Fövqəladə hallar naziri Mingəçevirdə vətəndaşları

 qəbul edərək onların müraciətlərinə baxıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə kömək göstərirlər.

AzərTAc xəbər verir ki, növbəti belə qəbul noyabrın 28-də Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Mingəçevir və Naftalan şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinlərini, habelə həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünləri qəbul edərək onların müraciətlərinə baxıb.

Nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbul zamanı müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə öz həllini tapıb.

Nazir Kəmaləddin Heydərov vətəndaşların bütün müraciətlərinin obyektiv araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun və dərhal həll olunması barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Qəbulda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılmaqla yanaşı, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Azərbaycan.-2014.- 29 noyabr.- S.4.