtəlif istiqamətlərini təmsil edən əsərlər
təqdim edilib. Sərgidə müxtəlif ölkələrin
müasir incəsənət nümayəndələri ilə
yanaşı, Azərbaycan rəssamları da təmsil olunur.
Leyla Əliyeva, Aida Mahmudova, Fərid Rəsulov,
Rəşad Ələkbərov sərgiyə maraqlı
kompozisiyaları ilə qatılıblar. Bundan əlavə,
sərgidə Corc Kondo, Teysi Emin, Endi Varol, Qavin Turk, Piter Bleyk,
Duqlas Qordon, Stefani Kveyle və müasir incəsənətin
digər tanınmış nümayəndələrinin nəsli
kəsilməkdə olan flora və fauna növlərini əks
etdirən əsərləri nümayiş etdirilir.
Sərginin keçirilməsində məqsəd
ekosistemin və onun mühafizəsinin əhəmiyyəti barədə
ictimai maarifləndirmə aparmaq və bu istiqamətdə
sosial məsuliyyəti gücləndirməkdir. Sərgini
ziyarət edənlər də o fikirdədirlər ki, burada təqdim
olunan əsərlərin hər biri özlüyündə
müasir dünyanın bəlasına çevrilən qlobal
ekoloji təhlükənin yaratdığı risklərin
azaldılmasına xidmət edir. Bu istiqamətdə
Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai
Birliyinin fəaliyyəti də böyük maraq doğurur.
Bir sıra ekoloji problemlərin həlli, o
cümlədən flora və fauna növlərinin qorunması
ilə bağlı ciddi layihələr həyata keçirən
IDEA-nın bu fəaliyyətinin sənətə də transfer
etməsi mütəxəssislər tərəfindən maraqla
qarşılanır.
Təbiətin Mühafizəsi üzrə Beynəlxalq
Birliyə 160 ölkədən 1200 hökumət və
qeyri-hökumət təşkilatı daxildir. Birliyin
“Qırmızı kitab”ı vəhşi təbiətin, eləcə
də təhlükə altında olan növlərin qlobal
mühafizəsi üzrə ən əhatəli məlumat
toplusu hesab edilir.
Sərgi dekabrın 17-dək davam edəcək.
Orxan İsmayılov
AzərTAc-ın xüsusi müxbiri
London
Azərbaycan.-2014.- 26 noyabr.- S.3.