Qısa ömürlü
sənətkarın uzunömürlü əsərləri
Vəcihə Səmədova-90
Azərbaycanın təsviri sənət tarixini vərəqləyəndə bir çox istedadlı rəssamların, yaratdıqları əsərlərlə əbədiyaşarlıq qazanmış görkəmli fırça ustalarının adlarına rast gəlirik. Bu sırada tanınmış qadın rəssamların adı tək-tək ulduzlar kimi sayrışır. Əsərlərindəki işığın, rəngin, ziyanın, gözəlliyin bolluğuna görə onların ən parlaqlarından biri Vəcihə Səmədovadır.
Çox qısa ömür yaşamış görkəmli Azərbaycan rəssamı, əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın sənət bioqrafiyası yalnız incəsənətdə qadının keçdiyi yol kimi dəyərləndirilməməlidir. Bu, ən başlıcası, əsl rəssamın fasiləsiz axtarışlar, maraqlı tapıntılar, gərgin zəhmət sayəsində qazanılan nailiyyətlərlə dolu bir sənət yoludur.
Vəcihə Səmədova 1924-cü ildə Bakıda anadan olmuşdur. Qars azərbaycanlılarından olan atası Əli kişi qənnadı sahəsində çalışan adi işçi idi. Onu İçərişəhərdə "Kəblə Əli" kimi tanıyırdılar. Anası isə İranın Qum şəhərindən köçüb gəlmiş azərbaycanlılardan idi.
Əli kişi sadə peşə adamı olsa da, onun zəngin mənəviyyatı və geniş dünyagörüşü vardı. Gözəl musiqi duyumu olduğundan evdə həmişə Kərkük və Qars mahnıları oxuyardı. Vəcihə və bacısı Solmaz belə anlarda sükuta dalıb atalarını saatlarla dinləyərdilər. Nəğmələr Vəcihənin bütün ruhuna hopar və böyüdükcə ona həyatın gerçəkliklərinə başqa gözlə, yəni, bədii nöqteyi-nəzərdən baxmaqda kömək edərdi.
Vəcihə Səmədovanın sənət seçimini müəyyənləşdirən digər güclü amil isə elə doğulub boya-başa çatdığı İçərişəhər idi. İçərişəhərin tarixiliyi, burada yaşayan milli ab-hava, nəsildən-nəslə keçən yüksək mənəvi dəyərlər, adət-ənənələr bu həssas təbiətli qızın həm xarakterinin, həm də bədii zövqünün formalaşmasında böyük rol oynamışdı.
Rəssam olmaq bu xanımın sanki alnına yazılmışdı və bunun üçün tale ona bolluca imkan və şans vermişdi. Ən əvvəl onunla ki, Vəcihə Şirvanşahlar Sarayı Kompleksinin yaxınlığındakı evlərin birində dünyaya göz açıb böyümüşdü. Bu bənzərsiz memarlıq əsərinə baxmaqdan doymazdı. Onun hər naxışı, hər oyması gələcək rəssamı düşündürür, gözəlliyə sevgisini artırır, qəlbində nə isə çəkmək, nə isə yaratmaq arzusu oyadırdı. Beləcə, gələcəkdə gözəl rəssam olacaq Vəcihə Səmədovanın sənət yolunu gen, məkan, şərait, ətraf mühit özü müəyyənləşdirmişdi.
1939-cu ildə orta məktəbin yeddinci sinfini bitirən 15 yaşlı yeniyetmə qız Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olur. Burada rəssam Lətif Feyzullayevdən dərs alır və maraqlıdır ki, gələcəkdə onlar talelərini birləşdirir, ailə həyatı qururlar.
1944-cü ildə Vəcihə Səmədova rəssamlıq fakültəsində təhsilini müvəffəqiyyətlə başa çatdırır. Bundan sonra o, V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul olunur. Müəllimləri V.Yakovlev və P.Korin gənc rəssamın istedadını və sənətin incəliklərinə yiyələnmək istəyini dərhal hiss edirlər. Bu səbəbdən də onun püxtələşməsinə, rəssamlığın ən mürəkkəb sirlərini öyrənməsinə qayğı ilə yanaşırlar. 1951-ci ildə Vəcihə "Azərbaycan bəstəkarları" adlı diplom işini tamamlayır. Müəllimləri bu əsərin mürəkkəb kompozisiya quruluşuna və dərin bədii-fəlsəfi cizgilərə malik olduğunu qeyd edirlər.
Gənc rəssam əsərdə həm təsviri sənətin portret janrında həmin vaxtadək mövcud olan ənənələrdən bəhrələnmiş, həm təhsil illərində qazandığı bilik və vərdişlərdən uğurla istifadə etmiş, həm də təbii ki, öz istedadına əsaslanmışdı. Bu, rəssamın ilk qrup portret əsəri idi. Müəllif burada müasir Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəylini özünün istedadlı tələbələri olan Fikrət Əmirovla, Cahangir Cahangirovla, Süleyman Ələsgərovla və Ə.Hüseynzadə ilə birlikdə, lakin onların hər birini fərqli cizgilərlə təsvir etmişdi.
Bu əsər müjdəçi rolunu oynayaraq sənətə istedadlı və ciddi rəssamın gəldiyindən soraq verirdi. Əsərdə gənc rəssamın axtarış həvəsli olduğu görünür, potensialının böyüklüyü özünü göstərirdi. Məhz bu səbəblərdən də ona Moskvada daha üç il qalmaq, təhsilini aspiranturada davam etdirmək təklif olunur. Aspiranturanı bitirəndə isə Vəcihə xanıma başqa bir təklif edirlər. Onun institutda saxlanmasını və burada işləyərək tələbələrə dərs deməsini istəyirlər.
Lakin Vəcihənin vətənə bağlılığı, yurd sevgisi böyük idi. O, həmin təklifi qəbul etməyərək Bakıya qayıdır.
Sənətşünaslar forma və məzmun dolğunluğunu, mövzuya sərbəst yanaşma ustalığını, kompozisiyanı peşəkarcasına, məharətlə qurmaq qabiliyyətini, zəngin kolorit həllini Vəcihə Səmədovanın yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi qeyd edirlər. Rəssamın eləcə də sərbəst yaxı manerası, ritmik rəng keçidləri, dinamik plastikası və işıq-kölgə münasibətlərinin bacarıqlı əlaqələndirilməsi yüksək qiymətləndirilir.
Vəcihə Səmədova fırçasını rəssamlığın bir çox janrlarında sınamış və istəyinə nail olmuşdur. Portret janrı üzərində ayrıca dayanmaq istərdik. Rəssamın yaradıcılığında Azərbaycan qadınlarına həsr etdiyi portretlər xüsusi yer tutur. Bu silsiləyə müəllifin "Avtoportret"ləri başçılıq edir. Müxtəlif sahələrdə çalışan, ayrı-ayrı peşə sahibi olan xanımların portretlərini yaratmasını göstərmək üçün əsərlərin adlarını çəkmək kifayətdir. Belə ki, Vəcihə Səmədova aktrisa Leyla Bədirbəylinin, məşhur pambıqçılar Şamama Həsənova və Sürəyya Kərimovanın, geoloq Minurə Məmmədbəylinin, memar Solmaz Səmədovanın portretlərini yaratmışdır. Bu silsiləyə Azərbaycanın şəhər və kəndlərində gördüyü, tanıdığı neçə-neçə qıza, qadına həsr olunmuş əsərlər daxildir.
Portretlərin bir çoxu ümumiləşdirilmiş obraz təsiri bağışlasa da, rəssam hansı peşə sahibinin rəsmini yaratmasından asılı olmayaraq ilk növbədə həmin şəxsin daxili hisslərini, yaşadığı duyğuları fırçasının gücü ilə kətana köçürürdü. Məsələn, "Pambıqçı", "Pambıqçı qız", "Qırmızı geyimli qız", "İmtahandan öncə" (tələbə qız təsvir olunub), "Lənkəran qızları", "Kitab oxuyan qız" və s. bu qəbildən olan əsərlərdir. Vəcihə Səmədovanın eyniadlı ("Qadın portreti") bir neçə əsəri var ki, onların qəhrəmanı ayrı-ayrı qadınlardır.
Sənətşünas Əsəd Quliyev həmin əsərlərdən birini - geoloq Minurə Məmmədbəylinin portretini belə səciyyələndirir: "Geoloq Minurə Məmmədbəylinin portreti olduqca bədii təsir qüvvəsinə malikdir. Rəssam son dərəcə uğurlu kompozisiya həllinə nail olub. Belə ki, xanım dəniz gəzintisi zamanı sanki çöhrəsini qəfil tamaşaçıya çevirdiyi anda təsvir edilib. Surətin ani pozası və səmimi hərəkəti - obrazın küləyin təsirindən saçlarının və köynəyinin yaxalığının ritmik yellənməsi dalğaların ləpələnməsi ilə vəhdət təşkil edir və dəniz dalğalarının şahanə görüntüsünü daha da rövnəqləndirir. Dənizin səmanın ənginlikləri ilə qovuşduğu nöqtədə günəşin qürub etdiyi məqam, dənizin dalğalanan ləpələri üzərində işaran günəş şüalarının əksi və bu cür fonda obrazın bədii həlli tamaşaçıya yüksək bədii-estetik zövq verir. Əsərin kolorit həlli xüsusi qeyd edilməlidir. Rəssam mahiranə rəng yaxıları və qırmızı, qəhvəyi, bənövşəyi, qızılı və gümüşü rəng keçidlərinin əlaqələndirilməsindən məharətlə istifadə edib. Rəssamın bu əsərini bədii işlənilmə və süjet imkanlarının əhatəliliyi baxımından mənzərə janrında işlənilmiş əsər kimi də xarakterizə etmək olar".
Leyla Bədirbəylinin portretini isə müəllif ciddi, olduqca səlis rənglərlə tam biçimdə yaradıb. Aktrisa yarımprofildən tamaşaçıya tərəf baxır. O, masaya söykənərək əllərini qoşalaşdırıb, başını bir qədər əyib, çöhrəsi kədərli görünür. Əsərə öndən verilmiş işıq həlli aktrisanın üzünün cizgilərinin bədii ifadəliliyini daha da qüvvətləndirir. Onun fona düşən kölgəsi əsərin təsirini artırır.
Yeri gəlmişkən qeyd edək ki, Leyla Bədirbəylinin portreti və bir neçə digər əsər 1954-cü ildə Bakıda təşkil olunmuş sərgidə nümayiş etdirilir və cavan rəssama böyük uğur gətirir. Bu, rəssamın iştirak etdiyi sərgilərin başlanğıcı idi. Sonralar Vəcihə Səmədovanın əsərləri Bakıda, Moskvada və Sofiyada hələ çox fərdi və digər mötəbər sərgilərdə nümayiş etdiriləcəkdi...
Rəssam "Memar Solmaz Səmədova portreti" Bu əsərini bacısı Solmaz xanıma həsr edib. Tabloda qəlbi arzularla, yeni fikirlərlə dolu gənc xanım təsvir olunub. Portret iri planda çəkilib. Fonda isə siluet şəklində iri vatman kağız rulonu, tikinti texnikası verilib ki, bu da qəhrəmanın hansı peşə ilə məşğul olduğunu təcəssüm etdirir.
Sənətşünas mütəxəssislər V.Səmədovanın təəssürat rəssamı olduğunu xüsusi vurğulayırlar. Təbii ki, onun yaradıcılıq aləminə nəzər yetirdikdə bunu aydın şəkildə duymaq olur. Onun mövzuya yanaşmasında daha çox ani məqamlara üstünlük verməsi, nəqledici yox, əhvalyaradıcı süjetləri təsvir etməsi, obrazların sadə biçimdə və səmimi hərəkətlərdə göstərilməsi, təbiət mənzərələrinin təsvirində daha çox ovqatyaradıcı görüntülərə üstünlük verməsi, kompozisiya quruluşunda ani, keçici məqamları qələmə alması, kolorit həllində təmiz günəş işığını, sanki yağışdan sonra yaranmış təmiz hava təravətini kətanda təsvir etməsi onun yaradıcılığını səciyyələndirən xüsusiyyətlərdir.
Yeri gəlmişkən qeyd edək ki, Vəcihə Səmədova övladlarının portretlərini də çəkib. Bunların arasında "Balaca Nicat", "Kiçik skripkaçı", "Qızım Fatimənin portreti" əsərləri xüsusi yer tutur.
Rəssamın oğlu Nicat bununla bağlı belə deyib: "Anam həm emalatxanada, həm evdə, həm Rəssamlar İttifaqında və həm də Rəssamlıq məktəbində həmişə məşğul idi. Sanki ömrünün qısa olacağını qabaqcadan bilir, yaşamağa, hər şeyi çatdırmağa tələsirdi... Mən orta məktəbdə oxumaqla yanaşı, musiqi məktəbində skripka və fortepiano ilə də məşğul olurdum. Günorta məktəbdən çıxıb musiqi məktəbinə getməli idim. Vaxtım az olduğundan evə gedə bilmirdim. Odur ki, həmişə məşğul olan anam, bir dəqiqə də artıq vaxtı olmadığına baxmayaraq, skripkanı məktəbin qabağına gətirər, məni musiqi dərsinə aparardı. Bunun üçün isə o, dərs dediyi Rəssamlıq məktəbinə gedərkən skripkanı da özü ilə götürməli olurdu. "Gənc skripkaçı" portreri də beləcə yaranmışdı".
Rəssamın doğmalarına həsr etdiyi əsərlər kompozisiya və rəng baxımından bir-birinə yaxın, bənzər olmasa da, onları dərin psixologizm, müəllifin onlara olan incə, isti münasibəti birləşdirirdi.
Vəcihə Səmədova şəhərdə böyüsə də Azərbaycanın bölgələrini gəzib-dolaşmış, təbiət gözəlliklərini, qurub-yaradan insanları çox görmüşdü. Əslində, bu səfərlər yaradıcılıq ezamiyyətləri idi. Təsadüfi deyil ki, gördükləri, seyr və müşahidə etdikləri sonralar onun əsərlərində öz əksini tapmışdı. Məsələn, xalqın adət-ənənəsindən qaynaqlanan əsərlərdən "Toy günü", "Nişan aparanlar" əsərlərini xüsusi qeyd etmək olar.
"Toy günü"ndə müəllif kənd yerində xeyir işi ərəfəsində baş verən olayları təsvir edib. Gəlin köçməyə hazırlaşan qız bir neçə qadının əhatəsində bəzənir. Gəlin güzgü qarşısında saçlarını darayır, ətrafındakı qızlar isə sevinc və həsədlə ona baxırlar. Bu səhnə dolğun bədii ifadə həllini tapdığından və emosional təsir gücünə malik olduğundan diqqəti cəlb edir. Mövzunun etnoqrafik və folklor ənənələrindən qaynaqlanması əsərin təsir gücünü daha da artırır.
Ümumiyyətlə, rəssam ətrafda gördüyü nə varsa hamısına diqqət yetirmiş, heç nəyə laqeyd qalmamışdır. Ona görə də tablolarda ən müxtəlif mövzular öz əksini tapmışdır. Bu əsərlərdə nələr vəsf olunmayıb?! Təbiət mənzərələri, insan əllərinin yaratdığı xarüqələr, adi adamların işi, məişəti, asudə vaxtı, sevinci, şənliyi...
Rəssamın ailəsi ilə birlikdə Azərbaycanın müxtəlif guşələrini gəzməsi onun təbiətə vurğunluğunu bir daha təsdiqləyir. Sözügedən səfərlərin və təbiətsevərliyin əks-sədası kimi neçə-neçə əsər yaranmışdır. Bunlardan "Kür sahilində", "Göy göl", "Kəpəz", "Qoşqar yaylağında", "Zığ", "Çadırlar" və başqalarını göstərmək olar. Rəssamın bütün mənzərə əsərləri lirik-estetik bədii xüsusiyyətləri ilə seçilir. Ümumiyyətlə, V.Səmədova mənzərəni çox sevirdi.
Həmin əsərlərdə görkəmli rəssam çoxlarının müşahidə edə bilmədiyi incəlikləri görə bilirdi. "Kür qırağında" tablosuna baxanda bunun bir daha şahidi olursan. Oturmuş vəziyyətdə təsvir olunan qadın saçlarını sıxdığı məqamda göstərilib. Onun cəld hərəkəti, heyranedici plastikası böyük ustalıqla fırçaya alınıb. Bu əsər həm də göstərir ki, müəllif mürəkkəb məsələlərin həllini qarşısına məqsəd kimi qoyur və ona nail olur.
Rəssamın istedadı özünü "Göy göl" əsərində də qabarıq göstərir. Tablo güclü emosional təsirə malikdir və bu səbəbdən də tamaşaçını hər zaman cəlb edir.
O, Azərbaycanın müxtəlif guşələrini gəzdikcə Vətənin gözəlliklərini, özəlliklərini sanki təzədən kəşf edirdi. Odur ki, əsərlərində coşqun Xəzər də, füsunkar Göy göl də, dəli Kür də öz əksini tapır, çəmənlər, dərələr, bulaqlar vəsf olunur. Məsələn, Azərbaycanın qərb regionuna səfəri nəticəsində müəllifin böyük bir əsərlər silsiləsi yaranıb. Buraya "Daşkəsən", "Toğana kəndi", yuxarıda adı çəkilən "Kəpəz", "Çadırlar" və s. əsərlərini daxil etmək olar. Bu əsərlərin hər biri özünün dəqiq kompozisiyası, plastik həlli və dərin rəng palitrası ilə fərqlənir.
Mənzərə əsərləri geniş bir ərazini əhatə edirdi. Onların adlarına diqqət yetirək: "Alaçıqlar", "Bağda", "Lənkəranda", "Buzovna", "Ağaclar", "Sarmaşıq qızılgüllər", "Çuxuryurd", "Çinarlar" və s. Ümumiyyətlə, rəssamın bütün mənzərə əsərlərinə yüksək lirik, estetik və bədii xüsusiyyətlər xasdır. Bundan əlavə, onun yaratdığı portretlərdə, eləcə də tematik tablolarda dəniz görüntülərinə, digər təbiət mənzərələrinə rast gəlinir.
Vəcihə Səmədova öz yaradıcılığına qarşı çox tələbkar idi. Onu böyük zəhmətsevərlik fərqləndirirdi. Yorulmadan, bəzən isə həddindən çox işləyirdi. Axtarışlardan usanmırdı. Daim təkmilləşməyə, peşəkarlığını artırmağa can atırdı. Bunu rəssamın öz əsərlərinə çəkdiyi çoxsaylı eskiz və etüdlər də təsdiqləyir. Bu, onun iş üslubu idi.
Haqqında söhbət açdığımız əsərlər ona görə bu cür uğurlu çıxmışdı ki, onları öz "prinsipi" ilə işləmişdi. Heç zaman əsərini bir etüdlə çəkmirdi. Adətən, beş-altı etüd çəkər, tədricən tamamlanmış obraza, onun kompozisiya quruluşuna və rəng həllinə yaxınlaşırdı. Təsadüfi deyil ki, mütəxəssislər etüdün Vəcihə Səmədova yaradıcılığında önəmli rol oynadığını söyləyirlər.
1961-ci ildə Vəcihə Səmədova Bolqarıstana ezamiyyətə gedir. Bu səfər rəssamın əsərlərindəki ifadəlilik ünsürlərinin, onların musiqili rəng, dekorativ-plastik ritm yaradan strukturlarının daha da gücləndirilməsi yönümündə apardığı axtarışların davamı idi.
Həyat yoldaşı ilə birlikdə getdiyi səfər ilin payız fəslinə təsadüf etmişdi. Onlar bir ay ərzində Bolqarıstanın paytaxtı Sofiyadan başqa Plovdiv, Tarnovo, Burqas, Soropol, Nesebr şəhərlərini də gəzdilər. Bu yerlər rəssamın yeni əsərlərində payızın əsrarəngiz görkəmi, təkrarolunmaz gözəllikləri ilə öz əksini tapdı. Burada Vəcihə Səmədova 50-dən çox tablo yaratdı. Onlardan "Soropolun dənizdən görünüşü", "Bulqasın sahili", "Nesebr", "Türk qızı", "Sofiyada bazar", "Qara dəniz", "Tarnovo. Qaya üzərində evlər" və digərlərini göstərmək olar. Həmin əsərlər əvvəlkilərdən daha parlaq və dolğun koloriti ilə fərqlənirdi. Təsadüfi deyil ki, o illəri mütəxəssislər Vəcihə Səmədovanın sənət bioqrafiyasının növbəti təkamül dövrü kimi dəyərləndirirlər. Bolqarıstan səfəri həqiqətən də Vəcihə Səmədovanın yaradıcılığında yeni mərhələ idi.
1962-ci ildə Azərbaycanın Mədəniyyət Nazirliyinin Rəssamlıq Salonunda təşkil olunmuş sərgidə Vəcihə Səmədovanın 52 tablosu nümayiş etdirilirdi ki, bu da bir növ rəssamın yaradıcılıq hesabatı idi. Daha sonra onun bu silsilədən olan əsərləri Moskva şəhərində "Xarici ölkələr Azərbaycan rəssamlarının yaradıcılığında" adlanan sərgidə də göstərildi.
1960-cı illərin əvvəlində V.Səmədova artıq formalaşmış, püxtələşmiş, öz üslubu, dəst-xətti ilə fərqlənən bir sənətkar idi. O, yaradıcılığını müvəffəqiyyətlə davam etdirərək yeni tematik tablolar, mənzərələr, portretlər çəkirdi.
Lakin bir neçə il sonra
onu amansız xəstəlik yaxalayır.
Ömrünün sonunda çəkdiyi
rəsmlərinə istər-istəməz
rəssamın öz əhval-ruhiyyəsi də
hopur. Beləliklə,
müəllifin düşüncələri,
keçirdiyi hiss və
duyğular tablolarda əksini tapır. Bu, ən çox
"Xəbər gözləyərkən"
əsərində görünür.
Deyilənlərə görə, bu,
rəssamın son əsərləri
sırasında ən
böyüyüdür. Rəsmin ön planında iki qız, onların
silueti görünür.
Narahat dəniz nazik zolaqla, dənizdəki doğmalarının yolunu
gözləyən uzaqdakı
insanlar arxadan təsvir olunub. Köhnə qayıqlar gözə dəyir. Bütün bunlar əsərə
baxanlarda həyəcan
oyadır.
Vəcihə Səmədova qeyri-adi və xoşbəxt taleli sənətkardır. Onun xoşbəxtlik
payına düşən
nə uzun ömür, nə var-dövlət, nə də sakit həyat
idi. Vəcihə
Səmədovanın xoşbəxtliyi
daha ali,
uca məna daşıyırdı. Onun həyatının
mənası yaradıcılıq,
peşəkarlıq uğrunda
mübarizə, axtarışlar
olmuşdur. O, xeyli
müddət pedaqoji fəaliyyətlə də
məşğul olmuş,
gənc rəssamların
yetişməsinə böyük
əmək sərf etmiş, 1965-ci il
oktyabrın 18-də dünyasını
dəyişmişdir.
Tale tərəfindən ayrılmış ömür payının qısalığına baxmayaraq, onu şəxsi həyatda da xoşbəxt qadın adlandırmaq olar. O, gözəl ailədə böyümüşdü. Sonra özü də gözəl ailə qurmuşdu. Qeyd etdiyimiz kimi, həyat yoldaşı həmkarı idi. Aralarındakı sevgini və xoş münasibətləri eyni peşə sahibi olduqlarından yaranmış ümumi baxışlar tamamlayırdı. Onlar bir-birini çox gözəl anlayırdılar və ailədə həmişə xoş ab-hava hökm sürürdü. Təbiət bu cütlüyə istedadlı övladlar bəxş etmişdi.
Azərbaycan Rəssamlar İttifaqının Bakıdakı bədii sərgi salonu 1965-ci ildən Vəcihə Səmədovanın adını daşıyır.
Görkəmli rəssamı "Azərbaycan rəngkarlığının kraliçası" da adlandırırlar. "Yaddaş" studiyası onun haqqında sənədli film çəkib. Filmin rejissoru Nicat Feyzullayev: "Çəkdiyim film anam deyil, sənətkar haqqındadır" deyir. Filmdə Oqtay Sadıqzadə, Ömər Eldarov, Tokay Məmmədov, Tahir Salahov, Xəyyam Mirzəzadə, Fərhad Xəlilov, Sakit Məmmədov kimi sənətkarlar Vəcihə Səmədova haqqında səmimi sözlər deyib, yüksək fikirlər söyləyiblər.
Bu il əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın 90 yaşı tamam olur. Artıq yarım əsrdir ki, o, həyatda yoxdur. Amma adı da rəsmləri kimi əbədi qaldı. Bu istedadlı rəssamı, maraqlı insanı, qayğıkeş müəllimi yaşadan təkcə bunlar deyil. O, doğmalarının, övladlarının, həmkarlarının, yetirmələrinin də qəlbində, xatirəsində daim yaşayır.
İradə
ƏLİYEVA,
Azərbaycan.-2014.- 27 noyabr.- S.7.