Azərbaycan kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi

 Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib

 

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Kəlağayı faylı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb.

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin UNESCO yanında daimi nümayəndəliyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə həyata keçirdikləri çoxşaxəli fəaliyyət nəticəsində Komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiq etmiş oldu.

Azərbaycanın mədəniyyət həyatında baş verən bu tarixi hadisə Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizin qorunmasına, ölkəmizin mədəniyyətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir.

Xatırladaq ki, kəlağayıdan başqa Azərbaycanın muğam ifaçılıq sənəti, aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası, tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında daxil edilib.

 

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Paris

Azərbaycan.-2014.- 27 noyabr.- S.3.