Bakıda “Qadınlara səlahiyyət, cəmiyyətə

 tərəqqi” mövzusunda konfrans keçirilib

 

Noyabrın 25-də Bakıda Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü ilə əlaqədar “16 günlük fəallıq” kampaniyası çərçivəsində “Qadınlara səlahiyyət, cəmiyyətə tərəqqi” mövzusunda konfrans keçirilib.

AzərTAc xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, BMT-nin Əhali Fondu və Qaçqınlar üzrə Ali Komissarlığının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və ictimaiyyətin nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.

Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova cəmiyyətin ictimai həyatında qadınların rolundan danışaraq deyib ki, hər bir inkişaf etmiş ölkə kimi, Azərbaycanda da digər sahələrlə yanaşı, insan hüquqları, xüsusilə qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli şəkildə siyasət həyata keçirilir. BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına uyğun olaraq qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallığının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu sahədə müvafiq qanunların qəbul olunmasına və həyata keçirilməsinə böyük dəstək verirlər.

Mövzunun aktuallığını vurğulayan komitə sədri bildirib ki, zorakılıq planetin ən ciddi problemlərindən biridir. Bu məsələni həll etmək üçün güclü qanunvericilik, dövlət dəstəyi ilə yanaşı, cəmiyyət özü, xüsusilə vətəndaş cəmiyyəti zorakılıq hallarına adekvat reaksiya verməlidir. Zorakılıq insan hüquqlarından istifadə edilməsinə, bərabərlik və inkişaf məqsədlərinə ciddi maneə yaradır.

Qeyd olunub ki, qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Bu gün dünyanın diqqətində olan bu problem Azərbaycan cəmiyyətini də narahat edir. Biz ümid edirik ki, Azərbaycanın uğurlu iqtisadi inkişafı fonunda əhalinin rifahının yaxşılaşdırılması, ailədəki milli mənəvi dəyərlərin daha da sağlamlaşdırılması və bütün region üzrə aparılan fəal təbliğat bu problemlərin uğurlu həllinə gətirib çıxaracaq.

Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitənin (CEDAW) vitse-prezidenti Pramila Patten dünyada qadın hüquqlarının qorunmasının vacibliyini qeyd edib.

Məlumat verilib ki, qadınlara qarşı zorakılıq böyük təhlükələr yaradır. Nəticədə qadınlar tam hüquqlu vətəndaş kimi öz cəmiyyətinin iqtisadi, siyasiictimai həyatında fəal iştirak edə bilmirlər. Gender əsaslı zorakılığa qarşı hər zaman qlobal şəraitdə mübarizə aparılmalıdır. Bu istiqamətdə qanunvericilik bazasının yaradılması vacibdir.

Azərbaycanda bu sahədə görülən işləri yüksək qiymətləndirən P.Patten 2010-cu ildə ölkəmizdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbul olunmasının önəmini qeyd edib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk, ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan konfransın əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, BMT Baş Məclisi tərəfindən 1999-cu il noyabrın 25-dən etibarən hər il keçirilən Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü bütün dünyada qeyd olunur. Noyabrın 25-dən dekabrın 10-dək davam edəcək kampaniyanın məqsədi gender əsaslı zorakılığın insan hüquqları kimi təbliği üçün yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmənin aparılmasıdır.

Daxili işlər nazirinin müavini Oruc Zalov bildirib ki, qadınlara qarşı zorakılığın aradan qaldırılması daxili işlər orqanlarının əsas vəzifələrindən biridir. Qadın və qızların hüquqlarının pozulması hallarının qarşısını almaq üçün profilaktik tədbirlər görülməsi daim diqqət mərkəzindədir. Daxili İşlər Nazirliyində “102” qaynar xətt sistemi yaradılıb. Gündəlik 4000 müraciətdən 30 faizi qadınlar tərəfindən edilir. Qadınlara yardım göstərilməsi üçün müvafiq tədbirlər görülür. Daxili işlər orqanlarında 2855 qadın xidmət göstərir ki, bunların da 1350 nəfəri xüsusi rütbəsi olan qadınlardır.

Milli Məclisin deputatı Qənirə Paşayeva dövlət qadın siyasətinin gücləndirilməsi, eləcə də hüquqi bazanın təkmilləşdirilməsi sahəsində müvafiq qanunların qəbul olunduğunu diqqətə çatdırıb.

Konfrans işini bölmə iclaslarında davam etdirib. QruplardaErkən nikahlarla mübarizə üzrə hüquqi normativ aktlar”, “Erkən nikah məişət zorakılığı qurbanı olan qadın qızların təhsil məşğulluq imkanlarının artırılması üçün səmərəli mexanizmlər”, “Məişət zorakılığı erkən nikahların qarşısının alınmasında KİV-lərin rolumövzuları üzrə müzakirələr aparılıb.

 

Azərbaycan.-2014.- 26 noyabr.-  S.5.