Əmək və əhalinin sosial müdafiəsi naziri İmişlidə 7 rayonun sakinlərini qəbul edib

 

Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası olaraq, əlil və şəhid ailələri üçün artıq bölgələrdə fərdi evlərin inşasına başlanılıb. İlkin mərhələdə, ümumilikdə, 52 rayonda 353 ədəd fərdi evin inşa edilərək bu qəbildən olan insanlara təqdim olunması nəzərdə tutulur. Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərində isə hazır mənzillərin bu kateqoriyadan olan şəxslərə alınıb verilməsi planlaşdırılır.

AzərTAc xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov noyabrın 27-də İmişli şəhərində Kürdəmir, Ucar, Zərdab, Beyləqan, Xocavənd, Füzuliİmişli rayonlarının sakinlərini qəbul edərkən məlumat verib.

Nazir dövlətimizin başçısının qeyd edilən Sərəncamına əsasən, 2014-cü il yanvarın 1-dək növbədə olan 5 min 731 nəfər müharibə əlili və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlərlə təmin ediləcəyini diqqətə çatdırıb.

S.Müslümov bildirib ki, əlil və şəhid ailələrinin mənzil növbəsinə götürülməsi, növbənin dəyişdirilməsi və ya ləğv olunması müvafiq rayon (şəhər) icra hakimiyyətlərinin səlahiyyətindədir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə inşa edilmiş mənzillərin bölgüsü məhz rayon (şəhər) icra hakimiyyətlərinin nazirliyə təqdim etdikləri mənzil növbəliliyi siyahıları əsasında aparılır. Təqdim olunmuş həmin siyahılar bu sahədə şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə toxunulmadan, skan olunmuş, yəni hər hansı dəyişikliyin edilməsi mümkün olmayan formada ƏƏSMN-in rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində yerləşdirilib.

S.Müslümov yaxın vaxtlarda Tərtər, Beyləqan və Şamaxı rayonlarında olduğu kimi, İmişlidə də çoxmənzilli yaşayış binasının istifadəyə veriləcəyini və bu rayonda mənzil növbəsində olan 54 müharibə əlili və şəhid ailəsinin həmin binada mənzillə təmin ediləcəyini bildirib.

Qəbul zamanı S.Müslümov vətəndaşların əsasən mənzil və minik avtomobilləri, bərpa-müalicə, məşğulluq məsələləri ilə əlaqədar müraciətlərini dinləyib. Əmək hüquqlarının təminatı, ünvanlı sosial yardım və əlillik təyinatı ilə bağlı müraciətlər isə azlıq təşkil edib. Nazir müraciətlərdə əksini tapan məsələlərin obyektiv şəkildə araşdırılaraq qanunauyğun tədbirlər görülməsi, müraciət edən bir sıra müharibə əlillərinin minik avtomobilinə tibbi göstəriş almaq hüququnun müəyyən olunması üçün müvafiq müayinəyə cəlb edilməsi barədə tapşırıqlar verib. Ayrı-ayrı şəxslərin məşğulluq problemi elə yerindəcə həll olunubonlar münasib yerlərinə göndərişlə təmin ediliblər. Nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Kürdəmir, Ucar, Zərdab, Beyləqan, Xocavənd, Füzuli rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla İmişli rayonuna aparılıb-gətirilmələri təmin edilib.

 

Azərbaycan. - 2014.- 28 noyabr.- S.5.