Azərbaycan Xalça
Muzeyi Koreya
Respublikasının
Baş nazirində zəngin
təəssürat yaradıb
Koreya
Respublikasının Baş naziri Çanq Honqvonun rəhbərlik
etdiyi nümayəndə heyəti noyabrın 28-də Azərbaycan
Xalça Muzeyində olub.
Baş
nazir Çanq Honqvona məlumat verilib ki, muzeyin ekspozisiyası
xalça sənətində əsas bədii istiqamətləri
dəqiq əks etdirməklə xalçaların özünəməxsus
xüsusiyyətlərini, həmçinin materiallarını,
işləmə texnikalarını, incə və dərin bədii
xüsusiyyətləri ilə ahəngdarlığını
aydın şəkildə göstərir.
Diqqətə
çatdırılıb ki, muzeyin “qızıl fondu”nu xovlu
xalçalar təşkil edir. Onlar bütün
kompozisiyaları ilə Azərbaycanın 7 əsas məktəbini
- Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz
xalça məktəblərini təmsil edir. Bu xalçalar
insanların, heyvanların, quşların
üslublaşdırılmış təsviri, bitkilərin
ornamentləri, xalqın həyatını təsvir edən
süjetli motivlərlə bəzədilib.
Qeyd
olunub ki, muzeyin kolleksiyası müxtəlif növ xovsuz
xalçaların nadir nümunələrini də əks etdirir.
Bildirilib
ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti
sayəsində 2010-cu ildə milli xalçaçılıq
sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni
İrsin Reprezentativ Siyahısına salınıb. Noyabrın
16-sı isə ölkəmizdə Azərbaycan
xalçası günüdür.
Muzeydə
quraşdırılmış xüsusi monitor Azərbaycan
xalçalarının dünya kolleksiyalarında, Avropa rəssamlarının
əsərlərində əks olunduğunu göstərir.
Burada, həmçinin Böyük Britaniyanın Viktoriya və
Albert Muzeyində saxlanılan məşhur “Şeyx Səfi”
xalçasının surəti də var. Ekspozisiyada sərgilənən
və saxlanclarda yerləşən xalçalar arasında
XVII, XVIII, XIX və XX əsrlərdə toxunmuş məşhur
kompozisiyalara da rast gəlmək mümkündür.
Muzeyin
sərgi konsepsiyası adi sərgilərdən fərqlənir.
Əsas eksponatlar - xalçalar qövsşəkilli divarlardan
asılır. Bunların da əksi bütün yuxarı mərtəbələrin
əksər yerlərindən görünür. Bunun sayəsində
sərginin böyük hissəsini müxtəlif rakurslardan
görmək olur. Muzeyin terrasında - açıq səma
altında sərgilərin təşkili mümkündür.
Azərbaycan
Xalça Muzeyi Koreya Respublikasının Baş nazirində zəngin
təəssürat yaradıb.
Azərbaycan.-2014.- 29 noyabr.- S.3.