Ermənistanın işğalçılıq siyasətinin nəticələri beynəlxalq

 tədbirin iştirakçılarının diqqətinə çatdırılıb

 

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) çərçivəsində nazirlərin 30-cu sessiyasında Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Sessiyada çıxış edən Əbülfəs Qarayev Azərbaycanın COMCEC-dəki yeri və rolu, rəhbərlik etdiyi nazirliyin həyata keçirdiyi beynəlxalq layihələrin əhəmiyyəti, qarşıda duran vəzifələr barədə fikir və mülahizələrini bölüşüb.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətin ağır nəticələri barədə məlumat verən nazir diqqətə çatdırıb ki, Ermənistan tərəfi işğal etdiyi Azərbaycan torpaqlarında hərtərəfli soyqırımı həyata keçirib. Nəticədə ölkəmiz böyük bir ərazisində digər sahələrdə olduğu kimi, turizm sahəsindən də mənfəət əldə etmək və inkişafa nail olmaq imkanlarını itirib. Bununla yanaşı, bəzən xarici ölkələrdə təşkil olunan beynəlxalq sərgilərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik işğal altında olan torpaqlarımız Ermənistan ərazisi və ya müstəqil dövlət kimi təbliğ olunur. Belə halların qarşısını almaq məqsədilə üzv ölkələri bu məsələyə diqqətli yanaşmağa və Azərbaycanın maraqlarını qorumağa çağıran nazir mədəni irsimizin qorunmasında tərəflərin həmrəyliyinin vacib olduğunu diqqətə çatdırıb.

İslam mədəni irsinin qorunub saxlanmasının və təbliğinin önəmli olduğunu qeyd edən Ə.Qarayev təşkilata üzv ölkələri 2015-ci ildə Azərbaycanda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyə dəvət edib.

 

Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

Azərbaycan.-2014.- 28 noyabr.- S.2.