Kökdən gələn istedad

 

Sevda İbrahimova-75

 

Onun haqqında danışarkən tanınmış bəstəkar, mahir fortepiano ifaçısı, gözəl ziyalı demək azdır. Çünki yaradıcılığı da şəxsiyyəti kimi müdrik və kamildir. Musiqilərindən sanki daim işıq süzülür. Hər bəstəsi ilk notlarından saflıq, səmimiyyət, sevgi dolu hisslər aşılayır.

Əsərləri təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda - MDB məkanında, Türkiyədə, Almaniyada, Fransada, Amerika Birləşmiş Ştatlarında, İsveçdə səslənmiş bu xanım bəstəkarın musiqisi hamı üçün anlaşıqlıdır. Çünki bu musiqinin dinləyicilərinin həmsöhbəti ən səmimi, ən gözəl melodiyaların “dili” ilə danışan, özünəməxsus yaradıcılığı olan Azərbaycan bəstəkarıdır, müdrik Azərbaycan qadınıdır.

Söhbət tanınmış bəstəkar, respublikanın əməkdar incəsənət xadimi, xalq artisti, professor Sevda İbrahimovadan gedir.

Sevda İbrahimova 1939-cu il noyabrın 28-də Bakı şəhərində dünyaya göz açıb.

İstedadın qanla, genlə nəsildən-nəslə keçdiyini elm də, həyat da çoxdan təsdiqləyib. Bu gün Azərbaycanda ölkə həyatının ən müxtəlif sahələrində görkəmli yazıçıların, incəsənət xadimlərinin, alimlərin və digər tanınmış şəxsiyyətlərin neçə-neçə övladı, nəvəsi, nəticəsi çalışır. Onlar öz valideynlərinin yolunu davam etdirir, yaxud da digər bir peşədə məharət göstərərək Vətənə, xalqa eyni sadiqliklə xidmət edirlər. Çoxları ad-san qazanıb. Sevda xanım da onlardan biridir.

Görkəmli tarzən Qurban Pirimovun qız nəvəsi, xalq yazıcısı Mirzə İbrahimovun övladı olan Sevda xanımın istedadı bəstəkarlıqda üzə çıxıb. Anası Sara Pirimova gözəl pianoçu və müəllim idi. O, ilk azərbaycanlı qızlar sırasında 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdi. Evlə, ailə ilə bağlı qayğılarının çoxluğuna, vaxtının azlığına baxmayaraq, Sara xanım övladları üçün royalda gözəl musiqilər, xüsusilə dünya klassiklərinin əsərlərini ifa etməyi sevərdi.

Uşaq yaşlarından fortepianoda çalmağı öyrənən Sevdanın gələcəkdə anasının davamçısı olacağı şübhə doğurmurdu. Lakin tezliklə onun musiqi bəstələmək qabiliyyəti də üzə çıxdı.

İlk musiqi təhsilini Sevda İbrahimova Bülbül adına orta ixtisas musiqi məktəbində, bir sıra mahir pianoçuların müəllimi olmuş M.Bıkovadan alır. Sonra konservatoriyaya daxil olur. O, iki ali musiqi təhsili ala bilir. 1962-ci ildə konservatoriyanı fortepiano sinfi üzrə bitirir. Burada ona M.Brenner dərs deyir. Bəstəkarlıq üzrə isə Sevda xanım məşhur Qara Qarayevin sinfini bitirir.

Hələ Bülbül adına məktəbdə S.İbrahimova ilk bəstələrini professor B.Zeydmana göstərir. Yeniyetmə qızın ilk əsərlərində Şərq və Avropa musiqisinin sintezi özünü qabarıq şəkildə büruzə verirdi. Sonra böyük bəstəkar Qara Qarayev istedadlı tələbəsinin bu xüsusiyyətləri mütləq qoruyub saxlamasına çalışır. Məhz Qara müəllimin son dərəcə həssas, qayğıkeş münasibəti, rəhbərliyi sayəsində Sevda xanım peşəkarlığa və fərdi bəstəkarlıq üslubuna yiyələnir.

1964-cü ildə S.İbrahimova konservatoriyanın bəstəkarlıq sinfini də bitirdi. Diplom işi fortepiano ilə orkestr üçün “Poema” idi. Dövlət imtahanında əsərini fortepianoda özünün ifa etməsi gələcək yaradıcılığında bəstəkarlıq istedadını və ifaçılıq məharətini birləşdirəcəyindən xəbər verirdi. Təsadüfi deyil ki, 1965-ci ildə bu əsər ilk “Zaqafqaziya baharı” musiqi festivalının proqramına daxil edildi və müəllifin özü tərəfindən ifa olundu.

Musiqişünas Lalə Dadaşova həmin dövrü belə xatırlayır: “Bəstəkar Sevda İbrahimovanın adını ilk dəfə 60-cı illərin ortalarında eşitmişəm. Bakıda “Zaqafqaziya baharı” festivalı keçirilirdi və biz, musiqi elmini hələ təzə-təzə öyrənməyə başlayanlar konsertlərin afişalarını, mətbuatı maraqla izləyir, özümüz üçün yeni adlar, yeni əsərlər kəşf edirdik.

Konservatoriyanı Q.Qarayevin (bəstəkarlıq) və M.Brennerin (fortepiano) sinifləri üzrə təzəcə bitirmiş, iştirakçıların ən cavanı, füsunkar Sevda festivalda fortepiano və orkestr üçün “Poema” ilə çıxış etdi. Hələ onda mütəxəssislər gənc müəllifin musiqi alətinin özəllikləri ilə bağlı yüksək biliyini, təqdim olunan əsərin peşəkar orkestrovkasını vurğuladılar, məşhur ustadı Qara Qarayev isə Sevdanı istedadlı bəstəkar adlandırdı, onun “Poema”sında fortepiano klassikasının ən yaxşı ənənələri və Azərbaycan xalq musiqisinin bağlılığını diqqətə çatdırdı”.

Sevda xanım ani populyarlıq qazanmaq, dinləyicini necə olursa-olsun, cəlb etmək istəyən, başqa sözlə, asan şöhrət dalınca gedən bəstəkar deyil. Onun əsərlərində həm dərin xəlqilik, həm də son dərəcə fərdilik var. Bu da bəstəkarın musiqisinə həmişə özünəməxsusluq gətirir. Bütün bunlarla bahəm, Sevda xanım musiqidə emosional ifadəliliyi başlıca şərtlərdən sayır.

S.İbrahimovanın yaradıcılığı çoxşaxəlidir. O, opera, instrumental və vokal əsərlər, mahnı və romanslar, filmlərə musiqi və uşaqlar üçün nəğmələr yazıb. Bəstəkarın hansı mövzu və janra müraciət etməsindən asılı olmayaraq, orada onun həm şəxsi istedadı, həm keçdiyi məktəb, həm də Azərbaycan xalq musiqisi ənənələrinə sədaqət özünü bariz şəkildə göstərir.

Bəstəkarın müəllif konsertləri də yüksək səviyyədə, tamaşaçı heyranlığı və böyük alqışlarla keçir. Onun yaradıcılığında xüsusi yer tutan “Qarabağnamə” tar üçün konsertinin orkestrlə ifası, “Qurbansız qalan tarım” elegik əsərinin cazibəsi, “Tez gəl” romansı, “Həqiqət üzüyü” operası, fortepiano və kamera orkestri üçün konsertino, Mirzə İbrahimovun xatirəsinə həsr etdiyi “Etiraf” və s. əsərləri dinləyiciləri məftun edir.

Bəstəkar Vasif Adıgözəlov çıxışlarının birində həmkarının yaradıcılığını belə səciyyələndirib: “Sevda İbrahimova Azərbaycan qadınları arasında ən istedadlı bəstəkardır. Onun yaradıcılığı Azərbaycanın milli-mədəni əlaqələri ilə sıx bağlıdır. O, Mirzə İbrahimov kimi görkəmli bir ziyalının ailəsində böyüyüb boya-başa çatıb, dahi Qara Qarayevin bəstəkarlıq məharəti məktəbini keçib. Tale Sevdanı istedadla, təmiz və açıq ürəklə mükafatlandırıb. Onun yaradıcılığı, məzmunlu daxili aləmi ahəngdar milli üslublu mövzularla, dərin psixoloji obrazlarla zəngindir”.

Bəstəkar hər bir janra, hər bir sahəyə məsuliyyətlə yanaşır. Buna görə də hər əsərdə öz sözünü deməyə müvəffəq olur. Buraya bəstəkarın operaları, simfonik əsərləri, mahnıları və s. daxildir.

Sevda xanımın yaradıcılıq üslubu ilkin həyat prinsiplərinə, böyük ustad Qara Qarayevin öyrətdiklərinə bu gün də sadiqdir. Onun yaradıcılığı, eyni zamanda özünün həyatda, təcrübədə qazandığı dəyərlərin təsdiqi kimi səslənir.

Sevda İbrahimova vətəndaş-bəstəkardır. Vətən sevgisi onun əsərlərindən qırmızı xətlə keçir. Üstəgəl, bir ana kimi çağdaş dünyamızda baş verən hadisələrə, öz vətənində hər gün, bəlkə də hər an yaşanan olaylara laqeyd qala bilmir. Onun əsərlərində keçirdiyi hiss və duyğular, ətrafında baş verənlərə münasibəti öz əksini tapır. 1991-ci ildə qoboy və piano üçün “Qəmginlik”, 1994-cü ildə iki piano üçün “Azərbaycan təranələri” pyeslər silsiləsi, 1999-cu ildə tar və simli orkestr üçün “Sənin üçün darıxıram, Şuşam”, 2001-ci ildə simli orkestr üçün “Vətən düşüncələri” əsərlərini yazır.

Görkəmli yazıçının ailəsində böyümüş bu xanımın qəlbində atasından varisliklə aldığı bir məhəbbət də yaşayır. Bu, sözə, sözün dəyərinə olan diqqət və sevgidir. Məhz bu səbəbdən onun əsərlərində musiqi ilə poeziya sıx bir vəhdət yaradır. Bəstəkarın Nizaminin, Şəhriyarın, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Hikmət Ziyanın və başqa şairlərin sözlərinə yazdığı mahnı və romanslarını xatırlamaq kifayətdir. Bu baxımdan Sevda xanımın Azərbaycan şairlərinin sözlərinə bəstələdiyi “Vətən şəhidləri” kantatası, “Sevirəm”, “Əbədi yurdum” vokal silsilələri də çox dəyərlidir.

Sevda İbrahimova sözə, şeir mətnlərinə qeyri-adi bir tələbkarlıqla, böyük həssaslıqla yanaşan bəstəkarlardandır. Məhz bu səbəbdən də həmişə ən yüksək poeziya nümunələrinə müraciət edir. Mütəxəssislər deyirlər ki, lirik mahnı, romans yazmaq xüsusi istedad tələb edir. Diqqətli dinləyici isə zərif, incə musiqinin məhz həssas ürək sahibi, səmimi insan tərəfindən yaradıldığını dərhal duyur. Başqa sözlə, Sevda xanımın parlaq melodik materiala, inandırıcı miniatür nəql manerasına malik hər vokal əsəri sevgi haqqında kiçik bir povest, sədaqət haqqında monoloqdur. Bu qəbildən olan əsərlər sırasına “Necə sevməyim səni”, “Sən məni yad et”, “Sənin sədaqətin” və digər mahnıları, romansları daxildir.

Sevda İbrahimovanın yaradıcılığında bir sıra sənədli və bədii filmlərə yazdığı musiqi də xüsusi yer tutur. Hələ keçən əsrin 60-80-ci illərində “Əzim Əzimzadə”, “Yazıçının bir günü”, “Peşmançılıq”, “Min bir xəzinə”, “Nar”, “Odlu ürək” kimi filmləri bəstəkarın musiqisi bəzəmiş, onları baxımlı və maraqlı etmişdir. O, bu istiqamətdə yaradıcılığını sonralar da davam etdirmişdir. Onun filmlərə bəstələdiyi musiqi ayrıca səsləndikdə sərbəst bir əsər təsiri bağışlayır ki, bu da, əlbəttə, bəstəkarın böyük istedadını bir daha təsdiqləyir.

Təsadüfi deyil ki, Sevda xanımın yaradıcılığında zaman-zaman itirdiyi əzizlərinin xatirəsi də öz əksini tapıb. O, babasının xatirəsinə “Qurbansız qalan tarım” adlı kamera əsəri yaradıb. Atası Mirzə İbrahimovun sözlərinə “Laylay” nəğməsini bəstələyib. “Əhval-ruhiyyələr” silsiləsindən pyeslərini anası Saranın xatirəsinə həsr edib. Həmin silsilədən olan “Məhəbbət işığı” adlı pyeslərində isə bəstəkar öz ömür-gün yoldaşı Arif müəllimi sevgi və nisgillə xatırlayır.

AMEA-nın müxbir üzvü, professor, əməkdar elm xadimi Zemfira Səfərovanın fikrincə, bu əsərlərə ümumi bir ad - “Əzizlərimin xatirəsinə” adını da vermək olar. Bu əsərlərin mövzusunun dramatik xüsusiyyətinə, faciəvi yönümünə baxmayaraq, musiqinin səmimiliyi, melodik və işıqlı olması dinləyicidə xoş duyğular, xoş əhval-ruhiyyə oyadır.

Sevimli bəstəkarımıza həmişə səmimi münasibət bəsləyən, onunla müxtəlif mərhələlərdə əməkdaşlıq edən Zemfira xanım yazır: “Mən Qara Qarayevin elmi-publisistik əsərlərinin məcmuəsini çapa hazırlayırdım... Bu kitabla əlaqədar növbəti görüşümüz zamanı o, məndən gənc qadın bəstəkarlara münasibətimin necə olduğunu soruşdu və istedadlı, gələcəklərinə böyük ümid bəslədiyi bir neçə xanım bəstəkarın adını çəkdi. Onlardan biri Firəngiz Əlizadə, o birisi yaradıcılığından bəhs etdiyim Sevda İbrahimova və üçüncüsü Afaq Cəfərova idi. Qara müəllim mənə məsləhət gördü ki, onların yaradıcılıqları ilə tanış olum. Mən bu məsləhətə riayət edərək o vaxtdan həmin bəstəkarların yaradıcılığı ilə maraqlandım və hətta onlar haqqında yazılar da yazdım. Sevda xanımı mən çoxdan tanıyırdım. Biz eyni vaxtda xüsusi musiqi məktəbində oxumuşduq (indi Bülbül adına məktəb). Sonralar hər ikimiz bu məktəbdə işləmişdik... Bu yaxınlarda mən böyük xanəndə, təkrarsız səsə malik Cabbar Qaryağdıoğlu haqqında “Şərq musiqisinin peyğəmbərləri” adlı kitab yazdım. Redaktoru mənim təklifimlə Sevda İbrahimova oldu. Məlumdur ki, Cabbar Qaryağdıoğlunun məşhur triosunda uzun illər boyu tarzən kimi Sevda xanımın babası - mahir ifaçı Qurban Pirimov çıxış etmişdi... Redaktorluqla əlaqədar mən Sevda xanıma müraciət edərkən o, məmnuniyyətlə razılaşdı və sonra mənə təşəkkürünü bildirdi ki, ona sanki keçmiş dövrü yaşatdım”.

Sevda İbrahimova öz üslubunu uşaq musiqisində də tapmış, uşaq mahnılarında canlı, dəqiq və bədii dəst-xəttini yaratmışdır. O, mahnılarında dostluğu, Vətənə, təbiətə və əməyə məhəbbəti təcəssüm etdirir. Məsələn, “Mehriban bacılar”, “Mən baharam”, “Bakı”, “Mənim doğma Vətənim” və s. kimi mahnılar bu qəbildəndir.

Tanınmış musiqişünas, professor İmruz Əfəndiyeva “Sevda İbrahimovanın yaradıcılığında uşaq musiqisi” adlı kitab da yazıb. Məlumdur ki, Sevda xanım uşaqları, gəncləri çox sevir, məhz bu səbəbdən də onun bəstəkarlıq yaradıcılığı və pedaqoji fəaliyyəti bir-biri ilə sıx bağlıdır. Sözügedən kitabda bəstəkarın yaradıcılığının məhz bu istiqaməti təhlil olunur.

Görkəmli bəstəkar uşaqlar üçün musiqi yazmaq işinə ciddi baxır. Onun uşaqlarla işləmək haqqında öz mülahizələri var. Bəstəkar qeyd edir ki, uşaqlarda musiqini duyma qabiliyyətini artırmaq üçün onların eşitdiklərini şəkildə çəkə bilmələri çox vacibdir. Əgər mümkün olarsa, çalınan pyesin musiqisini səslə oxumaq da yaxşı olardı.

Sevda xanım ayrı-ayrı illərdə uşaqlar üçün fortepiano musiqisi, çoxsaylı mahnılar, səhnə əsərləri, o cümlədən “Nənəmin nağılları” operasını yazıb.

“Nənəmin nağılları”ndan söz düşmüşkən qeyd edək ki, bu opera Səmərqənd Opera və Balet Teatrında göstərilmiş, həm özbək, həm də rus dillərində tamaşaya qoyulmuşdur. Azərbaycanda isə yalnız 1986-cı ildə Bakı Musiqi Akademiyasının məktəb-studiyasında həmin studiyanın direktoru, professor T.Seyidovun təşəbbüsü ilə operanın sadələşdirilmiş variantı “Biri vardı, biri yox” adı ilə səhnələşdirilmişdi.

Sevda xanımın yaradıcılığında uşaq obrazları xüsusi yer tutur. Bu, təkcə bəstəkarın uşaqlar üçün və uşaqlar haqqında yazmasından irəli gəlmir. Bu, həm də onunla bağlıdır ki, özünün də dediyi kimi, uşaqlar onun üçün ən böyük saflıq və ilkinlik rəmzidir.

Uşaq psixologiyasına nüfuz etmək, ətraf aləmin qapılarını onun üzünə açmaq, ona doğma yurd sevgisi aşılamaq - bütün bunlar bəstəkarın uşaq musiqisinə həsr olunan əsərlərinə xasdır.

Sevda İbrahimova Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1989-cu ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. 2005-ci ildə isə ona “Azərbaycanın xalq artisti” fəxri adı verilib. 1994-cü ildə professor elmi adını alıb.

Görkəmli bəstəkarın pedaqoji fəaliyyəti 1960-cı ildə Bülbül adına musiqi məktəbində başlanıb. 1971-ci ildən isə Üzeyir bəy Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indi Bakı Musiqi Akademiyası) davam edir.

Bir gözəl pianoçu, musiqi xadimi, müəllim kimi də Sevda İbrahimovanın onu tanıyanların yanında hörməti çoxdur. Uzun illərdir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Metodika və xüsusi pedaqoji hazırlıq kafedrasının müdiri kimi kafedranın əməkdaşlarına qayğı ilə yanaşır. Tələbələri həmişə onun köməyindən, dəstəyindən bəhrələnirlər. İndiyədək 150-dən çox yetirməsi olub. O, müxtəlif janrlarda iki opera, iki kantata, iki kvartet, fortepiano və orkestr üçün üç konsert, fortepiano və orkestr üçün konsertino, fantaziya, orqan və orkestr üçün konsert, skripka və orkestr üçün musiqi, fortepiano üçün silsilə pyeslər, “Əhval-ruhiyyələr”, “Azərbaycan təranələri”, teatr və kino üçün romans və mahnılar yazmışdır.

Sevda xanım elə bir insandır ki, ətrafındakıların hamısı yaşından asılı olmayaraq, onu özlərinə dost hesab edirlər. Təbiət ona bəstəkarlıqla yanaşı, müəllimlik istedadı da verib. Tez-tez tələbələrinin kiçik, bəzən də böyük tamaşaçı auditoriyası qarşısında konsertlərini təşkil edir. Çalışır ki, imtahanların çoxunda iştirak etsin. Onun hazırladığı tələbələr daim öz səviyyəsi ilə fərqlənir.

Şöhrətpərəstlik, qazandığı nailiyyətlərdən qürurlanmaq Sevda xanımın xarakterinə yad xüsusiyyətlərdir. Sənətinin kamillik zirvəsinə çatan sevimli bəstəkarımız bu gün də axtarışlar aparır, yeni melodiyalar haqqında düşünür. Bu yolda yorulmadan çalışan görkəmli bəstəkar Sevda İbrahimovaya yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2014.- 28 noyabr.- S.6.