Söz və məlumat azadlığından sui-istifadənin

 qarşısı qətiyyətlə alınmalıdır

 

Bu gün ictimaiyyət ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən əsl vətəndaş mövqeyi, milli təəssübkeşlik nümunəsi tələb edir. Peşə etikası ilə yanaşı, milli təəssübkeşlik, taleyüklü problemlərə vətəndaş yanaşması  Azərbaycan mediasının keyfiyyət göstəricisinə çevrilməlidir. Jurnalistin sosial məsuliyyəti ifadəsi son illər daha sürətli şəkildə jurnalistikanın həm nəzəri, həm də təcrübi sahəsində ümumişlək leksik vahidə çevrilməkdədir.

Sosial məsuliyyət adı altında ümumiləşdirilən hədd və normalar əsas etibarilə bu azadlıqdan sui-istifadə hallarına qarşı yönəlir. Jurnalistin sosial məsuliyyəti onun cəmiyyət qarşısında boynuna götürdüyü yükdür. Tirajlanan hər bir söz çox böyük məsuliyyət tələb edir. Tədqiqatçılar araşdırmaları jurnalistin sosial məsuliyyət tarixinin jurnalistikanın bir sənət kimi tam formalaşması tarixindən də əvvələ təsadüf etdiyini sübuta yetirib. Dünya ölkələrinin qəzetçilik təcrübəsindən bəllidir ki, yazılan sözün tirajlanma imkanının yaranması ilə jurnalistikanın üzərinə məsuliyyət öhdəliyi götürdüyü dövr təxminən eyniyyət təşkil edir. Ümumilikdə cəmiyyət üçün nəzərdə tutulan söz məhdud dairədə deyilən sözdən dəfələrlə artıq məsuliyyətlə işlənməlidir. Bu məsuliyyət kateqoriyasına həqiqət və obyektivlik, vicdanlılıq və alicənablıq, bəşəri dəyərlərə sədaqət, peşə həmrəyliyi, şəxsi həyata hörmət, qərəzsizlik və təmizlik kimi keyfiyyətlər də daxildir.

Ölkədə internet üzərində hansısa nəzarətin olmadığı, habelə medianın tam azad fəaliyyət göstərdiyi şəraitdə informasiya təhlükəsizliyi qanunvericiliklə yanaşı, həm də jurnalistlərin mənəvi-etik davranış normaları ilə tənzimlənməlidir. Xüsusən də Azərbaycan Silahlı Qüvvələri ilə bağlı yayılan məlumatlarda son dərəcə ehtiyatlı olmalı, Müdafiə Nazirliyinin və digər dövlət qurumlarının rəsmi informasiya vasitələrinə istinad edilməlidir. Çünki müasir dövrdə informasiya güclü ideoloji silahdır. Cəmiyyətə döyüş əməliyyatları ilə bağlı qeyri-sağlam, əsassız məlumatların verilməsi, hərbi xarakterli, dövlət sirri təşkil edən məlumatların "etibarlı mənbə" adı altında yayılması tamamilə yolverilməzdir.

Xatırladaq ki, cari il avqustun əvvəllərində cəbhə xəttində baş verən hadisə ilə bağlı Azərbaycanın əksər media orqanları yaydığı məlumatlarla "Dövlət sirri haqqında" qanunun tələblərini kobud şəkildə pozmuşlar. Bu neqativ tendensiya özünü hərbi xarakterli məlumatların yayılması və ya cəbhə xəttində gedən əməliyyatlar haqqında reallığa əsaslanmayan informasiyaların yayılması formasında özünü göstərmişdir. Məsələn, həmin günlərdə bir sıra saytlarda müharibənin tam miqyasda başlanması, Azərbaycan Ordusunun bir neçə kəndi və rayonu işğaldan azad etməsi ilə bağlı məsuliyyətsiz xəbərlərin geniş yer aldığının şahidiyik. Əksəriyyət unudurdu ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, onların döyüş və səfərbərlik hazırlığı, habelə silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, qoşunların dislokasiyası, hərəkəti, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında məlumatların və s. yayılması qanunla məsuliyyət doğurur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin avqustun 29-da kütləvi informasiya vasitələrinin və dövlət qurumlarının informasiya verilməsinə məsul strukturlarının rəhbərləri üçün keçirilmiş müşavirədə bu məqamlara xüsusilə toxunulmuşdur. Müşavirədə akademik Ramiz Mehdiyev bildirib: "Müasir dövrdə vahid informasiya məkanının mövcud olduğu şəraitdə medianın ən mühüm funksiyalarından birimilli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. KİV-lər Azərbaycanın Konstitusiya quruluşu, ərazi bütövlüyü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, milli təhlükəsizlik və digər bu kimi məsələlərdə kifayət qədər həssas davranmalı, cəmiyyətə milli təəssübkeşliyin nümunəsini təqdim etməli, onun obyektivoperativ informasiya ehtiyacını ödəmək missiyasını milli maraqlarla uzlaşdırmalıdırlar. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca elementlərini təşkil etməlidir. Azərbaycan KİV-ləri öz zəngin tarixi ənənələrinə sadiq qalaraq cəmiyyətdə, xüsusilə gənc nəsildə Vətən sevgisi hisslərinin dərin kök salmasına çalışmalıdırlar. Acınacaqlı haldır ki, milli KİV-lərimiz bu vacib məsələyə diqqət ayırmır və maraq göstərmirlər. Mətbuat işıqlı simaların timsalında insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına dəyərli töhfəsini verməlidir. Hesab edirəm ki, bu amal onların fəaliyyətinin əsasını təşkil etməlidir. Eyni zamanda, Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır".

Hər bir hüquq kimi söz və mətbuat azadlığı da mütləq xarakter daşımır və hüdudsuz deyildir. Kimə məxsusluğundan asılı olmayaraq müəyyən bir qəbildən olan hüquq və azadlıqların hüdudsuzluğu digər qəbildən olan hüquq və azadlıqlarla toqquşaraq hüquqi dövlətin əsas prinsipləri ilə bir araya sığmayan hüquqi xaosa gətirib çıxara bilər.

Azərbaycan Prezidenti İlham Əliyevin 25 sentyabr 2014-cü il tarixli "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncamı da bu baxımdan mühüm əhəmiyyətli sənəddir. Belə bir sərəncamın imzalanması təmas xəttinə bitişik ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirmək, milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə məlumatların, eləcə də "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa görə dövlət sirri təşkil edən hərbi sahəyə aid digər məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Sərəncama əsasən, "Müdafiə məsələləri üzrə əlaqələndirmə şuralarının yaradılması və hərbi birliklərə, hissələrə hamilik haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 9 yanvar tarixli 667 nömrəli fərmanına uyğun olaraq yaradılan müdafiə məsələləri üzrə əlaqələndirmə şuraları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə (bundan sonra - cəbhəboyu zona) müdafiənin möhkəmləndirilməsi, habelə əhalinin ayıq-sayıqlığının artırılması məqsədi ilə həmin zonada yerləşən yaşayış məntəqələrində yerli əhali arasından könüllülərdən ibarət patrul dəstələrinin formalaşdırılması üçün zəruri tədbirlər görməlidirlər. Sərəncama görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti 1994-cü ildə qəbul olunmuş "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun (o cümlədən cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini nəzərdə tutan) yeni redaksiyasını üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

"Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyətin gücləndirilməsinə dair təkliflər bir ay müddətində Azərbaycan Respublikası Prezidentinə təqdim edilməlidir. Habelə jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydaları  Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinləri arasında qoşunların dislokasiyası, hərbi-siyasi və əməliyyat şəraiti, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən digər məlumatların yayılmasının yolverilməzliyi barədə izahat işini təşkil edir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cəbhəboyu zonadakı vəziyyət barədə məlumatların əhaliyə çatdırılması ilə bağlı nazirliyin mətbuat xidmətinin fəaliyyətinin çevikliyini artırmaq üçün tədbirlər görməyə başlayıb. Sərəncama əsasən, nazirlik kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə cəbhəboyu zonadakı vəziyyətlə bağlı verilən məlumatların mütəmadi monitorinqini təmin edəcəkdir. Monitorinq nəticəsində "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa görə dövlət sirri təşkil edən məlumatları yayan şəxslər müəyyən edilərək onlar qanunla müəyyən edilmiş məsuliyyətə cəlb ediləcəklər.

Sərəncamla Azərbaycan Mətbuat Şurasına hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədilə kütləvi informasiya vasitələri və əhali arasında təbliğat-izahat işini təşkil etmək tövsiyə olunmuşdur.

Mətbuatda milli maraqların qorunması, baş verən hər hansı bir hadisənin ölkə, eləcə də dünya ictimaiyyətinə daha dolğun çatdırılması son dərəcə zəruridir. Azərbaycan müharibə şəraitində yaşayır və ərazilərinin 20 faizi hələ də düşmən işğalı altındadır. Buna görə də hərbi sahəyə aid məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasına yol vermək olmaz.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 27 noyabr.- S.5.