“Yonhap
Imazine” jurnalı: Azərbaycan – Prometeyin
seçdiyi zəngin torpaq
Koreya Respublikası
Yonhap Xəbər Agentliyinin “Imazine” jurnalının dekabr nömrəsində “Azərbaycan
– Prometeyin seçdiyi
zəngin torpaq” sərlövhəli məqalə
dərc edilib.
Məqalənin müəllifi Yonhap xəbər agentliyinin əməkdaşı Lim Donq
Kun Azərbaycan barədə
yazı hazırlamaq üçün ölkəmizə
bu ilin oktyabrında
AzərTAc-ın təşkilatçılığı
ilə gəlib. Bu səfər iki agentlik arasında imzalanmış əməkdaşlıq
müqaviləsi çərçivəsində
reallaşıb.
AzərTAc Lim Donq Kuna materialı hazırlamaqda hərtərəfli
dəstək verib, onun Azərbaycanın tarixi məkanlarına, regionlarına səfərini
təşkil edib.
Məqalədə ölkəmizin tarixi, paytaxt Bakı şəhəri ilə yanaşı, rayonların
sürətli iqtisadi inkişafı, gözəl
təbiəti, qədim
abidələri barədə
ətraflı məlumat
verilir.
Müəllif bildirir ki, küləklər
şəhəri olan Bakı qədimliklə müasirliyin birləşdiyi
bir məkandır. Paytaxt Bakı
şəhərində orta
əsrlərə aid arxitekturanın
qorunub saxlanmasına baxmayaraq, buraya səyahət edərkən
müasir göydələnlər
də baş gicəlləndirir.
“Azərbaycan koreyalılar
üçün naməlum
ölkədir. Mən də Azərbaycana
ilk dəfə idi ki, səyahət edirdim. Azərbaycan Xəzər dənizi
sahilində yerləşən
əsrarəngiz ölkədir.
Paytaxt şəhərə ilk dəfə
ayaq basarkən çox təəccübləndim.
Orta əsrlərə aid gözəl
qalaları, küçələri
ilə tanınan Bakı, həmçinin çoxlu sayda hündür müasir binaları olan əsl Avropa şəhəridir. İnsanlar
azad, gülərüz,
mehribandırlar və
Şərq aləmində
məhz bu ölkədə ilk dəfə
olaraq qadınlara seçib-seçilmək hüququ
verilib”, - deyə müəllif qeyd edir.
İçərişəhərdən söhbət
açan müəllif
bildirir ki, paytaxtın şərqində
yerləşən bu ərazidə qədim Şirvanşahlar sarayına,
Qız Qalasına, digər qədim tikililərə, o cümlədən
Karvansaraya, məscidlərə,
qüllələrə, hamamlara
rast gəlmək olar. İçərişəhərin daş döşənmiş
küçələri ilə
gəzərkən sanki
orta əsrlərə
səyahət edirsən.
Müəllif yazır ki, qala divarlarının bir tərəfində qədim İçərişəhər,
digər tərəfində
müasir Fəvvarələr
Meydanı yerləşir. Bu meydan sanki Paris, Frankfurt və ya Berlin küçələri kimi
çox müasir və insanların gur olduğu yerdir. Fəvvarələr Meydanına və
ətraf küçələrə
hamar mərmərlər
döşənib. Burada müasir
fəvvarələr, yaşıllıqlar,
brend mağazalar və restoranlar var.
Fəvvarələr Meydanına açılan Nizami küçəsini paytaxt
Seulun Myonqdonq ərazisinə bənzədən
müəllif qeyd edir ki, bu
küçədə Avropanı
xatırladan gözəl
binalar, müasir geyim, idman və
elektron mallar satılan mağazalar, restoranlar, barlar, çay evləri yerləşir.
Paytaxtdakı dənizkənarı bulvarın
insanların asudə vaxtlarını keçirmələri
üçün gözəl
məkan olduğunu bildirən müəllif buradakı Bayraq Meydanının əzəmətini
xüsusi vurğulayır. Qeyd edilir
ki, burada təmiz dəniz havası almağa çıxan çoxlu insanları, o cümlədən
turistləri görmək
olar.
Bakı gecələrinin füsunkarlığına
heyran olan müəllif günün
bu vaxtında paytaxtın sanki yenidən doğulduğunu
bildirir. Gecələr buradakı binalar
bərq vuran işıqları ilə göz oxşayır.
Bakıda
olarkən Qobustana səyahət etmiş müəllif buradakı qayaların üzərində
olan təsvirlərin Azərbaycanın qədim
tarixindən xəbər
verdiyini xüsusi vurğulayır: Bakıdan
64 kilometr aralıda yerləşən bu ərazi sanki nəhəng qayalıq yerdir. Bu qayaların
üzərində 6 mindən
çox təsvir var ki, bu
da ən qədim insanların buradakı mağaralarda yaşadığını göstərir.
Bu ərazi 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.
Azərbaycana səfəri çərçivəsində İsmayıllı və Şəki rayonlarında da olan koreyalı müxbir jurnalın oxucularına ölkəmizin bu əraziləri barədə də geniş məlumat verir. Bildirir ki, Böyük Qafqaz sıra dağlarının cənub yamacında yerləşən Lahıc qəsəbəsi Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaradırdı. Lahıcda 2 mindən çox əhali yaşayır. Onların əsas məşğuliyyəti misgərlik və xalçaçılıqdır. Qəsəbədə gəzərkən yol boyu dəmirçi emalatxanalarına rast gəlmək olur.
Azərbaycanın gözəl guşələrindən biri olan Şəkidən söhbət açan müəllif yazır ki, 90 min əhalisi olan bu rayon qədim zamanlarda İpək Yolu ilə səyahət edən tacirlər üçün istirahət məkanı olub. Müəllif Xan Sarayından, onun pəncərələrini bəzəyən şəbəkələrdən bəhs edərək bildirir ki, onların hazırlanması üçün 1000 ədəd şüşə parçasından istifadə edilib.
Şəkidəki Aşağı və Yuxarı karvansaraylardan bəhs edən koreyalı müxbir bildirir ki, XVIII-XIX əsrlərdə tacirlər burada gecələyirdilər. Aşağı Karvansaraydan beş dəqiqəlik məsafədə yerləşən Yuxarı Karvansarayın həyətində hazırda fəvvarə quraşdırılıb və burada 300 qonağı qəbul edə biləcək otaqlar var.
Müəllif
məqalədə, həmçinin Şəkidəki Alban məbədinin
tarixi barədə məlumat verərək qeyd edir ki, məbədin
ətrafında tunc dövrünə aid, üzəri
şüşə ilə örtülmüş bir neçə
qəbir var.
Azərbaycan.-2014.- 29 noyabr.- S.7.