Azərbaycan həmişə tolerantlığın yüksək səviyyədə qorunduğu ölkə olub

 

Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşündə deyib ki, Azərbaycan həmişə müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı, tolerantlığın yüksək səviyyədə qorunduğu ölkə olub.

Qeyri-islam təmayüllü dini icmalarla tanışlıq məqsədi ilə keçirilən görüşdə Komitənin sədri Mübariz Qurbanlı Avropa Yəhudilərinin sinaqoqu və dini icmanın fəaliyyəti ilə tanış olub.

Komitənin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, icmanın fəaliyyəti haqqında məlumat verən G.Zelmanoviç həm Dövlət Komitəsi, həm də hökumət tərəfindən dini icmaya göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib.

M.Qurbanlı ölkəmizdə dinə dövlət qayğısından danışaraq bildirib ki, Azərbaycan hüquqi dövlət olmasına baxmayaraq, din hər zaman dövlətin xüsusi diqqət yetirdiyi sahələrdən biridir. Azərbaycanda insanların dini etiqad azadlığının təmin olunması və qorunması üçün hüquqi baza var və hər bir vətəndaşın etiqad azadlığı dövlətin təminatı altındadır.

 

Azərbaycan. - 2014.- 28 noyabr.- S.5.