Böyük ədib İlyas Əfəndiyevin anadan olmasının

100 illiyi Ankarada qeyd edilib

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri, qardaş ölkələrimizin milli kitabxanaları tərəfindən Ankarada Azərbaycanın Xalq Yazıçısı, Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə anma mərasimi təşkil olunub.

Türkiyənin Milli Kitabxanasında keçirilən mərasimdə Azərbaycanın və Türkiyənin dövlət rəsmiləri, türkdilli ölkələrin elm və mədəniyyət xadimləri, Ankaradakı diplomatik korpus və beynəlxalq təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, ədəbiyyatsevərlər iştirak ediblər.

Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra İlyas Əfəndiyevin həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.

Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinin Türkiyədə qeyd olunmasını türk dünyasının ədiblərinə verilən yüksək dəyər kimi qiymətləndirdilər. Qeyd olundu ki, türk xalqlarının zəngin mədəni irsinin təbliğatçısı olan TÜRKSOY belə tədbirlərlə görkəmli ədiblərimizi dünyada tanıdır, onların həyat və yaradıcılığına yeni nəfəs verir.

Böyük yazıçı və dramaturqun ədəbi yolunun kitab, foto nümunələrindən qurulmuş sərginin açılışı olub. Sərgidə İlyas Əfəndiyevin çətin və şərəfli həyat yolundan məlumat verildi. Diqqətə çatdırıldı ki, XX əsrin amansız Stalin repressiyaları Əfəndiyevlər ocağından da yan ötməyib. Yazıçının aramsız təqiblərə, təzyiqlərə tab gətirməyən atası Məhəmməd Əfəndiyev 50 yaşında dünyasını dəyişib. Ata itkisindən sonra İlyas Əfəndiyevin həyatı, tərbiyə və təhsili anası Bilqeyis xanımın üzərinə düşüb. Gələcək ədibin nümunəvi gənc kimi formalaşmasında, onda kitaba, ədəbiyyata, ümumiyyətlə, mütaliəyə maraq oyanmasında anasının xidmətləri əvəzsiz olub.

Mərasimin konfrans hissəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Nizami Cəfərov, AMEA-nın şöbə müdiri, professor Nizaməddin Şəmsizadə, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azər Paşa Nemətov, Bakı Bələdiyyə Teatrının direktoru, Xalq Artisti Amaliya Pənahova, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu, türkiyəli professor Sedat Adıgözəl, Beynəlxalq İlyas Əfəndiyev Fondunun rəhbəri Tural Əfəndiyev çıxışlarında ədibin zəngin həyat və yaradıcılığının ayrı-ayrı istiqamətləri, o cümlədən yüksək şəxsi keyfiyyətləri və xoşməramlı amallarından söz açıblar.

Çıxışlarda qeyd olunub ki, İlyas Əfəndiyev təkrarolunmaz dəyərli əsərləri ilə dünya ədəbiyyatının inkişafına və zənginləşməsinə böyük töhfələr verib. 1939-cu ildə nəşr edilmiş “Kənddən məktublar” kitabı Azərbaycan nəsr aləminə yeni ab-hava gətirən İlyas Əfəndiyevi oxucularına sevdirib, onun ədəbi yaradıcılığının gələcək inkişafına böyük təkan verib. Yazıçının qələmə aldığı “Aydınlıq gecələr” isə dövrün ədəbi prosesinin ən maraqlı nümunəsi olaraq qısa zamanda özünü təsdiq edib. 1943-cü ildə Mehdi Hüseynlə həmmüəllif olduğu ilk dram əsəri olanİntizarpyesinin işıq üzü görməsi İlyas Əfəndiyevin milli teatrımızla əməkdaşlığının möhkəm bünövrəsini yaradıb və bu sahədə yarım əsrdən çox zaman kəsiyində ədəbi fəaliyyətini davam etdirib.

Natiqlər bildiriblər ki, Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdıran İlyas Əfəndiyev əsərlərində müasir həyatımızın acılı–şirinli bütün cəhətlərini aydın təsvir edib, oxucunu və tamaşaçını xalqımızın həm tarixinə hörmət bəsləməyə, həm də onu öyrənməyə sövq edib. Bundan başqa, ədib əsərlərində mənəviyyat, əxlaq, insanlıq, Vətənə və millətə sədaqət ruhunu incə çalarlarla aşılamağı böyük məharətlə bacarıb.

Böyük ədəbiyyat yolu keçən İlyas Əfəndiyevin həyat və yaradıcılığı olduqca zəngindir. Ədib özünəməxsus yazı üslubu, rəvan dili və maraqlı mövzuları ilə əbədiyyətə qədər öyrəniləcək və bəhrələniləcək bir ədəbiyyat məktəbi yaradıbdır. Yazıçının müxtəlif janrlarda yazdığı ədəbiyyat nümunələri daim sevilmiş, bundan sonra da Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndiriləcək, əbədi olaraq ədəbiyyat dənizində lövbər salacaq. Onun əsərləri keçmişdə olduğu kimi, gələcəkdə də rejissorlar üçün cəlbedici olacaq, oxucular və tamaşaçılar tərəfindən seviləcəkdir.

Xalq Artisti Məleykə Əsədova və Əməkdar Artist Elşən Rüstəmov müəllifin “Mənim günahım” əsərindən bir parçanı nümayiş etdirdilər.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva babasının anadan olmasının 100 illik mərasiminin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirdi. Babası haqqında xoş xatirələrini bölüşən G.Əfəndiyeva qeyd etdi ki, İlyas Əfəndiyev həmişə həyata aydın baxışları, azad və dərin düşüncələri, o cümlədən əsərlərindəki ibrətamiz obrazları ilə gənc olubbundan sonra da belə qalacaq.

Mərasim çərçivəsində türk dünyası qarşısında səmərəli fəaliyyətinə görə Mövlud Çavuşoğluna TÜRKSOY-un yubiley medalı təqdim olunub.

 

Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri

Ankara

Azərbaycan.-2014.- 26 noyabr.-  S.8.