Daxili işlər naziri
Sumqayıt şəhərində vətəndaşları qəbul
edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 29-da Sumqayıt şəhərində növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, şəhər polis idarəsində Sumqayıt, Abşeron, Qobustan sakinlərini, eyni zamanda, Qubadlı və Zəngilan rayonlarından olan bir qrup məcburi köçkünü qəbul edən nazir müraciətləri dinləyib, onları narahat edən problemlərin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.
Bununla yanaşı, kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elana uyğun olaraq, həmin rayonlar üzrə polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 133 nəfər də qəbulda iştirak edib.
Daxili işlər naziri onların arasından xidmətə
yararlı olan gənclərin, o cümlədən 2 qızın sənədlərinin
hazırlanması üçün Baş Kadrlar İdarəsinin
rəhbərliyinə tapşırıq verib.
Azərbaycan.- 2014.- 30 noyabr.- S.2.