Parlament 2015-ci ilin dövlət büdcəsini təsdiq etdi

 

Noyabrın 28-də Milli Məclisin növbəti plenar iclası keçirilmişdir. İclasın gündəliyinə 15 məsələ daxil edilmişdi. Sənədlər arasında “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanunun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər də vardı.

Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, deputatlar iclasda öncə Avropa Parlamentinin sədri Martin Şultsun Azərbaycanla bağlı söylədiyi fikirlərə münasibət bildirmək istədiklərini xahiş ediblər. Lakin Oqtay Əsədov müzakirələri qanun layihələrinin qəbulundan sonraya saxlayaraq bildirdi ki, Avropa Parlamentinin rəhbəri Martin Şultsun Azərbaycanda insan haqları ilə bağlı tənqidi fikirlərinin heç bir əsası yoxdur: “Martin Şults Azərbaycanı tənqid etməzdən öncə Avropa İttifaqının tərkibindəki dövlətlərə, orada olan antisemitizmə, diskriminasiyaya, miqrantlara münasibətə, polislərin qəddarlığına baxsınlar. Onların başqa işləri gücləri yoxdur? Avropada bir neçə müsəlman ölkəsi var. Bütün diqqətlərini cəmləyərək onları şərləməklə məşğuldurlar. Bunlar artıq açıq yalan danışmağa başlayıblar. Cənab Şults deyir ki, Azərbaycan dövlətinə müraciət edib ki, guya Leyla Yunusun məsələsi ilə əlaqədar Azərbaycana Parlament qrupu getsin. Amma tam yalandır. Nə Milli Məclisə, nə Azərbaycan hökumətinə heç bir müraciət olunmayıb. Hətta bizdə olan məlumata görə, onlar heç qrup da tərtib edə bilməyiblər. Mötəbər tədbirdə belə bir yalan demək heç bir siyasi xadimə hörmət gətirmir. Avropa Parlamentindən Azərbaycan hansı münasibəti görürsə, həmin münasibəti də göstərəcək”.

Sonra iclasda gündəlik təsdiq olundu və maliyyə naziri Samir Şərifov hökumətin büdcəyə etdiyi son düzəlişləri diqqətə çatdırdı. Nazir bildirdi ki, deputatların səsləndirdiyi bəzi təklif və tövsiyələr nəzərə alınıb. 2015-ci ilin dövlət büdcəsində nəzərdə tutulan ümumi xərclər çərçivəsində bəzi zəruri məsələlərin müsbət həlli üzrə əməli addımlar atılmaqla maliyyə təminatının yaradılması üçün təkliflər hazırlanmışdır. Müzakirələrdə bəzi deputatların elm xərclərinin artırılması təkliflərini nəzərə alaraq bu xərclərin, həm də gəlirlərin mütənasib şəkildə 8 milyon manat məbləğində artırılması məqbul hesab olunub.

Artım baş verdikdən sonra elm xərcləri 150, 5 milyon manat təşkil edəcək ki, bu da 2014-cü illə müqayisədə 2,5 faiz çox deməkdir. Digər təklif siyasi partiyalara dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin artırılması ilə bağlı olub. Bu təklif də nəzərdən keçirilərək “Siyasi partiyalar haqqında” qanunun 17-ci maddəsinə uyğun olaraq 2014-cü il dövlət büdcəsində siyasi partiyalara ayrılan vəsaitin 10 faizi, yəni 250 min manatı bölüşdürülməmiş qalıb. Həmin vəsaitin bu il istifadə edilməsi mümkündür. 250 min manat tam məbləğdə partiyalar arasında bölünəcək.

Samir Şərifov daha sonra qeyd etdi ki, müzakirələrdə qaldırılan digər məsələ QHT-lərə dövlət tərəfindən maliyyə dəstəyinin artırılması idi. Məsələ nəzərə alınmış və QHT-lərin xərclərinin 2015-ci ildə əlavə olaraq 600 min manat artırılması məqbul sayılıb. Bu da hökumət tərəfindən QHT-lərə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Büdcənin müzakirəsi zamanı bələdiyyələrə nəzərdə tutulan dotasiyaların artırılması ilə bağlı təkliflər səslənib. Bununla bağlı hökumət tərəfindən təhlillər aparılıb. Bəlli olub ki, bələdiyyələrin gəlirlərinin icrası qənaətbəxş deyil. Gəlirlərin icrası 89 faiz olub. Ona görə də bələdiyyələrə dövlət büdcəsindən vəsaitlərin ayrılması deyil, gəlirlərin artırılması üçün digər şəraitlərin yaradılması nəzərdə tutulur. Bələdiyyələrin gəlirləri əsasən əmlakların özəlləşdirilməsi və icarəyə verilməsi ilə mümkün olur: “Ona görə də hökumət hesab edir ki, bələdiyyələrə daha yaxşı imkanlar yaradılmalıdır ki, onların gəlirləri artsın. Vergi Məcəlləsindəki dəyişiklik imkan verəcək ki, bələdiyyələrin maddi təminatı xeyli güclənsin. Bu yeni dəyişiklik nəticəsində fiziki şəxslərin əmlak vergisindən təxminən 40 milyon manat əlavə vəsait daxil olacaq”.

Samir Şərifov Milli Məclis üzvlərinin də təkliflərinin nəzərə alındığını diqqətə çatdırdı. Bildirdi ki, Milli Məclisin büdcəsinə əlavə 450 min manat vəsait ayrılacaq. Bununla da 2015-ci il üçün Parlamentin büdcəsi 23 milyon 807 min manat olacaq.

“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” qanununun layihəsi barədə məlumat verən Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev isə bildirdi ki, müzakirələr zamanı təklif olunan bir sıra məsələlər nəzərdən keçirilib. Onun sözlərinə görə, müzakirələrdə deputatlar daha çox sanatoriya-kurort müalicəsi yollayışlarının xərc artımı ilə bağlı təkliflər səsləndiriblər. Bu məbləğ ilkin olaraq 19 milyon manat proqnozlaşdırılmışdı. Fondun daxili ehtiyatları bir daha müzakirə edildikdən sonra əlavə olaraq sanatoriya-kurort və istirahət üçün yollanışların daha 100 min manat artımı baş verib. Bu məbləğ 122,8 min manatdan növbəti il üçün 222 min manata çatdırılıb. Artım əsasən fondun saxlanma xərcləri və ödəniş üzrə xidmət xərclərinin azaldılması hesabına reallaşdırılıb.

Çıxışlardan sonra “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” və büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında” və “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında” qanunun layihələri səsə qoyularaq qəbul edildi.

Deputatlar Mehriban Əlişanovanın Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqında qərara da müsbət münasibət bildirdilər.

“Azərbaycan Respublikası hökuməti və Fransa Respublikası hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair” sazişin təsdiq edilməsi haqqında qanun layihəsi barədə Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verdi. Komitə sədri dedi ki, saziş bu il may ayının 6-da Bakıda imzalanıb. Azərbaycanın bir çox böyük dövlətlərlə də belə sazişlər imzaladığını vurğulayan Ziyafət Əsgərov bu sənədlərin dövlətimizin maraqlarına cavab verdiyini söylədi. Sənəd səsə qoyularaq qəbul edildi.

İclasda “İcbari sığortalar haqqında” qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi də təsdiqləndi. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında məlumat verən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, dəyişikliyə əsasən, baytarlıq sahəsi bundan sonra özəlləşməyə çıxarılacaq. Bununla da dövlət üzərində olan yük bir qədər azalacaq. Müzakirələrdə çıxış edən deputatlar Zahid Oruc, Qüdrət Həsənquliyev və Çingiz Qənizadə dəyişikliyi müsbət qiymətləndirdilər və qeyd etdilər ki, digər sahələr də özəlləşdirməyə çıxarılarsa dövlətin imkanları daha da genişlənə bilər. Sənəd səsə qoyularaq qəbul edildi.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə də texniki dəyişiklik edildi.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, dəyişiklik əsasən qeydiyyat prosedurunun sadələşdirilməsi ilə bağlıdır. Bundan sonra qeydiyyat zamanı bir neçə təsis sənədinin əvəzinə tək nizamnamənin elektron formatda təqdimatı yetərli sayılacaq. Sənəd səsə qoyularaq qəbul edildi.

İclasda həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri də təsdiqləndi.

Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov məlumat verdi. Bildirdi ki, Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Nəhəcir və Göynük kənd inzibati ərazi dairələrinin və onların mərkəzi olan Nəhəcir və Göynük kəndlərinin Azərbaycan Respublikası ərazi vahidlərinin Dövlət reyestrinin Culfa rayonu siyahısından çıxarılaraq Babək rayonu siyahısına daxil edilməsi təklif olunur. Müzakirələrdə çıxış edən deputatlar İsmayıl Hacıyev və İsa Həbibbəyli sənədlə bağlı müsbət fikirlərini bildirdilər və layihə səsə qoyularaq qəbul edildi. Bununla da gündəlikdəki məsələlərin müzakirəsi başa çatdı.

Sonra Milli Məclisin Sədri deputatların iclasın əvvəlində etdiyi xahişi yerinə yetirdi. Deputat Zahid Oruc dedi ki, Avropa Parlamentində Azərbaycana qarşı xüsusi bir lobbi qrupu formalaşır. Avropa Birliyi, Avropa Parlamenti Azərbaycana qarşı qeyri-obyektiv münasibət sərgiləyirlər. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə dedi ki, bu gün Avropanın müxtəlif qurumları nəzərlərini Azərbaycana yönəldir. Bu isə Azərbaycanın inkişafını gözü götürməməkdən başqa bir şey deyil. Bunun nəticəsi olaraq dəfələrlə Azərbaycana qarşı ədalətsiz, demokratiyaya və insan haqlarına zidd şəkildə müxtəlif qərarlar qəbul edirlər: “Bu qərara səs verən elə adamlar var ki, onlardan soruşsan ki, kimi müdafiə edirsiniz, bilməyəcəklər. Onlar müdafiə etdikləri adamların ad və soyadlarını belə düzgün ifadə edə bilməyəcəklər. Azərbaycan belələrinin təhriki ilə heç bir məsələyə münasibət bildirməməlidir. Biz onlara qarşı addım atdıqca, onlar bəyanatlarını daha da sərtləşdirir, üzərimizə gəlirlər. Heç bir dövlətin digər bir dövlətin daxili işlərinə qarışmağa haqqı yoxdur”.

Deputat Tahir Rzayev dedi ki, bu təxribat müsəlman dünyasına qarşı yönəlmiş planın tərkib hissəsidir. Deputat Qüdrət Həsənquliyev isə vurğuladı ki, Avropa Parlamenti Azərbaycanın dünyada artan nüfuzuna kölgə salmağa çalışır. Onun fikrincə, bu gün Avropada güclü islamafobiya var və mütəmadi olaraq kampaniya aparılır.

“Hazırda millət vəkillərimiz beynəlxalq təşkilatlara haqlı suallar ünvanlayırlar. Bu sualları verməkdənsə, ölkə içindəki məsələlərlə məşğul olmalıyıq. Çünki onsuz da onlar bu suallara cavab verə bilməyəcəklər”. Bu fikirləri isə Milli Məclisin vitse-spikeri Bahar Muradova söylədi. Dedi ki, dövlət, ordu və xalq bir olmalıdır ki, belə təzyiqlərin qarşısında dayana bilək: “Təzyiqlərin səbəbləri isə bəllidir. Onlar çox dərinə gedir və bu təzyiqlərin gələcəyə, perspektivə uzanan yolları da var. Bu hədəflərin yolunda Azərbaycan kimi müstəqil siyasi iradəsi, mövqeyi olan ölkələrin olması məhdudiyyətlər yaradır. Onlar çalışırlar ki, bu məhdudiyyətlər nəyin bahasına olursa olsun, aradan qaldırılmalıdır. Bizim vəzifəmiz isə düz yolumuza davam etməkdir.

Avropa Parlamentinin rəhbəri Martin Şultsun və digərlərinin açıqlamalarında diqqət çəkən məqam odur ki, onlar Azərbaycandakı tərəfdaşlarından 1 nəfər də azadlıqda qalmadığını təəssüflə bildirirlər: “Onlara demək istəyirəm ki, sizin Azərbaycanda tərəfdaşlarınız yalnız Leyla Yunus və ya onun kimi digər məqsədlərə xidmət edənlərdir? Yoxsa, bütövlükdə Azərbaycan? Biz tərəfdaş kimi Martin Şultsu yox, Avropa İttifaqını görürük. Biz öz tərəfdaşlığımıza sadiqik. Tövsiyəm odur ki, onlar tərəfdaşlıq anlayışlarına nəzər yetirsinlər. Həqiqətən Azərbaycanı tərəfdaş qismində görürlərsə, ona uyğun hərəkət etsinlər. Əgər həbsdə olan 3-5 nəfərlə onların tərəfdaşlığı bitirsə, biz də öz işimizi bilməliyik. Həm onlara, həm də onların “tərəfdaş”larına mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq”.

Vitse-spiker hesab edir ki, Azərbaycan parlamenti bu mövqeyində ardıcıl olmalıdır. Avropa İttifaqı və onun müvafiq qurumları ilə əlaqələrə də dövlətin, millətin maraqları baxımından yanaşılmalıdır: “Müstəqil siyasi iradə sahibi olan bir ölkə kimi sona qədər öz mövqeyimizi açıq şəkildə ifadə etməliyik. Bizdəki bəzi şəxslərin həbsi ilə bağlı manipulyasiyalara cavab olaraq isə deyirəm ki, hüquq mühafizə orqanları və aidiyyəti qurumlar qanunun aliliyi prinsipini əldə rəhbər tutaraq öz mövqelərini bildirməlidirlər. Həqiqətən də ağır bir dövrdə yaşayırıq. Hesab edirəm ki, gözü çıxan qardaşlarımızın vəziyyəti bizə dərs olmalıdır. Ona görə də heç bir halda sayıqlığımızı itirə bilmərik”.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli də bildirdi ki, Avropa Parlamentinin prezidenti Martin Şultsun Azərbaycanla bağlı mövqeyində təhqir elementləri var idi: “Onun bəyanatında Azərbaycan hökuməti deyil, “azəri hökuməti” adlı ifadə öz əksini tapıb. Bu, onun Azərbaycana olan münasibətinin göstəricisidir”.

Əli Hüseynli hesab edir ki, beynəlxalq təşkilatların islah olunması yolu onlarla əməkdaşlıqdan keçir. Ona görə də əməkdaşlığı davam etdirmək lazımdır.

Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, Milli Məclis bununla bağlı heç bir bəyanat hazırlamayacaq: “Tam səmimi deyirəm. Bu gün mötəbər saydığımız beynəlxalq təşkilatlar arasında mötəbəri yoxdur. Mötəbər təşkilatların heç birində müstəqillik yoxdur. Biz bunu başa düşür, görürük. Hesab edirəm ki, biz dövlətlərarası əlaqələri gücləndirməliyik. Mötəbər təşkilatlara bel bağlamaq olmaz. Onların mötəbərliyi bir xəttə qədərdir. Mötəbər təşkilatlara bel bağlayan belsiz qalar. Onlar sadəcə, kiçik məsələlərlə Azərbaycana təzyiq göstərməyə çalışırlar. Bu gün Avronest, Avropa Parlamentinin adı var, ozü yoxdur. Biz bu təşkilatlarla niyə işləməliyik? Necə münasibət göstərirlərsə, elə də münasibət göstərməliyik”.

Çıxışlardan sonra Milli Məclisin plenar iclası başa çatdı.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 29 noyabr.-  S.1-2.