Azərbaycan mötəbər
beynəlxalq qurumların fəal üzvüdür
Azərbaycan
nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən
120-yə yaxın dövləti birləşdirən Beynəlxalq
Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli əməkdaşlıq
edir və uzun müddətdir bu təşkilatın ali
orqanlarında təmsil olunmaqla, xüsusi fəallığı
ilə fərqlənir.
Ədliyyə
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər
ki, noyabrın 23-dən 27-dək Birləşmiş Ərəb
Əmirliklərinin Dubay şəhərində
Assosiasiyanın İllik yığıncaqları, o cümlədən
BPA-nın rəhbər orqanları olan İcraiyyə Komitəsinin
və senatın iclasları keçirilib.
Tədbirlərdə ölkəmizi Assosiasiyanın fəxri üzvü və senatoru, ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə baş prokurorun müavini, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, həmçinin Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məsul əməkdaşları daxil ediliblər.
Konfransın təntənəli açılışında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti, Baş nazir, Dubay Əmirliyinin rəhbəri şeyx Məhəmməd bin Rəşid Al Maktum iştirak edib. Mərasimdə Assosiasiyanın ərəb dilində saytının təqdimatı keçirilib. Qeyd olunmalıdır ki, BPA-nın internet saytı ingilis, fransız və rus dillərində mövcud idi və rus dilində səhifə 10 ildən çoxdur ölkəmiz tərəfindən aparılır.
Dünyanın 100-dək dövlətindən 500-ə yaxın nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq mühafizə orqanlarının rəhbər şəxslərinin qatıldıqları bu mötəbər tədbirdə Dubayın baş prokuroru Essam Essa Al Humaidan və Assosiasiyanın prezidenti Qerhard Yaroş giriş nitqi ilə çıxış ediblər.
Konfransda qanunun aliliyi, şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə, beynəlxalq əməkdaşlıq, yuvenal ədliyyə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və digər aktual məsələlər müzakirə edilib.
Müzakirələrdə nümayəndə heyətimizin üzvləri fəal iştirak edib, dövlətimizin başçısı İlham Əliyevin qəti siyasi iradəsi ilə korrupsiyaya qarşı aparılan sərt mübarizə tədbirləri, əldə olunmuş nailiyyətlər vurğulanıb. Şəffaflığın təmin olunması ilə bağlı müsbət təcrübələrə həsr olunmuş seminarda ölkə rəhbərinin təşəbbüsü ilə yaradılaraq Azərbaycan brendinə çevrilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə dair Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məsul işçisi A.Cəfərli tərəfindən təqdimat keçirilib, videoçarx nümayiş etdirilib, əyani vəsaitlər paylanılıb. “ASAN xidmət”in vətəndaş məmnunluğuna yönələn fəaliyyəti, korrupsiyanın qarşısının alınmasında önəmli rolu tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanaraq təqdir olunub.
Senatın iclasında iştirak edən nazir Fikrət Məmmədov Assosiasiyanın gələcək inkişafı, mühüm və mürəkkəb məsələlərin həllində Senatın rolu, yeni perspektivlər və s. məsələlər üzrə çıxış edərək konkret təkliflər verib və onlar qəbul ediliblər. Eyni zamanda, İcraiyyə Komitəsinin iclasında təşkilati məsələlərə baxılıb, tədbirdə qurumun üzvü K.Əliyev iştirak edib. Ümumi yığıncaqda isə İcraiyyə Komitəsi üzvlərinin yerinə seçkilər keçirilib, habelə təltif edilmə mərasimi təşkil olunub. Azərbaycan nümayəndə heyətinin üzvü, Baş Prokurorluğun məsul işçisi R.Haciyev Assosiasiyanın işində fəal iştirakına görə BPA-nın Xüsusi Xidmətlər Sertifikatına layiq bilinib.
Tədbir çərçivəsində, həmçinin Assosiasiyada Antikorrupsiya Şəbəkəsinin yaradılması qərara alınıb, Azərbaycanın BPA-nın fəaliyyətinə verdiyi dəyərli töhfələr, eləcə də beynəlxalq antikorrupsiya mübarizəsində təşəbbüskarlığı nəzərə alınaraq həmin şəbəkənin və hazırlanacaq müvafiq saytın idarə edilməsi ölkəmizə etibar olunub.
Konfransda BƏƏ, Rusiya, Ukrayna, Qazaxıstan və Gürcüstanın
baş prokurorları, bir
sıra digər dövlətlərin hüquq
mühafizə orqanlarının rəhbərləri, beynəlxalq
təşkilatların məsul nümayəndələri ilə
görüşlər keçirilib,
qarşılıqlı fəaliyyət məsələləri
müzakirə olunub.
Azərbaycan. - 2014.- 28 noyabr.- S. 5.