Azərbaycan ilə İran arasında əlaqələrin

 inkişaf prespektivlərindən danışılıb

 

Noyabrın 26-da Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov İran İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri ilə görüşüb.

Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İran Prezidenti Həsən Ruhaniyə çatdırmağı xahiş edən Əli Həsənov ölkələrimiz arasında əlaqələrin inkişafından danışdı. O, Prezident Həsən Ruhaninin Azərbaycana rəsmi səfərinin ölkəmizdə yüksək qiymətləndirildiyini bildirdi. Qeyd olundu ki, bu səfər zamanı çox mühüm məsələlər müzakirə edilibiki dövlət arasındakı əlaqələri möhkəmləndirəcək vacib sənədlər imzalanıb.

İranda keçirdiyi görüşlər və danışıqlar barədə məlumat verən Baş nazirin müavini bildirdi ki, İmam Xomeyni İmdad Komitəsinin, Qızıl Aypara Cəmiyyətinin rəhbərləri ilə faydalı söhbətlər aparıb. İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizikooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ilə görüşlərin xüsusilə əhəmiyyətli olduğu vurğulanıb. Bu görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb, konkret təkliflər irəli sürülüb, bu təkliflərin müştərək komissiyanın növbəti iclasında müzakirəsi məqsədəuyğun sayılıb.

Azərbaycanın başlıca probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu deyən Əli Həsənov bu münaqişə nəticəsində doğma yurdlarından didərgin düşmüş insanlara göstərdiyi yardıma görə İran dövlətinə və onun Azərbaycanda fəaliyyət göstərən humanitar təşkilatlarına təşəkkürünü bildirib.

İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü bildirən Əli Həsənov rəsmi Bakının Tehranla imzaladığı bütün sənədlərdə nəzərdə tutulan işlərin icra olunacağına əminliyini ifadə edib.

İranın birinci vitse-prezidenti İshaq Cahangiri ümidvar olduğunu bildirib ki, səfər zamanı aparılan danışıqlar və müzakirə edilən təkliflər hər iki xalqın və dövlətin mənafeyinə xidmət edəcək, ölkələr arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafına müsbət təsir göstərəcək. Azərbaycan və İran prezidentləri tərəfindən nümayiş etdirilən siyasi iradə qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə münbit şərait yaradacaq.

İshaq Cahangiri İran İslam Respublikasının Prezidenti Həsən Ruhanininözünün salamlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş etdi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov, Nazirlər Kabineti Aparatının şöbə müdiri Qurban Sadıqov, İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii və digər rəsmi şəxslər görüşdə iştirak ediblər.

 

Rabil Kətanov

AzərTAc-ın xüsusi müxbiri

Tehran

Azərbaycan.-2014.- 27 noyabr.- S.3.