Toxumsuz toxumçuluq
təsərrüfatı
Ölkədə
toxumçuluğun vəziyyəti günün tələblərinə cavab vermir
Söhbət Samux
rayonundakı R.Əliyev adına Tərəvəz, Bostan və Kartof Toxumçuluğu Dövlət Kənd Təsərrüfatı
İstehsal Müəssisəsi Məhdud Məsuliyyətli
Cəmiyyətindən gedir. Bir zaman burada
güclü ictimai təsərrüfat
fəaliyyət göstərirdi.
Sonralar dönərgəsi döndü.
Torpaqlar talan edildi. Yüzlərlə hektar sahə pay torpağı
kimi paylanıldı.
150 hektarı qalırdı,
onun da 100 hektarı 3 nəfər tərəfindən zəbt olundu. Hər birinin də əlində daşdan keçən sənədi
var. Guya əvvəlki
müdirin razılığı
ilə torpaqlar icarəyə verilib.
Elə isə icarə haqqı niyə ödənilmir?
Məsələyə inzibati orqanlar, nüfuzlu şəxslər, hətta
Kənd Təsərrüfatı
Nazirliyi də qarışıb.
Lakin nəticə yoxdur ki, yoxdur. Beləliklə, illərdən
bəri dövlət torpağına sahib çıxanların
əlini saxlayan, bu müşkül məsələni nizama salan tapılmır. Dövlət
təsərrüfatı isə
yerində sayır.
İstehsal yox, gəlir
yox, fayda yox. Başqa sözlə desək,
adı var, özü yox.
Bu dövlət təsərrüfatı
cari ili
də əliboş yola salır. Samux Rayon Dövlət Toxum Müfəttişliyinin
rəisi Rahil Həsənov deyir ki, sözügedən MMC-də neçə ildir bir kiloqram
tərəvəz və
digər toxumlar istehsal olunmayıb. Bu faktı rayon statistika
idarəsində də
təsdiq etdilər.
Samux rayonu tərəvəzin məskənidir. Mütəxəssislərin
hesablamalarına əsasən,
ölkədə istehsal
olunan tərəvəz
toxumunun əksəriyyəti
Samuxun payına düşür. Amma
bu iş özəl bölmənin
hesabına fərdi adamların əli ilə görülür. Dövlət toxumçuluq
təsərrüfatının fəaliyyəti isə tamamilə pozulub.
Rayon üzrə vahid qaydada çeşidləmə,
qablaşdırma məsələlərinə
əsla fikir verilmir.
Özəl təsərrüfatlarda
satılan ispanaq, tərə, turp, keşniş, şüyüd,
acıtərə toxumları
laboratoriyada yoxlanılmır,
sertifikat alınmır. Onlar gözəyarı seçilir, primitiv qaydada torbalara doldurulub satılır.
Bazarlarda
yerli toxumlara çox az
rast gəlinir. Tərəvəz toxumları əsasən
xaricdən gətirilir.
Fransadan şüyüd, Hollandiyadan
xiyar, İsraildən tərəvəz, İrandan
yonca və müxtəlif göy-göyərti
toxumları alınıb
satılır. Mütəxəssislər deyirlər ki, kənardan gələn toxumların əksəriyyətinin
geni dəyişdirilib,
keyfiyyəti aşağıdır.
Lakin onların səliqə-sahmanı, zahiri görkəmi
alıcının diqqətini
cəlb edir və həmin toxumlar həvəslə alınır. Bunların geni sağlamdırmı,
yerli şəraitə
uyğun gəlirmi? Baxan yoxdur!
"2008-2015-ci
illərdə Azərbaycan
Respublikasında əhalinin
ərzaq məhsulları
ilə etibarlı
təminatına dair Dövlət Proqramı"nın
icra olunduğu bir vaxtda R.Əliyev
adına Tərəvəz,
Bostan, Kartof Toxumçuluğu Dövlət
Kənd Təsərrüfatı
İstehsal Müəssisəsi
Məhdud Məsuliyyətli Cəmiyyətinin
miskin vəziyyəti ciddi təşviş doğurur.
Bu müəssisənin işi bəlli. Bəs ümumən ölkədə vacib strateji sahə sayılan toxumçuluğun
vəziyyəti necədir?
Son illər aqrar sahənin inkişafı ilə əlaqədar ölkədə bu sahəyə xüsusi diqqət yetirilir. "Toxumçuluq haqqında",
"Seleksiya nailiyyətləri
haqqında", "Genetik
ehtiyatların mühafizəsi haqqında"
qanunlar qəbul olunub. Həmin qanunlarda və
digər sənədlərdə
bu mühüm sahədə işlərin
nizamlanmasının konkret
yolları göstərilir.
Bəllidir ki, toxumçuluğun
məqsədi və vəzifəsi
yüksək məhsuldarlığa
və sabit irsi əhəmiyyətə
malik, xəstəliyə,
ziyanvericilərə və müxtəlif iqlim şəraitinə dözümlü
bitki sortları yetişdirməkdən və
onların çoxaldılmasını təmin
etməkdən ibarətdir.
Toxumlar əsasən təcrübə
stansiyalarında, fiziki
və hüquqi şəxslər tərəfindən
istehsal olunur. İcra üzərində nəzarəti
isə Dövlət Toxum Müfəttişliyi
həyata keçirir.
Son illər 300-dən çox
toxumtəmizləyən aqreqat
alınmış, müxtəlif
növ toxumlar üçün geniş sahədə
saxlanc yerləri tikilmişdir. Nazirlər Kabinetinin 25 iyun 2007-ci il tarixli qərarına uyğun olaraq birinci və ikinci repreduksiyalı toxum və ting satan subyektlərə dövlət
büdcəsindən subsidiyalar
verilir.
Cari ilin 9 ayı ərzində 71 toxumçuluq
təsərrüfatı qeydiyyatdan
keçmiş və şəhadətnamə
almışdır. Bununla da
mövcud toxumçuluq
təsərrüfatlarının sayı 353-ə çatmışdır.
Bu iş əsasən
dövlət müəssisələrinin
- MMC-lərin üzərinə
düşür. Onların hər
birində öz profilinə uyğun müəyyən məhsul
üzrə toxum istehsalı nəzərdə
tutulur. Lakin nəzarət və tələbkarlıq olmadığı
üçün həmin
MMC-lər öhdələrində
olan torpaqlarda öncə iqtisadi cəhətdən daha sərfəli bitkilərə
üstünlük verir
və bununla da öz vəzifə
borclarını bir növ unudurlar. Məsələn, Tovuz rayonunda kartofçuluq üzrə zəngin ənənəsi olan Alakol Dövlət Kartof Toxumçuluğu Müəssisəsi son illər
bircə kiloqram kartof toxumu istehsal
etməmişdir.
Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı, ərzaq təhlükəsizliyinin təminatı
və xalqın güzəranının yaxşılaşdırılmasına
getdikcə daha çox diqqət yetirilir. Dövlət başçısı İlham Əliyev cari ildə aqrar sahənin inkişafı ilə əlaqədar 3 mühüm
sənəd imzalayıb.
Xüsusən idarəetmənin təkmilləşdirilməsi üçün
görülən və
görüləcək tədbirlər
daha çox diqqəti cəlb edir. Bununla yanaşı qeyd olunmalıdır ki, toxumçuluq məsələsi
əlaqəli və əhatəli həll olunmadığı üçün
fermerlər gündəlik
fəaliyyətlərində bir sıra problemlərlə
üzləşirlər. Məhsulun bioloji
xüsusiyyətləri, əkin-biçin
mərhələləri, xəstəliklərə
qarşı mübarizə
tədbirləri, yerli
mühitə uyğun
sort seçimi, aqrotexniki
tədbirlər və
onların icra müddətləri üçün
səriştəli mütəxəssis
sözü tələb
olunur. Sonra da məhsulun yığımı, bazar
problemi, nəqliyyat məsələsi, toxumun seçilməsi, mühafizəsi...
Öz işlərini
sistemli surətdə quran bir sıra
təsərrüfatlarda bu
məsələlər uğurla
həll olunur. Samux rayonundakı "Amin"
toxumçuluq təsərrüfatında
hər il
azı 100 hektardan çox sahəyə taxıl əkilir. Fermer Yunis Ələkbərov deyir ki, əsasən
elit toxum səpirlər. Sahələrə nümunəvi xidmət etmək hesabına 150-200
ton rayonlaşdırılmış toxum götürülərək
satışa hazırlanan
bir neçə toxum kisəsinə baxdıq. Kisənin üstündə oxuyuruq: bu etiket "Toxumçuluq haqqında"
qanuna uyğun olaraq Dövlət Toxum Müfəttişliyi
tərəfindən hazırlanmışdır.
Sonra konkret məlumatlar yazılıb. Məhsulun
növü, sortun adı, çəkisi, istehsalçının kodu,
istehsal ili,
sonda da ünvan, imza - "Amin" firması. Samux rayonu, Qarayeri qəsəbəsi.
Dövlət Aqrar Universitetinin dosenti, əməkdar kənd təsərrüfatı
işçisi, biologiya
üzrə fəlsəfə
doktoru Firudin Qurbanov deyir ki, keyfiyyətli toxum həmişə öz alıcısını
tapır. Bu gün əkinlə məşğul
olan insanların ən böyük səhvi hər hansı babat məhsulu gözəyarı
surətdə toxum hesab etmələridir:
"Fermerlərin çoxu
biçin zamanı sahənin bir az təmiz, yaxşı görünən
hissəsinin məhsulunu
anbarda toxum kimi saxlayırlar. Ancaq bilməlidirlər ki, o məhsul toxum üçün nə dərəcədə yararlıdır.
Ona görə də fermerlərə izah etmək lazımdır ki, hansı hallarda məhsula
toxum deyirik, yaxud ondan əmtəəlik
məhsul kimi istifadə edirik".
Mütəxəssisin fikrinə görə, hər bir fermer
toxum alarkən onun sertifikatının olub-olmamasına xüsusi diqqət yetirməlidir. Çünki sertifikatı olan toxumlarda məhsuldarlıq
faizi və sortu bilinir. Bu da gələcək
məhsulun keyfiyyətinə
birbaşa təsir edir.
Firudin Qurbanov onu da bildirir ki, yerlərdəki toxumçuluq idarələrində, eləcə də laboratoriyalarda çalışan işçilərin əksəriyyəti bu sahənin mütəxəssisi deyil. Onların çoxu, elə fermerlərin özləri də toxumçuluğa olan tələblərdən xəbərsizdirlər: "İndi aqrar sahədə toxumçuluq problemi ön plana keçir. Axı, məhsulun taleyi bilavasitə toxumun keyfiyyətindən asılıdır. Bunu isə müvafiq ixtisası olan təcrübəli, səriştəli adamlar təyin edə bilərlər. Ona görə də Dövlət Aqrar Universitetində toxumçuluq şöbəsinin olması və beynəlxalq təcrübənin öyrənilməsi çox vacibdir".
Bu yaxınlarda Elmi-Tədqiqat Əkinçilik İnstitutunda ölkədə toxumçuluğun mövcud vəziyyəti və bu sahədə fəaliyyətin beynəlxalq standartlara uyğunlaşmasına həsr edilmiş təlim seminarı keçirilmişdir. Qeyd olundu ki, Türkiyənin toxumun qeydiyyatı və sertifikatlaşdırılma sisteminə uyğun modelin Azərbaycanda tətbiqi, ümumiyyətlə, iki ölkə arasında toxumçuluq fəaliyyətinin və toxum bazarının inkişafına dair əməkdaşlıq edilməsi vacibdir.
Azərbaycanda toxumçuluğun müasir tələblərə cavab verməsi üçün uğurlu addımlar atılır. İlk dəfə olaraq Yevlax şəhərində "Azərtoxum" MMC-nin bazasında müasir texnologiya əsasında toxum emal edən, dərmanlayan və qablaşdıran zavod istifadəyə verilmişdir. Başqa misallar da var. Amma sayları və fəaliyyətləri gündən-günə artan tələbatı ödəmir. Odur ki, toxumçuluq kimi çox gərəkli bir işin dağınıq, primitiv, adda-budda yerlərdə təşkilindənsə, vahid sistem halında, elmi əsaslar üzrə qurulan müəssisələrin sayı artırılmalıdır.
Əhməd
İSAYEV,
Azərbaycan.-2014.- 27 noyabr.- S.5.