Kənd təsərrüfatı naziri Lənkəranda cənub

 bölgəsindən olan vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyələrinə və tapşırıqlarına müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu davam edir.

AzərTAc xəbər verir ki, noyabrın 28-də kənd təsərrüfatı naziri Heydər Əsədov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbul zamanı 30-a yaxın vətəndaşın müraciətinə baxılıb.

Vətəndaşların müraciətləri əsasən yeni texnikaların və toxum növlərinin bölgəyə gətirilməsi, çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafı ilə bağlı uzunmüddətli kreditlərin verilməsi, payı bəlli torpaqlarla bağlı mübahisələrin həllinə kömək göstərilməsi, kənd təsərrüfatı məhsullarının satışında mövcud olan problemlərin aradan qaldırılması, regionda arıçılığın inkişafına dəstək, bəzi təsərrüfatlarda yol problemlərinin həlli, kənd təsərrüfatında sığortanın tətbiqi və digər məsələlərlə əlaqədar olub.

Heydər Əsədov vətəndaşları diqqətlə dinləyərək müraciətlərin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli məqsədilə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Müraciətlərin bir çoxu yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırmaq məqsədilə qeydiyyata alınıb və nəzarətə götürülüb.

Qəbula gələn vətəndaşlar, o cümlədən fermerlər və fiziki şəxslər regionlarda vətəndaşların qəbulunun təşkilinə, onların problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Azərbaycan.-2014.- 29 noyabr.- S.4.